X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan ədliyyəsi Prezident İlham Əliyevin qayğısı ilə inkişafdadır

Hər bir demokratik cəmiyyətdə dövlətin hüquq siyasətinin həyata keçirilməsində, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasında ədliyyə sistemi mühüm rol oynayır. Bu mənada Azərbaycan ədliyyəsinin müasir hüquq sistemimizdə müstəsna yeri danılmazdır.

Çoxəsrlik dövlətçilik ənənələri olan xalqımızın ədliyyə və məhkəmə sisteminin şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Ötən əsrin əvvəllərində Şərqdə ilk dəfə Azərbaycanda demokratik müstəqil dövlət yaradıldıqdan sonra ədalətli cəmiyyət qurmaq dövlətin əsas məqsədlərindən biri olmuşdur. Təsadüfi deyil ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün ədliyyə sisteminə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi təsis edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz nitqində bildirmişdir ki, "... Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz".

Həmin illərdə vəziyyətin mürəkkəbliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması üzrə xeyli işlər görülmüş, o cümlədən ədliyyə strukturları, məhkəmələr və istintaq orqanları bərpa olunmuş, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bir sıra mühüm qanunvericilik aktları parlamentin müzakirəsinə çıxarılmış, 1918-ci ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmişdir.

Ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması və inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə bu tarixi gün ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.

Cari ildə ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atmışdır.

Dövlət başçısının vurğuladığı kimi, "Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır".

Peşə bayramı ərəfəsində möhtərəm Prezidentimizin konseptual baxımdan yeni olan və öz funksionallığı ilə fərqlənən Bakı şəhəri Sabunçu, eləcə də Şəki məhkəmə komplekslərinin açılışını etməsi xüsusilə əlamətdar olmaqla ölkə başçısının dövlət quruculuğunda məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşmasının göstəricisidir.

Ədliyyə Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində yeni inşa olunmuş və ən müasir avadanlıqla, o cümlədən elektron və informasiya texnologiyaları ilə təchiz edilmiş bu məhkəmə kompleksləri məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılmasına, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə, ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə xidmət edir. "Bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək həmin komplekslərin xidmətlərindən həm paytaxt, həm də Şəki rayonu və bölgə sakinlərini əhatə etməklə 4 milyon insan yararlanacaqdır. Yeni binalar həm də yerləşdikləri ərazilərə xüsusi gözəllik vermələri ilə diqqəti cəlb edir.

Ölkə rəhbərinin komplekslərin açılışlarında şəxsən iştirakı və yaradılan şəraitlə yaxından tanışlığı Azərbaycan ədliyyəsinə böyük etimadının və yüksək qayğısının təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən xüsusi iftixar hissi və dərin rəğbətlə qarşılanmışdır.

Şəki Məhkəmə Kompleksinin açılışında Prezident İlham Əliyev ədliyyə və məhkəmə işçiləri ilə keçirdiyi müşavirədə geniş və məzmunlu çıxış edərək görülən işləri yüksək qiymətləndirmişdir: "Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır".

Məhkəmə sistemində şəffaflığın və ədalətin tam bərqərar olmasının ümumi demokratik inkişafımıza müsbət təsir göstərdiyini qeyd edən dövlət başçısı çıxışında, həmçinin "elektron məhkəmə" informasiya sisteminin tətbiqinin əhəmiyyətinə toxunmuşdur: "Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində "Elektron məhkəmə" informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır... Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür".

Ölkə Prezidentinin çıxışında məhkəmə fəaliyyətində şəffaflığın maksimum dərəcədə artırılması, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, korrupsiya hallarının tam aradan qaldırılması, məhkəmə sistemində müsbət beynəlxalq təcrübənin tətbiqi ilə bağlı verdiyi mühüm tapşırıqlar gələcək hədəfləri müəyyən etməklə ədliyyə və məhkəmə orqanları işçilərini daha məsuliyyətlə işləməyə səfərbər etmişdir.

