X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Dünya Bankı və Ədliyyə Nazirliyi arasında əməkdaşlığın səmərəliliyi

Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Qriqori Yedjeyçak və «Ədliyyə sisteminin müasirləşdirilməsi» birgə Layihəsi üzrə nəzarət missiyasının rəhbərliyi fevralın 4-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.

Sürətlə inkişaf edən ölkəmizdə son dövrlər aparılan məhkəmə-hüquq islahatlarının nailiyyətləri barədə danışan nazir ədliyyə sisteminin müxtəlif istiqamətləri üzrə mühüm layihələrin həyata keçirilməsini, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlığı qeyd etmişdir.

Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, hüquqi sahədə də yüksək nəticələr əldə etdiyi barədə məlumatlı olduğunu bildirən Q.Yedjeyçak hakimlərin obyektiv və tam şəffaf seçimini xüsusilə təqdir etmişdir. Ölkəmizdə ədliyyə orqanlarının idarəetmə potensialının gücləndirilməsini, məhkəmə infrastrukturunun təkmilləşdirilməsini, hakimlərin və ədliyyə işçilərinin peşəkarlığının artırılmasını, vətəndaşların məlumatlılığının yüksəldilməsini nəzərdə tutan Layihənin icrası üzrə nəhəng proqresə nail olunduğunu bildirən qonaqlar Ədliyyə Nazirliyi ilə səmərəli və işgüzar əməkdaşlığa görə təşəkkür etmişdir.

Görüşdə həmçinin, dövlət başçısı tərəfindən Ədliyyə Akademiyasının Nizamnaməsinin təsdiqi və yüksək statusunun müəyyən olunması vurğulanmış, bu təsisatın işinin təşkili, müəllim heyətinin treninqi və mükəmməl tədris proqramlarının hazırlanması, habelə vətəndaşların müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə məhkəmələrin müasir şəraitlə təmin olunması və qabaqcıl informasiya texnologiyaları ilə təchizatı barədə məsələlər geniş müzakirə olunmuşdur.

Keçidlər