X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Akademiyası Avropa Şurası ilə insan hüquqları sahəsində birgə layihə həyata keçirir

Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təşviqinə dair aparılan məqsədyönlü islahatlar çərçivəsində Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə insan hüquqları ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılmasına dair birgə iki illik layihə həyata keçirilir.

Avropa Şurasının bir sıra üzv dövlətlərində keçirilən bu regional layihə çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunan əsassız və qəbuledilməyən ərizələrin sayının azaldılması, yaxşı əsaslandırılmış ərizələrin hazırlanması istiqamətində təlimlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd olunmalıdır ki, son illər üzv-dövlətlərdən Avropa Məhkəməsinə edilən şikayətlərin sayı həddindən çox olduğundan Avropa Şurası tərəfindən bu problemin həlli yolları araşdırılır, fəaliyyətin təkmilləşdirilməsinə dair konfranslar keçirilir. Belə ki, hazırda Məhkəmənin icraatında olan 100 min şikayətə baxmaq üçün 20 il vaxt lazımdır. Hər il isə müxtəlif Avropa dövlətlərindən 60 mindən çox yeni ərizə göndərilir. Bütün şikayətlərin 55 faizdən çoxu yalnız 4 ölkədən: Rusiya, İtaliya, Ukrayna və Serbiyadan daxil olur. Azərbaycandan isə ərizələrin sayı ümumi Avropa göstəricisindən 2,3 dəfə azdır.

Şikayətlərin təxminən 90%-i Konvensiyaya uyğun olmadığından icraata qəbul edilmir və məhkəmənin iş yükünün əsassız artımı ilə nəticələnir. Bu problemin aradan qaldırılması üçün üzv-dövlətlər tərəfindən müxtəlif, o cümlədən maarifləndirici tədbirlər görülməlidir ki, bu kimi şikayətlərin sayı azalsın və Avropa Məhkəməsinə müraciətlərin keyfiyyəti artırılsın.

Bununla əlaqədar ölkəmiz tərəfindən bir sıra mühüm tədbirlər görülüb, o cümlədən Avropa Məhkəməsinə şikayətlərin qəbul edilmə kriteriyalarına dair Praktiki Bələdçi Azərbaycan dilinə tərcümə olunaraq Avropa Şurasının və Ədliyyə Nazirliyinin internet saytında yerləşdirilib.

Qeyd olunan layihə çərçivəsində Ədliyyə Akademiyası tərəfindən Bakı, Mingəçevir, Gəncə, Lənkəran, Qubada 124 nəfər vəkil və hüquq müdafiəçilərinin iştirakı ilə şikayətlərin qəbul edilmə kriteriyalarına, ərizələrin dəqiq və əsaslandırılmış şəkildə hazırlanmasına dair biliklərinin artırılması üzrə təlimlər keçirilib. Həmçinin, 12 təlimçi hazırlanaraq Ədliyyə Akademiyasında bu mövzular üzrə təşkil olunan təlimlərə cəlb edilib.

Bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi insan hüquqları mədəniyyətinin yüksəldilməsinə, vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına, onlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasına və Avropa Məhkəməsinə əlçatanlığın genişləndirilməsinə xidmət edir.

Keçidlər