X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Gənclər ədliyyə orqanlarına qəbul olunurlar

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil kadrların ədliyyə orqanlarına şəffaf müsabiqə yolu ilə qulluğa qəbulu, layiqli vətəndaş və dövlət qulluqçusu kimi formalaşdırılması, onların bilik, bacarıq və potensialından səmərəli istifadə olunması istiqamətində məqsədyönlü işlər görülür.

Son dövrlər davamlı xarakter alan açıq müsabiqələrdə iştirakla bağlı müraciət edən namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil olunur, tam şəffaflığın təmin edilməsi üçün bütün tədbirlər görülür, o cümlədən test imtahanları internetdə "on-line" rejimində birbaşa yayımlanır, vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən müsabiqənin izlənilməsi təmin edilir. Namizədlər peşə fəaliyyətinə buraxılış məqsədilə icbari təlimə cəlb olunub, bu zaman nəzəri mühazirələrlə yanaşı təcrübi məşğələlər və mədəni tədbirlər keçirilib, bunun üçün kursun müddəti artırılıb.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı hazıradək keçirilmiş açıq müsabiqə və müsahibələrdə 5000-dən çox namizəd iştirak edib, uğur qazanmış 1700-ə yaxın gənc təyinatlar alıblar. Onlar regional ədliyyə şöbələri, qeydiyyat və icra qurumlarında, həmçinin penitensiar və tibb xidmətlərində, Məhkəmə ekspertizası mərkəzində və digər ədliyyə sahələrində uğurla fəaliyyət göstərirlər.

Son sınaqda müvəffəqiyyət əldə etmiş 64 nəfər namizəd isə Ədliyyə Akademiyasında icbari təlim keçir və gələn ay onların təyinatı ilə bağlı qərar qəbul olunacaqdır.

Eyni zamanda, ədliyyə orqanlarında gənc kadrlara olan ehtiyacı və vakant ştat vahidləri nəzərə alınaraq bu ilin sentyabr ayında yeni açıq müsabiqə elan edilib və noyabr ayının 19-da test imtahanı keçirilib. İmtahanda iştirak etmiş 382 nəfərdən 168 namizəd müvəffəqiyyət qazanıb (siyahı Nazirliyin internet səhifəsində www.justice.gov.az yerləşdirilib). Müsabiqədə iştirak edən və bütün regionları təmsil edən namizədlərin tam əksəriyyəti gənclərdir, 40%-dən çoxunu isə qadınlar təşkil edir.

Həmçinin, böyük bir qrup hüquqşünas və həkimlərlə, habelə xaricdə xüsusi təhsil almış müdavimlərlə Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.

Tədbirdə nazir Fikrət Məmmədov çıxış edərək ulu öndərin müasir hüquq sisteminin formalaşmasında misilsiz xidmətlərindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarından, dövlətimizin iqtisadi qüdrətinin daha da artırılmasından, Azərbaycan ədliyyəsinin inkişafından ətraflı danışıb, onlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib.

Çıxış edən gənclər ölkə rəhbərliyi tərəfindən hər bir şəxsin dövlət idarəçiliyində iştirak etmək üçün əlverişli şəraitin yaradıldığını dərin minnətdarlıq hissi ilə vurğulayıb, peşə bayramı ərəfəsində qulluğa qəbul olunmalarından böyük qürur hissi keçirdiklərini, gələcək fəaliyyətlərində vəzifələrini vicdanla və layiqincə icra etmək üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini qeyd edərək ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və onu daim uca tutacaqlarına söz veriblər. 

Keçidlər