X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbul olunan gənc zabitlərlə görüş keçirilib

Ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sistemin xeyli təkmilləşdirilməsi, bu sahədə mütərəqqi qanunvericiliyin formalaşdırılması, müasir infrastrukturun yaradılması istiqamətində məqsədyönlü işlər görülüb, həbs edilmiş şəxslərə və məhkumlara göstərilən tibbi xidmət əsaslı şəkildə yaxşılaşdırılıb. Görülmüş işlər penitensiar müəssisələrdə xəstəlikdən ölüm hallarının sayının 15 dəfə, vərəmdən ölümün isə 65 dəfə azalmasına səbəb olub.

Azərbaycanın bu sahədə nailiyyətləri və təcrübəsi beynəlxalq aləmdə təqdir olunaraq Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən digər ölkələr üçün örnək kimi tövsiyə olunub və artıq 15-ə yaxın dövlətin nümayəndə heyəti respublikamıza səfər edərək bu təcrübədən bəhrələniblər.

Eyni zamanda BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və baş qərargahı ABŞ-da yerləşən İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramının Səhiyyə Mükafatına layiq bilinməsi, əldə olunmuş müsbət nəticələrin növbəti təzahürüdür.

Bu sahədə fəaliyyətin müasirləşdirilməsi, həmçinin ədliyyə işçilərinin tibbi təminatının daha da gücləndirilməsi məqsədilə, Ədliyyə Nazirliyində yüksək ixtisaslı həkim-mütəxəssislərə ehtiyac nəzərə alınaraq respublika Nazirlər Kabinetinin sərəncamına əsasən Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə 2009-cu ildən etibarən hər il kvota üzrə Nazirlik üçün tələbə qəbulu həyata keçirilir. Təhsil zamanı həmin tələbələrlə ədliyyə işçilərinin mütəmadi görüşləri təşkil olunub, penitensiar müəssisələrdə tibb sahəsində təcrübə keçmələri təmin edilib.

Cari ildə Ədliyyə Nazirliyi üçün hazırlanan tələbələrin ilk buraxılışı olmuş və ATU-nun Hərbi tibb fakültəsinin 19 məzunu Nazirliyin sərəncamına göndərilmişdir.

Avqustun 24-də ədliyyə naziri Fikrət Məmmədovun ədliyyə orqanlarına qulluğa qəbul edilən gənc məzunlarla görüşü keçirilib.

Tədbirdən öncə Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edən gənclər, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirlikdə keçirilmiş tədbirdə çıxış edən nazir F.Məmmədov Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı və müasirləşdirilməsi üzrə görülən işlərdən ətraflı danışıb, penitensiar sistemdə, tibb xidmətində həyata keçirilən islahatlardan, əldə olunmuş nailiyyətlərdən bəhs edib, gənc həkimlərə dövlətçiliyə sədaqətlə xidmət etmələri, insanlara qayğılı münasibət göstərmələri, vəzifələrini layiqincə yerinə yetirmələri barədə tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.

Çıxış edən məzunlar müstəqil Azərbaycanımızın gələcək tərəqqisi naminə əzmlə çalışacaqlarını, Ümummilli liderimizin dövlət gənclər siyasətini uğurla davam etdirən ölkə başçısına layiqli yardımçı olacaqlarını vurğulayaraq, vəzifələrini məsuliyyətlə yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Yeni təyinat alan həkim-zabitlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr və xüsusi rütbə paqonları təqdim edilib.

Keçidlər