Bununla əlaqədar dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr təxirəsalınmadan Məhkəmə-Hüquq Şurasının geniş iclasında Ali Məhkəmənin, Apellyasiya və birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, hakim assosiasiyaları rəhbərlərinin, prokurorların, ədliyyə işçilərinin, vəkillərin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müzakirə olunmuş, məhkəmə fəaliyyəti ilə bağlı vətəndaşların haqlı narazılığına səbəb olan nöqsan və çatışmazlıqlar ətraflı təhlil edilmiş, konkret tədbirlər müəyyən edilmişdir.

Son illər dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənmiş, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri xeyli genişləndirilmiş, o cümlədən hakimlərin təyinatında, səlahiyyətlərinə xitam verilməsində, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasında, məhkəmələrin büdcəsinin müəyyən edilməsində rolu artırılmış, hakimlərin maaşının azaldılması qanunla qadağan olunmuş, onların yüksək peşəkarlığından digər aidiyyəti sahələrdə də bəhrələnilməsi üçün imkan yaradılmışdır.

Eyni zamanda, hakim korpusunun mənəvi cəhətdən saf, yüksək peşə hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi, hakimlərin seçimində korrupsiya və digər neqativ halların qarşısının alınması məqsədilə nüfuzlu Avropa strukturları tərəfindən örnək kimi qiymətləndirilən yeni təcrübə - çoxmərhələli seçim proseduru yaradılmışdır ki, bu təcrübənin tətbiqi nəticəsində hakim korpusu 60 faiz təzələnmişdir.

Hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipal qiymətləndirilməsi işi yenidən qurulmuş, müvafiq təlimat və əhatəli rəy formaları hazırlanmışdır. Yeni qaydalarla seçilmiş bir qrup hakimin fəaliyyətinin qiymətləndirilərək Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında ötən ay ölkə Prezidentinin Sərəncamı ilə yenidən şərəfli hakim vəzifələrinə təyin olunması onların fəaliyyətinə yüksək etimadın təzahürü olmuşdur.

Bu il Şuranın fəaliyyətinin 10 illiyi geniş qeyd olunaraq demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin roluna dair beynəlxalq konfrans keçirilmiş, Şuranın binasında ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sisteminin yaradılmasında roluna həsr olunmuş Muzey yaradılmışdır. Möhtərəm Prezidentimizin Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin işində fərqlənmiş şəxsləri fəxri ad və dövlət təltiflərinə layiq bilməsi, Şəki Məhkəmə Kompleksinin açılışı zamanı Şuranın fəaliyyətini xüsusilə qeyd etməsi dərin minnətdarlıq və yüksək iftixar hissləri doğurmaqla hər birimizin məsuliyyətini daha da artırır.

Qarşıda duran vəzifələr də az deyil. Dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq məhkəmə hakimiyyətinin müstəqilliyinin daha da artırılması, hakimlərin ixtisaslaşmasının genişləndirilməsi, yuvenal ədliyyənin inkişafı, habelə mediasiyanın tətbiqi, məhkəmələrdə nümayəndəlik institutunun təkmilləşdirilməsi və digər istiqamətlərdə işlər müsbət beynəlxalq təcrübəyə əsaslanmaqla davam etməkdədir.

Məhkəmə fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması baxımından mühüm vəzifələrdən biri də məhz bu sahədə innovativ xidmətlərin və texnoloji yeniliklərin tətbiqidir. Dövlət başçısının "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" 13 fevral 2014-cü il tarixli Sərəncamı strateji məqsədləri müəyyən edərək məhkəmə fəaliyyətində inqilabi təkamülün əsasını qoymuş, müasir İKT-lərin tətbiqini daha da sürətləndirmişdir.

Ötən ay Sabunçu Məhkəmə Kompleksinin açılışı zamanı dövlət başçısına təqdim edilmiş və artıq sınaq rejimində istifadəsinə başlanılmış bu sistemin tam tətbiqi nəticəsində insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edəcək, məhkəmə prosesləri, qərarlar, onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron "şəxsi kabinetə" malik olacaqlar. Nəticə etibarı ilə məhkəməyə müraciət imkanları daha da genişlənəcək, süründürməçilik və sui-istifadə hallarının qarşısı alınacaq, şəffaflıq və operativlik təmin ediləcəkdir. Həmçinin sistem vasitəsilə hakimin işinin effektivliyi yoxlanılacaq, icra intizamına nəzarət gücləndiriləcəkdir.

