X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan nümayəndəsi CEPEJ-in rəhbər orqanına üzv seçilib

Ölkəmiz Avropa Şurası və onun struktur qurumları, o cümlədən 50-dən çox dövlətin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə köməklik edən və ədliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə sıx əməkdaşlıq edir, Azərbaycanda respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə genişmiqyaslı tədbirlər, o cümlədən hakimlərin ən şəffaf seçimi CEPEJ tərəfindən örnək kimi dəyərləndirilərək digər Avropa dövlətlərinə tövsiyə olunur.

Bu sahədə ölkəmizin nailiyyətləri və Avropa Şurası ilə uzun müddətli səmərəli əməkdaşlığımız nəzərə alınaraq cari ilin iyul ayında CEPEJ-in Plenar iclası ilk dəfə olaraq Strasburqdan kənarda, Bakıda təşkil olunub.

CEPEJ-in növbəti Plenar iclası bu günlərdə Strasburqda keçirilib. Tədbirdə Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi, Kollegiyanın üzvü E.Qasımov və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Azərbaycanın CEPEJ-də nümayəndəsi, Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsi üzrə Komitənin eksperti R.Qurbanov iştirak edib.

İclasda Avropa Şurası üzv dövlətlərində aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlar dinlənilib, CEPEJ-in komitələrinin hesabatları, layihələri müzakirə olunaraq qəbul edilib və s. məsələlərə baxılıb.

Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə geniş məlumat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, məhkəmə infrastrukturunun müasirləşdirilməsinə və əlçatanlıq imkanlarının asanlaşdırılmasına, o cümlədən müasir İKT-lərin tətbiqinə dair ölkəmizin təcrübəsindən irəli gələn təkliflər müzakirə olunaraq Komissiyanın sənədlərində əks olunub.

İclas zamanı bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Xorvatiya və Maltanın nümayəndələri məhkəmə infrastrukturunun müasirləşdirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi və hakimlərin seçimi sahəsində müsbət təcrübənin öyrənilməsi üçün Azərbaycanla əməkdaşlığa dair niyyətlərini bildiriblər.

Plenar iclasda həmçinin, CEPEJ-in 4 nəfərdən ibarət olan ali idarəetmə orqanı - Büroya yeni prezidentin, vitse-prezidentin və iki üzvün seçkisi keçirilib.

Komissiyanın vitse-prezidenti Avstriya təmsilçisi Georq Stava yekdilliklə qurumun yeni prezidenti seçilib. Büro üzvlüyünə bir sıra Avropa ölkələri ilə yanaşı, respublikamızın nümayəndəsinin namizədliyi irəli sürülüb. Ölkəmizin Komissiyanın işinə verdiyi dəyərli töhfələr və məhkəmə islahatları sahəsində mütərəqqi nailiyyətlərimiz nəzərə alınaraq, gərgin rəqabət şəraitində keçən seçkilər nəticəsində nümayəndəmiz - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi R.Qurbanov Büro üzvü seçilib.

Azərbaycan Respublikasının CEPEJ-in ali idarəetmə orqanında təmsil olunması dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun daha bir əyani təzahürüdür.

 

Keçidlər