X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

BQXK ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq davam edir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sistem xeyli təkmilləşdirilib, cəza-icra siyasətinin humanistləşdirilməsinə və həbs edilmiş şəxslərin hüquqlarının etibarlı təminatına xidmət edən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, o cümlədən "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanun qəbul edilib. Məhkumların öz ailələri ilə ünsiyyət qurmaq hüquqları genişləndirilərək onların sosial reabilitasiyası məqsədilə əsasən regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında, Şəkidə yeni müasir tipli penitensiar komplekslər istifadəyə verilib, digər bölgələrdə də belə müəssisələrin inşası aparılır.

Eyni zamanda, penitensiar sahədə səmərəli ictimai iştirakçılıq tətbiq olunur. Belə ki, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı fəaliyyət həyata keçirilərək insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarının və tanınmış hüquq müdafiəçilərinin təmsil olunduğu penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə uğurla fəaliyyət göstərir.

Həmçinin, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və yüngül rejimli müəssisəyə keçirilmə institutunun tətbiqində tam obyektivliyi, ədalətliliyi təmin etmək üçün yeni üsullardan istifadə olunur. Bu məqsədlə tərkibi Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri və hüquq müdafiəçilərindən ibarət formalaşdırılmış xüsusi Komissiyanın iki ilə yaxın şəffaf və obyektiv fəaliyyəti dövründə apardığı tərbiyəvi işin və həqiqi islah olunan məhkumların azad olunmağa tövsiyə etməsi nəticəsində 2300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 95%-i müsbət həll edilib. Təsadüfi deyil ki, həmin şəxslər arasında residiv cinayətlərin sayı kəskin azalıb.

Aparılan islahatlarda beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə səmərəli əməkdaşlıq qurulub, uzun illər məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində qarşılıqlı fəaliyyət həyata keçirilərək tibb xidməti, məhkumların dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunub. Həmçinin, məhkumlar arasında vərəmə qarşı mübarizə üzrə birgə fəaliyyət çox müsbət nəticələr verib, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq olunub. Bütün bunlar penitensiar müəssisələrdə xəstəlikdən ölüm hallarının sayının 15 dəfə, vərəmdən ölümün isə 65 dəfə azalmasına səbəb olub.

BQXK bu sahədə Azərbaycanın artıq onun köməyinə ehtiyacının qalmadığını bəyan edərək vərəmə nəzarət işini tamamilə Ədliyyə Nazirliyinə təhvil verib və respublikamızın müsbət təcrübəsini örnək kimi digər dövlətlərə tətbiqi üçün tövsiyə edib. Bununla əlaqədar 11 dövlətin nümayəndələri ölkəmizin bu təcrübəsindən bəhrələnmək məqsədilə Bakıya səfərlər ediblər. Təsadüfi deyil ki, ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramı BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən Səhiyyə Mükafatına layiq bilinib.

Eyni zamanda, 2000-ci ildə Azərbaycan Hökuməti və BQXK arasında Saziş bağlanıb. Sazişə əsasən Komitə nümayəndələri mütəmadi olaraq azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkir, məhkumlarla təkbətək görüşlər keçirir. Komitənin məhkumların hüquqlarının daha etibarlı müdafiəsinə, o cümlədən islah prosesinə dair tövsiyələri bu sahədə aparılan islahatlara öz töhfəsini verir. Ötən dövr ərzində qeyd olunan sazişin qüvvəsinin başa çatması və səmərəli əməkdaşlığın davam etdirilməsində qarşılıqlı maraq nəzərə alınaraq, onun qüvvədə olma müddəti dəfələrlə uzadılıb.

İnsan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına daim xüsusi diqqət yetirilərək dövlətimizin siyasi iradəsi ilə səmərəli əməkdaşlığın davam etdirilməsi və Sazişin qüvvədə olma müddətinin yenidən uzadılması qərara alınıb.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə verilmiş səlahiyyətə əsasən martın 18-də Ədliyyə Nazirliyində Azərbaycan Hökuməti və BQXK arasında mövcud Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında Protokolun imzalanması mərasimi keçirilib.

Mərasimdə Ədliyyə Nazirliyinin və BQXK-nın məsul şəxsləri, həmçinin hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər nümayəndələri iştirak ediblər.

Sənədi nazir Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duran imzalayıblar.

BQXK ilə əməkdaşlıqdan məmnunluğunu bildirən nazir ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı islahatlardan, qanunvericilik və institusional tədbirlərdən, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqindən danışıb, sazişin qüvvəsinin uzadılmasının qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə əlavə təkan verdiyini vurğulayıb.

Xanım D.Duran son illər penitensiar sistemdə aparılan köklü islahatları təqdir edib, məhkumların saxlanma şəraitinin, tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdığını və bu məsələlərin nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edilib, ölkəmizlə faydalı və məhsuldar əməkdaşlıq üçün yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib.

Həmçinin, ictimaiyyət nümayəndələri çıxış edərək Ədliyyə Nazirliyinin fəaliyyətində aşkarlığa və şəffaflığa xüsusi önəm verilməsini, ictimaiyyət üçün açıqlığını vurğulayıb, imzalanan sənədin penitensiar sistemdə qarşılıqlı fəaliyyətə töhfə verəcəyinə əminliklərini söyləyiblər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb.

 

Keçidlər