Antikorrupsiya tədbirləri çərçivəsində məhkəmə infrastrukturunun müasirləşdirilməsi də xüsusi yer tutur.

Son 10 ildə ölkənin demək olar ki, əksər məhkəmələrində əsaslı təmir və yenidənqurma işləri aparılmış, çoxsaylı yeni məhkəmə binaları inşa olunmuşdur. Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində 33 məhkəməni və 18 icra qurumunu əhatə edən məhkəmə kompleksləri və binalarının layihələri hazırlanmış, bəziləri artıq istifadəyə verilmişdir.

Hazırda Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Nərimanov və Suraxanı rayon məhkəmələrinin, habelə dövlət büdcəsi hesabına Bakı şəhəri Binəqədi, həmçinin İmişli, Zaqatala və Qəbələ rayon məhkəmələrinin inşası davam etdirilir.

Bu sahədə nailiyyətlərimiz beynəlxalq aləmdə böyül maraq doğuraraq bir sıra dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər. Təsadüfi deyil ki, Dünya Bankının ədliyyə sahəsində layihələrindən ən uğurlu hesab etdiyi bu layihə çərçivəsində yaradılan müasir məhkəmə infrastrukturunun səviyyəsi, qurumun ekspertlərinin rəyinə görə, hətta Avropa standartlarını üstələyir.

Möhtərəm Prezidentimizin yüksək diqqətində olduğu daim hiss edilən Azərbaycan ədliyyəsi günbəgün müasirləşir, nazirlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və məqsədyönlü işlər görür.

Qanun yaradıcılığında fəal iştirak edən nazirlik tərəfindən bu ilin 9 ayında ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına və s. yönəlmiş 568 qanunvericilik aktının layihəsi hazırlanmış, 1.822 layihə hüquqi ekspertizadan keçirilmişdir. Hüquqi Aktların Dövlət Reyestrinə 1.445 sənəd daxil edilmiş və reyestrin  huquqiaktlar.gov.az və milli qanunvericiliyin e-qanun.az internet saytları daha da zənginləşdirilmişdir. Əhalinin təmənnasız istifadəsinə verilmiş həmin elektron bazalara vətəndaşlar tərəfindən 110 mindən çox başçəkmə olmuşdur.

"Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyən ölkə Prezidenti mütəmadi olaraq ictimaiyyətlə görüşərək, vətəndaşların qayğıları ilə maraqlanır və dövlət qurumlarından tələb edir ki, vətəndaşlara hər zaman keyfiyyətli xidmət göstərsin, onların müraciətlərinə daim qayğı və həssaslıqla yanaşsınlar. Dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş və bu günlərdə qüvvəyə minmiş "Vətəndaşların müraciətləri haqqında" yeni Qanun bu sahədə işin daha da təkmilləşdirilməsini, müasir mexanizmlərin tətbiqini şərtləndirmişdir.

Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların qəbul qaydası və müraciətlərinə operativ baxılması işi mütəmadi təkmilləşdirilir. Belə ki, cari ildə nazirlikdə ayrıca Vətəndaşların qəbulu şöbəsi, habelə struktur qurumlarda virtual qəbul məntəqələri yaradılmış, nazirliyin rəhbərliyinin müasir telekommunikasiya vasitələrindən istifadə edilməklə virtual qəbulları təşkil edilmiş, eləcə də "qaynar xətt" əlaqə mərkəzi müraciətlərin 24 saat interaktiv şəkildə qəbul edilməsi məqsədilə "Callcenter" xidməti ilə təmin olunmuşdur.

