X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan və Vyetnam arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Son illər Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı həmçinin iki ölkə arasında hüquqi əlaqələrin genişlənməsinə təkan verib. Ölkə Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və bu sahədə nailiyyətlərin əldə olunduğu nəzərə alınaraq Vyetnam dövlətinin başçısı cənab Çıonq Tan Şanqın sədri olduğu Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyası ölkəmizin müsbət təcrübəsi ilə tanış olmaq barədə qərar qəbul edib və bununla əlaqədar Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Ba rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib.

Vyetnam nümayəndə heyəti iyulun 2-də əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyublar.

Sonra xanım Le Thi Thu Banın və respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun görüşü olub.

Azərbaycan və Vyetnam arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edən F.Məmmədov ulu öndər Heydər Əliyevin bu ölkəyə, Vyetnam xalqının böyük oğlu Ho Şi Minin respublikamıza tarixi səfərini xatırladıb, dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu, müxtəlif sahələr üzrə imzalanmış mühüm sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına böyük təkan verdiyini vurğulayıb.

Nazir ölkə başçısının rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin inkişafı, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, infrastrukturun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi barədə məlumat verib, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.

Xanım nazir Vyetnam Prezidentinin Azərbaycanın məhkəmə-hüquq sistemindəki nailiyyətləri və müsbət təcrübəsi ilə tanış olmaq barədə tapşırığına əsasən respublikamızda olmağından məmnunluğunu ifadə edərək, səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, dərin köklərə malik olan münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

O, Azərbaycanın Vyetnamın müstəqilliyi uğrunda mübarizəsi zamanı dəstəyini, habelə hərbi, hüquqşünas və neft sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında yardımını, xüsusilə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Qonaq səfər zamanı respublikamızın dinamik inkişafının şahidi olduğunu söyləyərək, məhkəmə və ədliyyə sistemdə aparılan islahatları təqdir edib, ölkəsinin hüquq sistemindən danışıb.

Söhbət zamanı həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalının ağır nəticələri və bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı qonaqların xüsusi diqqətinə çatdırılıb.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Vyetnam münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub, qonaqlara müasir məhkəmə-hüquq sisteminin fəaliyyətini, həmçinin iki ölkə arasında ikitərəfli münasibətləri, habelə Azərbaycan dövləti barədə materialları və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən xüsusi jurnallar təqdim edilib.

Görüşdə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov iştirak edib.

Həmin gün vyetnamlı nazirin Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ədliyyə Akademiyasında görüşləri keçirilib.

Səfər çərçivəsində Vyetnam nümayəndə heyətinin həmçinin, Milli Məclisdə, Ali Məhkəmədə, Baş Prokurorluqda, Bakı Dövlət Universitetində, habelə hakimlər və vəkillərlə görüşləri, eləcə də paytaxtda və bölgələrdə birinci instansiya məhkəmələrinin müasir informasiya texnologiyaları ilə təchiz olunmuş binaları, habelə Azərbaycanın brendi olan ASAN xidmətin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

Keçidlər