X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumatı

Son zamanlar kütləvi informasiya vasitələrində Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılmışdır. Bəzi Avropa qurumları bununla bağlı öz narahatlıqlarını ifadə etmişlər.

İlk növbədə qeyd edirik ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dəfələrlə Leyla Yunusovanın tibbi müayinəsini həyata keçirmək istəmiş, lakin o, müxtəlif bəhanələrlə bu tibbi müayinələrdən imtina etmişdir.

Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış Charite xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq vermiş və bunun üçün bütün şərait yaradılmışdır.

2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Dr. Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professor Murad Məmmədov, professor Gəray Gəraybəyli, professor Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi - qanın laborator analizi, qarın boşluğu, kiçik çanaq orqanlarının və qalxanvarı vəzinin müayinəsi, yuxu arteriyalarının, vertebral arteriyaların və aşağı ətraf arteriyalarının doppler USM müayinəsi, döş qəfəsi orqanlarının, baş beynin və tam qarın boşluğunun kompüter tomoqrafiyası, EKQ, EXO-kg, ürəyin exoqrafiyası həyata keçirilmiş, oftolmoloqun, nevropatoloqun və onkoloqun konsultasiyası aparılmışdır. Müayinənin nəticəsi olaraq beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilmiş, nəticələr sənədləşdirilmiş və müayinə prosesinin video çəkilişi aparılmışdır. Dr. Kristian Vitt protokolu imzalayaraq bütün tibbi müayinələrin onun iştirakı ilə yeni diaqnostik üsulların tətbiqi ilə və beynəlxalq səviyyədə qəbul olunmuş diaqnostik və etik standartlara uyğun aparıldığını təsdiq etmişdir.   

Aparılmış müayinənin nəticələri təqsirləndirilən şəxs Leyla Yunusovanın həyatı və sağlamlığı üçün təhlükənin olmadığını göstərmiş, onun səhhətinin ağır olması barədə yayılmış məlumatların şayiə xarakteri daşıdığını bir daha təsdiq etmişdir.

 

Keçidlər