Eyni zamanda, vətəndaşların bölgələrdə səyyar qəbulu mütəmadi xarakter daşıyaraq bu ilin ötən dövrü ərzində nazirliyin rəhbərliyi tərəfindən respublikanın 10 bölgəsində 33 şəhər və rayonun əhalisini əhatə edən 400 vətəndaş qəbul edilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, vətəndaşlar bölgələrdə qəbul və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Ölkə rəhbərinin korrupsiyaya qarşı qəti və prinsipial mübarizə aparılması, sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması və sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, yoxlamaların tənzimləmə mexanizmlərinin hazırlanması, yoxlamaların və lisenziyaların sayının kəskin şəkildə aşağı salınması ilə bağlı qərarları, habelə vəzifəli şəxslərin bu sahədə aşkar edilmiş qanunsuz əməllərinə görə cəzalandırılması əhalidə böyük rəğbət doğurmuşdur. Ölkə Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların sayının azaldılması və onların vahid qurum tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi, bəzi gömrük qaydalarının asanlaşdırılması korrupsiyaya şərait yaradan halların qarşısının alınmasına xidmət edir.

Qeyd olunmalıdır ki, dövlət başçısının tapşırıqları ilə Ədliyyə Nazirliyinin üzərinə düşən vəzifələr kollegiya iclasında təxirəsalınmadan müzakirə olunaraq sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatlar təhlil edilmiş, reyestrin yenidən, daha mükəmməl qurulması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın, yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi istiqamətində konkret tədbirlər müəyyən edilərək icrasına başlanılmışdır.

Eyni zamanda, sahibkarların hüquqlarının müdafiəsi, yoxlamaların azaldılması və bu sahədə əlavə təsirli mexanizmlərin müəyyən edilməsi və prosedurların daha da sadələşdirilməsi, məsuliyyət tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə yenidən baxılması, maarifləndirilmə tədbirlərinin və metodiki köməkliyin göstərilməsi işinin genişləndirilməsi qarşımızda duran vəzifələrdəndir.

Notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının sayı da ilbəil artmış, təkcə 2015-ci ilin 9 ayı ərzində notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatmışdır ki, bunun da 90%-dən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin, qeydiyyat orqanlarında 245 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, doğumun sayı 124 mini, nikahın sayı isə 50 mini ötmüşdür. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilmişdir.

Möhtərəm Prezidentimizin Şəkiyə səfəri çərçivəsində rayon qeydiyyat şöbəsinin yeni inzibati binasında yaradılan yüksək şəraitlə bilavasitə tanış olması və verdiyi tapşırıqlar bu sahədə işin müasir standartlar səviyyəsində qurulmasını tələb edir.

Binada təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait vardır və yeni qanunvericiliyin tələbləri nəzərə alınaraq nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsinin aparılması üçün müasir tibb məntəqəsi də təşkil edilmişdir.

Burada həmçinin, Şəki rayonu üzrə icra şöbəsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi də fəaliyyət göstərəcəkdir.

Yeri gəlmişkən, bu sahədə nailiyyətlərimiz bir çox ölkələrin diqqətinə cəlb etmiş, Mərkəzi Asiya ölkələri sırasında "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiyası"nın tətbiqində Azərbaycan ən uğurlu təcrübəsi olan ölkə seçilmiş, bir sıra dövlətlər Konvensiyanın tətbiqi, o cümlədən apostilin verilməsi proseduru ilə bağlı müsbət təcrübəmizdən bəhrələnmişlər.

Nazirlik tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu ilə bağlı xidmətlər ölkə başçısının 11 fevral 2014-cü il tarixli Fərmanı ilə "ASAN xidmət" mərkəzləri tərəfindən də həyata keçirilir.

Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə yaradılaraq milli brendə çevrilmiş, əhalinin böyük rəğbətini qazanmış və ötən dövrdə 6 milyon insanın faydalandığı "ASAN xidmət" çərçivəsində 1 milyon yarım əməliyyat məhz ədliyyə orqanları tərəfindən həyata keçirilmişdir. Vətəndaş məmnunluğunun artırılması üçün yaradlmış bu müsbət təcrübə digər ədliyyə orqanlarında geniş təşviq olunur.

Ədliyyə fəaliyyətində açıq hökumətin təşviqi, müasir İKT-lərin, elektron xidmətlərin geniş tətbiqi vətəndaş məmnunluğu doğurur. Hazırda şəffaflığın təmin olunması məqsədilə nazirliyin 10 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir, ədliyyə orqanları tərəfindən 20-dək elektron xidmətlər aparılır, müxtəlif mətbu nəşrlər, illik toplular çap olunur.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rolu olan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam etmişdir. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4.100-ü, ötmüş, KİV-lərin sayı isə 5.100-ə çatmaq üzrədir.

