X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə işçilərinin peşə bayramı günü təntənə ilə qeyd olunub

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 97 il ötür. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atıb.

Peşə bayramı ərəfəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Bakı şəhəri Sabunçu, eləcə də Şəki Məhkəmə komplekslərinin açılışını etməsi ədliyyə sisteminə böyük etimadının və yüksək qayğısının təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən xüsusi iftixar hissi və dərin rəğbətlə qarşılanıb.

Bayram günlərində ölkə Prezidentinin ədliyyə orqanları işçilərini yüksək dövlət təltiflərinə layiq bilməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olub.

Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin kütləvi informasiya vasitələrində ölkə başçısının rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə geniş məqaləsi və müsahibəsi dərc olunub. Həmçinin, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çoxsaylı çıxışlar edilib.

Bayramla əlaqədar həmçinin, ədliyyə orqanlarında və məhkəmələrdə silsilə tədbirlər təşkil edilib, ədliyyə veteranlarına baş çəkilib, böyük bir qrup gənc mütəxəssis ədliyyə qulluğuna qəbul olunur, idman tədbirləri, o cümlədən həvəskar ədliyyə işçilərinin velosiped yürüşü keçirilib. Nazirlikdə elektron məlumat lövhəsi quraşdırılıb.

Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 21-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyətin məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.

Sonra mərasim Ədliyyə Nazirliyində davam etdirilib.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Əlamətdar gün münasibətilə ədliyyə işçilərini təbrik edən nazir F.Məmmədov bu bayramın ulu öndər Heydər Əliyev tərəfindən təsis edildiyini diqqətə çatdıraraq, artıq 16 ildir ki, ədliyyə işçilərinin bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini söyləyib.

Ulu öndər Heydər Əliyevin qanunun aliliyinə, qanunçuluğun təmin olunmasına, ədalətin bərqərar edilməsinə daim xüsusi diqqət yetirdiyini deyən nazir Ümummilli Liderin Azərbaycanda müasir məhkəmə-hüquq sisteminin müəllifi olduğunu söyləyib, bu günlərdə Türkiyədə nəşr olunan "Azərbaycanın səsi" jurnalının xüsusi buraxılışının "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi" mövzusuna həsr olunmasını və nəşrdə ədliyyə orqanlarının fəaliyyətinə də geniş yer verilməsini məmnunluqla bildirib. 

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin ideya və amallarını davam etdirərək ölkəmizi ən sürətlə inkişaf edən dövlətlər sırasına çıxarıb. Ölkə həyatının bütün sahələrində dinamik tərəqqinin və böyük uğurların şahidi oluruq. Noyabrın 1-də azad, şəffaf və ədalətli keçirilən parlament seçkiləri xalqla iqtidarın həmrəyliyini bir daha nümayiş etdirdi.

Ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə də xüsusi diqqət yetirildiyini deyən F.Məmmədov qanunvericiliyin əsaslı surətdə yeniləndiyini, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının icra olunduğunu qeyd edib. Bu müddətdə bir çox ədliyyə işçisinin, hakimlərin yüksək fəxri adlara, ali xüsusi rütbələrə, orden və medallara layiq görüldüyünü vurğulayan nazir bildirib ki, bütün bunlar üzərimizə daha böyük və məsuliyyətli vəzifələr qoyur. Çalışmalıyıq ki, bu etimadı layiqincə doğruldaq.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışı zamanı keçirilən müşavirədə Məhkəmə-Hüquq Şurasının fəaliyyətini, məhkəmə-hüquq sahəsində aparılan islahatları yüksək qiymətləndirdiyini məmnunluqla xatırladıb, eyni zamanda, dövlətimizin başçısının qarşıya mühüm vəzifələr qoyduğunu bildirib. F.Məmmədov bu vəzifələrin - qanunun aliliyinin, ədalətin, ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiyaya qarşı qəti və barışmaz mübarizə aparılması ilə bağlı tapşırıqların icrasına dair Məhkəmə-Hüquq Şurasının geniş iclasının keçirildiyini, dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin ətraflı müzakirə olunduğunu bildirib. Bu vəzifələrin icrasına nail olunması üzrə tədbirlərin davam etdiriləcəyini vurğulayan nazir fəaliyyətin Prezidentin yüksək tələbləri səviyyəsində qurulması işində kollektivə uğurlar arzulayıb.

Sonra Prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin orden və medallarla təltif olunması barədə 2015-ci il 20 noyabr tarixli Sərəncamı oxunub, fəaliyyətdə fərqlənmiş əməkdaşlar mükafatlandırılıb, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və s. təltiflər təqdim olunub.

Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev peşə bayramı münasibətilə təbriklərini çatdırıb, Azərbaycan ədliyyə orqanlarının fəaliyyətinin müasir tələblərə, beynəlxalq standartlara cavab verdiyini bildirib. "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində müasir məhkəmə bina və komplekslərinin istifadəyə verildiyini və hazırda bu prosesin davam etdirildiyini vurğulayan R.Rzayev dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrasında ədliyyə işçilərinə uğurlar arzulayıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın hüquq ictimaiyyəti üçün əlamətdar günün - ədliyyə işçilərinin peşə bayramının ulu öndər Heydər Əliyev tərəfindən təsis edilməsini məmnunluqla xatırladaraq bu bayramın ölkəmizdə geniş qeyd edildiyini vurğulayıb. Son illərdə məhkəmə-hüquq sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirən F.Abdullayev respublikamızda hüquq siyasətinin həyata keçirilməsində ədliyyə orqanlarının aparıcı rolunu xüsusi vurğulayıb.

Müstəqil Azərbaycanın Konstitusiyasının 20 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu vurğulayan F.Abdullayev Əsas Qanunun hüquqi dövlət quruculuğu baxımından ədliyyə orqanlarının da üzərinə böyük vəzifə qoyduğunu qeyd edib. Bildirib ki, ədliyyə orqanları bu mühüm vəzifənin öhdəsindən layiqincə gəlib və bu iş hazırda da davam etdirilir.

Əlamətdar gün münasibətilə ədliyyə işçilərinə təbriklərini çatdıran milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev ulu öndər Heydər Əliyevin məhkəmə-hüquq sahəsini daim diqqət mərkəzində saxladığını bildirib. M.Quliyev Prezident İlham Əliyevin də ədliyyə orqanlarına yüksək diqqət və qayğı göstərdiyini məmnunluqla qeyd edib, dövlətimizin başçısı tərəfindən bayram ərəfəsində ədliyyə işçilərinin təltif edilməsinin bunun göstəricisi olduğunu söyləyib.

Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri çıxış edərək ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib, ədliyyə orqanlarının cəmiyyətimizdə rolunu və şəffaf fəaliyyətini vurğulayıb, nazirlik tərəfindən ictimaiyyətlə əlaqələrə hər zaman xüsusi önəm verilərək vətəndaş cəmiyyəti institutları ilə səmərəli qarşılıqlı münasibətlərin həyata keçirildiyini bildiriblər.

Dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçiləri çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Gənc ədliyyə işçiləri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını dərin minnətdarlıq hissi ilə vurğulayıb, ədliyyə sistemində şəffaf müsabiqə yolu ilə yüksək nəzəri hazırlığa və sağlam mənəviyyata malik gənc hüquqşünasların işə qəbulunun aparıldığını qeyd edərək ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər. 

Tədbirdə ədliyyə işçilərinin Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarından əminlik ifadə olunub.

Keçidlər