X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində qulluğa qəbul olunan gənclərlə görüş keçirilib

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq və şəffaf müsabiqələrin keçirilməsi davam etdirilərək, kadr korpusunun yeni nəsil gənclərlə möhkəmləndirilməsi üzrə zəruri tədbirlər görülür.

Bu müsabiqələrdə iştirakla bağlı müraciət edən namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir, şəffaflığın tam təmin olunması üçün lazımi şərait yaradılaraq test imtahanları internetdə "on-line" rejimində canlı yayımlanır, imtahanlar vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müşahidə olunur.

Uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılış məqsədilə icbari təlimə cəlb edilir və sonuncu müsabiqə üzrə təlimin müddəti artırılaraq tədrisin daha əhatəli təşkil edilməsinə nail olunub, o cümlədən namizədlər mədəni tədbirlərə cəlb ediliblər.  

Növbəti müsabiqənin bütün mərhələlərindən uğur qazanaraq qulluğa qəbul edilmiş 50-yə yaxın hüquqşünasla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.

Onlar əvvəlcə Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb, dahi öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirlikdə keçirilmiş tədbirdə nazir Fikrət Məmmədov çıxış edərək Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi üzrə görülən işlərdən ətraflı danışıb,  qulluğa qəbul olunan hər bir şəxsdən dövlətçiliyə sədaqətlə xidmət etməsi, məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğunu diqqətə çatdırıb, stajorlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib.

Çıxış edən gənc ədliyyə işçiləri müstəqil Azərbaycanımızın daha da tərəqqisi naminə əzmlə çalışacaqlarını, Ümummilli liderimizin dövlət gənclər siyasətini uğurla davam etdirən ölkə başçısına layiqli yardımçı olacaqlarını vurğulayaraq, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər və onlara xidməti vəsiqələr təqdim edilib.

 

Keçidlər