Ölkə Prezidentinin daim nəzarətində olduğu mühüm sahələrdən biri olan məhkəmə qərarlarının icrası işi mütəmadi təkmilləşdirilir, icra xidməti yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik işçilər hesabına möhkəmləndirilir, habelə fəaliyyətində qanun pozuntularına, vətəndaşların haqlı narazılıqlarına səbəb olan neqativ hallara görə icra xidmətinin əməkdaşları barəsində ciddi intizam tədbirləri görülür, o cümlədən ədliyyə orqanlarından xaric edilirlər.

2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötmüşdür. Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunmuş, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil etmiş, könüllü icra olunan işlərin sayı artmışdır.

Eyni zamanda, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilmiş, habelə 242 nəfər barəsində cinayət işi başlanmış, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 360-dan çox cinayət işinin istintaqı tamamlanmış, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunmuşdur.

Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktı yoxlanılmış, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 40 fakt üzrə materiallar prokurorluğa göndərilmiş, qanunsuz ayrılmış 606 hektardan çox  torpaq sahəsi geri qaytarılmışdır.

Ekspertiza sahəsində elm və texnikanın son nailiyyətləri tətbiq olunmaqla 9 ayda 21.000-dək iş üzrə tədqiqatlar aparılaraq ekspert rəyləri verilmiş, ekspertlər qarşısında qoyulmuş 500 minə yaxın sual cavablandırılmışdır ki, bu da ötən illə müqayisədə 2,5 dəfə çoxdur.

Ölkəmizin sosial-iqtisadi inkişafı məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına da əsaslı təsir göstərmişdir. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə respublikanın müxtəlif regionlarında müasir tipli penitensiar müəssisələr istifadəyə verilmişdir və bu sahədə islahatlar davam etdirilir. 

Eyni zamanda, ulu öndərin humanizm siyasətini uğurla həyata keçirən möhtərəm Prezidentimizın ötən bir ildə imzaladığı sərəncamlarla 190 nəfərədək şəxsin əfv olunması, bununla yanaşı, ictimaiyyətin geniş iştirakı, o cümlədən məhkumların valideynləri və yaxınları, hətta zərərçəkmişlər dəvət olunmaqla Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl azad etmə institutunun uğurla tətbiq edilməsi məhkumların sosial reabilitasiyasına böyük imkan yaratmış, insanlarda haqqa və ədalətə inamı artırmışdır. bu institutun səmərəli və şəffaf tətbiqi nəticəsində bugünədək 4.200-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələrdə baxılmış həmin işlərdən 96%-i müsbət həll edilmişdir.

Həmçinin, məhkumlara yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi diqqətdə saxlanılmış, Azərbaycanın penitensiar sistemində vərəmə nəzarət fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun 61-ci sessiyasında region ölkələri üçün nümunəvi təcrübə kimi dəyərləndirilmişdir. Bununla əlaqədar 15-ə yaxın dövlətin nümayəndələri Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnmişlər.

Eyni zamanda, BQXK nümayəndələrinin azadlıqdan məhrumetmə yerlərinə maneəsiz baş çəkmələrinə səlahiyyət verən mövcud Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında Protokolun imzalanması məhkumların hüquqlarının təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsinə əlavə təkan vermişdir.

Ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətin müstəsna əhəmiyyətini nəzərə alan dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıq edilir, artıq 10 ilə yaxındır ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan vermiş, İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun olaraq daha da genişləndirilmiş, o cümlədən səlahiyyət müddəti artırılmışdır. QHT nümayəndələri nazirlikdə fəaliyyət göstərən daimi monitorinq qrupuna cəlb olunaraq ədliyyə orqanlarında və məhkəmələrdə işin təşkili vəziyyəti ilə tanış olurlar, bu zaman onlar həm də ictimai rəyi öyrənmək, o cümlədən vətəndaşlarla anonim anket sorğuları aparmaq imkanına malikdirlər.

