X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ulu öndər Heydər Əliyev ilə türk dünyası qürur duyur

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə aprelin 20-də Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə TDBB-nin dəstəyi ilə nəşr olunmuş "Türk Dünyası" kitabının geniş təqdimat mərasimi keçirilib.

TDBB-nin Yüksək Yazarlar Şurasının üzvü, tanınmış yazıçı, professor Özgen Keskinin müəllifi olduğu kitabda türk dünyasının çoxəsrlik tarixi dövründə maraqlı faktlar, iki minillik ərzində əbədi iz qoyan türk xalqının 12 öndəri, o cümlədən Atilla, Dədə Qorqud, Çingiz xan, Mustafa Kamal Atatürk və ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətləri ilə bağlı müfəssəl məlumatlar təqdim olunur.

Tədbirdə iştirak etmək üçün ölkəmizə gələn Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Fexri Solak və Birliyin üzvləri Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Qonaqlar həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzüblər.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Ədliyyə Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, görkəmli tarixçilər, ziyalılar, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına, onların inkişafına hər zaman dəstək göstərdiyini vurğulayıb. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində türkdilli xalqların maraqları, Azərbaycanın mənafeyi naminə xeyli işlər görüb, dahi rəhbərin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən neft strategiyası, regionda irimiqyaslı layihələrin reallaşdırılması türk dünyası ölkələri arasında birliyin, əlaqələrin möhkəmlənməsinə xidmət edir. Ümummilli Liderin yüksək ideyaları, amalları bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Əli Həsənov bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu, tarix boyu xalqlarımızın bir-birini dəstəklədiyini vurğulayıb. Ə.Həsənov bu günlərdə Avropa Parlamentinin qəbul etdiyi qondarma "erməni soyqırımı" məsələsinə toxunaraq qeyd edib ki, bu qətnamə Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, Birinci Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır. Bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə

 doğurmur. Türkdilli dövlətlər bu istiqamətdə birlik nümayiş etdirməli, bu qərarı pisləmələdirlər.

Türk xalqlarının birliyinə töhfə olan "Türk Dünyası" kitabının ərsəyə gəlməsini dahi öndərin türkdilli ölkələrin və xalqların inkişafı naminə gördüyü misilsiz işlərin məntiqi nəticəsi kimi qiymətləndirən Ə.Həsənov türk xalqlarının tarixini öyrənmək, topluda təqdim olunmuş müfəssəl ensiklopedik məlumatları geniş oxucu kütləsinə çatdırmaq baxımından kitabın əhəmiyyətini xüsusi qeyd edib.

TDBB-nin baş katibi professor Fexri Solak Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edib, Ulu Öndərin "Bir millət, iki dövlət" kəlamının bu gün dövlət başçılarının timsalında daha da gücləndiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılaraq fəaliyyətə başlayan TDBB-nin üzv dövlətlərinin bələdiyyələri arasında əlaqələrdən danışan F.Solak ölkəmizin birlikdə fəal təmsilçiliyini, əməkdaşlıq çərçivəsində birgə mədəni və humanitar tədbirlərin keçirildiyini qeyd edib, Birliyin fəaliyyəti dövründə bir çox nəşrlərin işıq üzü gördüyünü, Türkiyədə nəfis şəkildə nəşr olunmuş "Türk Dünyası" kitabının TDBB-nin bütün türk dünyasına dəyərli töhfəsi olduğunu vurğulayıb.

Kitabın müəllifi Ö.Keskin təqdim olunan kitab barədə ətraflı məlumat verərək topluda türk dünyasının ən görkəmli dövlət xadimlərindən bəhs olunduğunu, miladdan öncə Hun dövlətinin hökmdarı olan Oğuz xandan başlayaraq iki müasir müstəqil türk dövlətinin - Türkiyənin və Azərbaycanın qurucuları Mustafa Kamal Atatürk və Heydər Əliyevin həyat və fəaliyyətləri haqqında geniş söhbət açıldığını bildirib, ulu öndər Heydər Əliyevin nəinki Azərbaycan xalqının, eyni zamanda, bütün türk dünyasının qürur mənbəyi olduğunu vurğulayıb.

Həmçinin qeyd edib ki, bu nəşrdə türk dünyasını təmsil edən dövlətlər, onların qədim tarixi və müasir dövrdəki coğrafiyası, ərazisi, əhalisi, mədəniyyəti, dövlət atributları, sərhədləri, xəritələri haqqında məlumat verilir.

Tədbirdə əsas məruzə ilə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, Akademiyanın müxbir üzvü Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevin zəngin irsindən, türk dünyasının tarixindən danışıb, Ulu Öndərin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi dahi şəxsiyyət, əbədi lider olduğunu, türkdilli dövlətlərin və xalqların arasında əlaqələrin möhkəmləndirilməsi üzrə tarixi xidmətlərini qeyd edib. Bildirib ki, Heydər Əliyev zəkası ilə türk dünyasında birliyin formalaşdırılması üçün uzaqgörən addım atıb, dahi rəhbərin bilavasitə təşəbbüsü ilə təməli qoyularaq həyata keçirilən qlobal layihələr türkdilli dövlətləri birləşdirir. Ulu öndər Heydər Əliyev ilə türk dünyasının qürur duyması və onun dahi şəxsiyyət, müdrik siyasi xadim kimi qəbul olunması da tarixi etirafdır. Bu mənada türk dünyasının tarixi şəxsiyyətləri sırasında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan "Türk dünyası" kitabının nəşri qürurvericidir. Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Bu gün ölkəmiz ümummilli lider Heydər Əliyev dühası ilə daha da inkişaf edir, möhkəmlənir.

Heydər Əliyev irsinin tədqiqatçıları, Ulu Öndərlə bilavasitə təmasda olmuş millət vəkilləri Arif Rəhimzadə, Elmira Axundova, Nizami Cəfərov, Musa Qasımlı və İradə Hüseynova dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolunu qeyd edərək, Vətən və xalq naminə gördüyü nəhəng işləri vurğulayıblar. Türk dünyasının inkişafında, türk və Azərbaycan dillərinin təbliği və yayılmasında, türkdilli xalqların maraqlarının qorunmasında ulu öndər Heydər Əliyevin müdrik siyasəti barədə danışan natiqlər əbədiyaşar liderin şərəfli ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.

Çıxışlarda əminliklə qeyd olunub ki, "Türk Dünyası" kitabı türk xalqları və dövlətləri, onların qədim mədəniyyəti, tarixi şəxsiyyətləri barədə müfəssəl və dolğun məlumatların təbliği və gənc nəslə çatdırılması baxımından dəyərli töhfə olacaqdır.

 

Keçidlər