X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə işçiləri şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər

Xalqımızın milli qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 26 il ötür. XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən biri kimi tarixə əbədi həkk olunmuş bu faciəli günlər öz ölkəsinin və xalqının azadlığı uğrunda həmvətənlərimizin əzmkarlığını, əyilməzliyini və məğrurluğunu nümayiş etdirib.

Ümumxalq hüzn günündə ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

Bu hadisələrin ildönümü ilə əlaqədar ədliyyə orqanlarında tədbirlər təşkil olunaraq nazirlikdə Qanlı Yanvar faciəsi ilə bağlı sənədlərdən, arxiv və fotoşəkillərdən ibarət xüsusi stend hazırlanıb, həmçinin bu barədə materiallar elektron məlumat lövhəsində yayımlanıb,  kinozalda 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Nazirlikdə və struktur qurumlarda keçirilmiş anma mərasimlərində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli tarixə bir daha nəzər salınaraq 1990-cı il 20 Yanvar faciəsinin cinayətkar imperiya rəhbərliyinin ölkəmizlə bağlı apardığı qərəzli siyasətə, bundan bəhrələnən Ermənistanın ərazi bütövlüyümüzü pozmaq cəhdlərinə qarşı etirazlarını bildirən dinc əhaliyə divan tutmaq məqsədilə törədildiyi, yüzlərlə günahsız insanın amansızcasına qətlə yetirildiyi, yaralandığı və qanunsuz həbs olunduğu diqqətə çatdırılıb.

Xüsusilə vurğulanıb ki, həmin ağır günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının törədilməsini cəsarətlə bəyan edən ümummilli lider Heydər Əliyev  tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verilmiş, şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, şəhid ailələri və əlillər dövlət qayğısı ilə əhatə olunmuşdur.

Yığıncaqlarda Ümummilli Liderin siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tarixi gün barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması, şəhid ailələrinin və əlillərin problemlərinin həlli istiqamətində xeyli işlərin görüldüyü, o cümlədən bu ərəfədə onların sosial müdafiəsinin gücləndirilməsi üzrə mühüm qərarların qəbul olunduğu qeyd edilib, şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilib.

Keçidlər