Ədliyyənin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər, həmçinin kadr korpusunun təkmilləşdirilməsi ilə müşayiət olunur. Ölkə rəhbərinin "...dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır" kimi yüksək tələbləri nazirliyin kadr siyasətinin əsasını təşkil edir. Bununla əlaqədar ədliyyə sistemində kadr seçiminə böyük tələbkarlıqla yanaşılaraq, dövlətçiliyə sadiq, mənəvi cəhətdən saf, müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrların açıq müsabiqə yolu ilə işə qəbulu aparılır, bu zaman qabaqcıl İKT-lər geniş tətbiq olunur, o cümlədən test imtahanları internetdə canlı yayımlanır.

Ümumiyyətlə, gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılaraq dövlət gənclər siyasətinə uyğun olaraq son 10 ildə ədliyyə orqanlarına açıq müsabiqələrlə 2 mindən çox, cari ildə 305 nəfər işə qəbul olunmuşdur. Bu gün ədliyyə orqanlarında çalışan işçilərin təxminən hər ikisindən birini gənclər təşkil edir.

Yeri gəlmişkən, hazırda qulluğa qəbulla bağlı elan olunmuş növbəti açıq müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu davam edir. Həmçinin bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə almaq istəyən şəxslərlə test imtahanı və müsahibələrin keçirilməsi də planlaşdırılır. Fürsətdən istifadə edərək, bir daha ədliyyə orqanlarında işləmək arzusunda olanları müsabiqədə iştiraka dəvət edirik.

Eyni zamanda, nəzəri bilik və peşə hazırlığının artırılması, onların peşəkar mütəxəssis kimi püxtələşmələri məqsədilə ədliyyə işçiləri mütəmadi olaraq Ədliyyə Akademiyasında tədris kurslarına cəlb olunur, qabaqcıl beynəlxaq təcrübələrə yiyələnmələri üçün xaricə ezam edilirlər. Akademiyada həmçinin, insan hüquqlarının tədrisi üzrə beynəlxalq layihələr həyata keçirilir, habelə hüquq klinikasının və elektron kitabxananın imkanlarından səmərəli istifadə olunmaqla, vətəndaşlara keyfiyyətli hüquqi yardımlar göstərilir.

Bununla yanaşı, bu yaxınlarda regional ədliyyə şöbələrinin və icra qurumlarının rəhbərləri, qeydiyyat şöbələrinin rəisləri, notariuslar peşəkarlıqlarının artırılması məqsədilə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə təcrübə keçmişlər və bu tədbirlər davam etdirilir.

2015-ci ilin ötən dövrü ərzində beynəlxalq hüquq əməkdaşlığı üzrə çoxsaylı tədbirlər təşkil olunmuş, beynəlxalq hüquqi yardımla bağlı digər dövlətlərdən 12.700-ə yaxın sənəd və sorğu daxil olmuş, müxtəlif dövlətlərə 8.000-ə yaxın belə sorğu göndərilmişdir.

Cari ilin martında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş imzalanmış, Xorvatiya ilə qarşılıqlı fəaliyyətin davamı olaraq bu ölkəyə rəsmi səfər edilmiş, ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin dərinləşdirilməsi üçün faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Bununla yanaşı, nazirlik mötəbər beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etmiş, Böyük Azadllıqlar Xartiyasının 800 illiyinə həsr olunmuş Qlobal Hüquq Sammitində, Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik yığıncaqlarında, Avropa Ümumi Hüquq Təşkilatının toplantısında və digər tədbirlərdə fəal iştirak edilmişdir.

Cari ildə Qətərin paytaxtı Doha şəhərində keçirilmiş BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü Konqresində fəal təmsil olunmuş, dünyanın 190-dan çox ölkəsindən 3 min yüksək səviyyəli və rəhbər şəxslərin iştirak etdiyi bu mötəbər tədbirdə Qətərin baş naziri Abdulla bin Naser Al-Tani Konqresin prezidenti, Azərbaycanın ədliyyə naziri isə vitse-prezidentlərdən biri seçilmişdir.

