X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində Referendum Aktının layihəsi geniş müzakirə olunmuşdur

Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair martın 18-də keçiriləcək ümumxalq səsverməsi – referendumla bağlı ölkəmizdə məqsədyönlü tədbirlər, o cümlədən referendum aktının əhali arasında geniş izahının təşkili və mahiyyətinin hər bir vətəndaşa çatdırılması istiqamətində zəruri işlər görülür.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş Nazirliyin kollegiya iclasında Referendum Aktının layihəsi ilə bağlı məsələ müzakirə olunmuş, bununla əlaqədar ədliyyə orqanlarının üzərinə mühüm vəzifələr qoyulmuş, bu sahədə hüquqi maarifləndirmə, təbliğat-izahat işinin gücləndirilməsinə dair konkret tapşırıqlar verilmiş, silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Yanvarın 7-də Ədliyyə Nazirliyində Azərbaycan Respublikası Konstitusiyasında əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının mahiyyətinin dərindən öyrənilməsi və onun hərtərəfli təhlil edilməsi məqsədilə yığıncaq keçirilmişdir.

Ədliyyə nazirinin müavini Toğrul Musayev tədbiri açaraq, hər bir ölkənin tarixində əsas Qanunda dəyişikliklər edilməsinin mühüm hadisə olduğunu bildirmiş, Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktının ictimai-siyasi və hüquqi əhəmiyyətini xüsusi qeyd etmişdir. Nazir müavini son illər ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü siyasi, iqtisadi islahatların, demokratik proseslərin, Azərbaycanın Avropaya sıx inteqrasiyasının Konstitusiyaya mütərəqqi dəyişiklərin edilməsinə zərurət yaratdığını söyləmiş, nəzərdə tutulan əlavələr və dəyişiklərin tam mütərəqqi xarakter daşımaqla ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların həyat səviyyəsinin layiqli təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına xidmət etdiyini vurğulamışdır.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru Lətif Hüseynov çıxış edərək, ölkə Konstitusiyasına təklif edilən əlavələr və dəyişiklikləri və onları doğuran səbəbləri hərtərəfli və elmi əsaslarla şərh etmiş, Referendum Aktının mahiyyəti və aktuallığı barədə ictimaiyyət arasında hüquqi-təbliğat işinin aparılmasında Ədliyyə Nazirliyinin təşəbbüsünü və fəal iştirakını yüksək qiymətləndirmişdir.

Ətraflı fikir mübadiləsi şəraitində keçən görüşdə referendum aktına dair məsələlər barədə geniş müzakirələr aparılmış, həmin əlavələr və dəyişikliklər müstəqil Azərbaycanın milli qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində zəruri addım kimi dəyərləndirilmiş, bir sıra maraq kəsb edən suallara aydınlıq gətirilmişdir.

   
   
   
   

Keçidlər