X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün yeni binanın təməli qoyulub

Ölkəmizdə müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir, onların tədrisi ən qabaqcıl metodikalarla aparılır.

Eyni zamanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilərək bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun infrastruktur yaradılır, müasirliyi və qabaqcıl İKT-lərin tətbiqi ilə fərqlənən yeni məhkəmə binalarının və konseptual baxımından yeni olan məhkəmə komplekslərinin inşası aparılır, artıq bir neçə məhkəmə üçün müasir binalar tikilərək istifadəyə verilib.

Məhkəmə sisteminin inkişafı üzrə görülən işlərin davamı olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində mayın 1-də Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşçenko, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

İnşa olunacaq yeni məhkəmə binasının ümumi sahəsi 5.000 m2-dən çoxdir. 6 mərtəbədən və zirzəmi qatından ibarət olacaq bina ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaqdır.

Tədbir iştirakçıları Nərimanov Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, məhkəmənin təməli qoyulub.

Mərasimdə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin sürətli iqtisadi tərəqqiyə nail olduğunu, əhalinin rifahının günbəgün yaxşılaşdığını, Azərbaycanın dünyada imicinin xeyli yüksəldiyini vurğulayıb, respublikamızın sosial-iqtisadi tərəqqisi çərçivəsində ədliyyə və məhkəmə islahatlarının nailiyyətlərini qeyd edib. Bildirib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilib, bu sahədə qanunvericiliyə əsaslı dəyişikliklər edilib, hakimlərin sayı iki dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb, hər bir hakimə köməkçi ştatı ayrılıb, eləcə də hakimlərin maddi təminatı xeyli yaxşılaşdırılıb.

Nazir həmçinin, Dünya Bankı ilə birgə həyata keçirilən uğurlu layihələr çərçivəsində, eləcə də dövlət büdcəsi hesabına respublikanın müxtəlif bölgələrində məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlərdən danışaraq artıq 5 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binaların tikilərək istifadəyə verildiyini, 11 məhkəmə üçün bina və komplekslərin intensiv inşasını qeyd edib, Nərimanov Rayon Məhkəməsinin müasir binasının inşasının qanunun aliliyinə, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsinə, vətəndaşlara qayğılı münasibət göstərilməsinə xidmət edəcəyinə, məhkəmələrə çatımlılığı daha da asanlaşdıracağına əminliyini ifadə edib.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq yeni tikilən məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə, "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi qeyd olunub.

Dünya Bankının ölkə üzrə meneceri çıxış edərək Azərbaycanın hərtərəfli dinamik tərəqqisini, dövlətimizin məhkəmə hakimiyyətinin inkişafına göstərdiyi xüsusi diqqəti təqdir edib, Bankın ölkəmizlə səmərəli əməkdaşlığını, birgə həyata keçirilən layihələrin uğurlu nəticələrini, maliyyə resurslarından düzgün istifadə olunmasını yüksək qiymətləndirib. L.Leşçenko xüsusilə qeyd edib ki, Dünya Bankının ədliyyə sahəsində layihələrindən ən uğurlu və nadir hesab etdiyi bu layihə çərçivəsində yaradılan müasir məhkəmə infrastrukturunun səviyyəsinə görə Azərbaycan öndə olmaqla digər dövlətlərə örnəkdir. O, ən müasir İKT-lər təchiz olunmaqla yeni məhkəmə binalarının inşasının ədalət mühakiməsinin çatımlığının asanlaşdırılmasına, şəffaflığına, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin tətbiqi işinə xidmət etdiyini vurğulayıb.

Rayon icra başçısı A.Fərzəliyev və digər çıxış edənlər respublikamızın hərtərəfli dinamik tərəqqisinə, xüsusilə məhkəmə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilib.

Sonra ədliyyə naziri F.Məmmədov və Dünya Bankının ölkə üzrə meneceri L.Leşçenko arasında işgüzar görüş keçirilərək, layihə çərçivəsində görülən işlərə, qarşılıqlı fəaliyyətin prioritetlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Keçidlər