Beş ildən bir keçirilən və qlobal səviyyədə cinayətkarlığa qarşı mübarizə siyasətini müəyyən edən forumun sessiyasının birinci günündə ilk nitq söyləyənlər sırasında tərəfimizdən çıxış edilərək dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları və bu sahədə nailiyyətlər barədə məlumat verilmişdir. Həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı iştirakçıların diqqətinə xüsusilə çatdırılmış, iştirakçı dövlətlərə ölkəmizin işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərin və orada qanunsuz iqtisadi fəaliyyətin qarşısının alınması ilə bağlı yazılı müraciət ünvanlanmışdır.

Azərbaycan tərəfinin təklifləri əsasında Ermənistan nümayəndə heyətinin təkidli etirazlarına baxmayaraq qeyd olunan məsələ, eləcə də ədalətli və səmərəli cinayət ədliyyəsi sistemlərinin dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında qurulmasına dair öhdəliklər tədbirdə qəbul olunmuş Doha Bəyannaməsində öz əksini tapmışdır.

Forum çərçivəsində həmçinin, BMT-nin Baş katibi Pan Qi Mun, Konqresin prezidenti Qətərin baş naziri Abdulla bin Naser Al-Tani ilə işgüzar danışıqlar aparılmış, bir sıra dövlətlərin ədliyyə nazirləri və baş prokurorları ilə əməkdaşlığın inkişafı müzakirələr edilmişdir.

Məlum olduğu kimi, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə ümumbəşəri sosial bəla olan korrupsiya ilə sərt mübarizə aparılır. Bu sahədə həmçinin, beynəlxalq əməkdaşlığa mühüm önəm verilərək, Azərbaycan 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidentidir.

Ölkəmizin IAACA-nın işinə verdiyi töhfələr nəzərə alınaraq bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Assosiasiyanın 8-ci İllik Konfransının təntənəli açılışı və ilk əsas sessiyasına sədrlik edilməsi Azərbaycanın ədliyyə nazirinə həvalə olunmuşdur.

Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirlərinə böyük marağın təzahürü olmaqla, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını və müsbət imicinin möhkəmlənməsini bir daha təsdiq edir.

Bu gün Azərbaycan dünyada sülhsevər bir məmləkət, özünə güvənən, müstəqil siyasət yürüdən qüdrətli bir ölkə kimi tanınır. Dünya miqyasında iqtisadi və sosial tərəqqisi ilə seçilən Azərbaycan hökm sürən qlobal iqtisadi böhran şəraitində belə möhkəmlənir, iqtisadiyyatı artır, sosial-infrastruktur layihələr uğurla gerçəkləşdirilir.

Noyabrın 1-də azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkiləri isə xalqımızın gələcək inkişaf kursu ətrafında həmrəyliyinin, ölkəmizin demokratik tərəqqisinin təzahürü olmuşdur.

Eyni zamanda, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərdə, o cümlədən "Böyük İyirmiliyin (G20) Türkiyənin Antalya şəhərində keçirilmiş Sammitində yüksək təmsilçiliyi, eləcə də Azərbaycanın mötəbər beynəlxalq forumlara, möhtəşəm idman tədbirlərinə, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin gərgin əməyi sayəsində bu il ölkəmizin qitənin tarixində ilk dəfə keçirilən "Bakı-2015" Birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməsi dövlətimizin güclü siyasi iradəsini və yüksək nüfuzunu təcəssüm etdirir.

Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin məntiqi nəticəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur, hər birimizi yeni-yeni nailiyyətlərə ruhlandırır.

Ədliyyə işçiləri də dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha əzmkarlıqla və məsuliyyətlə çalışmaq əzmindədirlər.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək bu bayramı bizlərə bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edirlər. Bu günlər bütün ədliyyə sistemində bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yola nəzər salınır, ədliyyə orqanlarında və məhkəmələrdə silsilə bayram tədbirləri təşkil olunur. Həmçinin, hər il olduğu kimi bu ilki bayram ərəfəsində də böyük bir qrup gənc mütəxəssis ədliyyə orqanlarına qulluğa qəbul olunur, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır.

Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıram.

 

Fikrət Məmmədov,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri

Keçidlər