X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə qərarlarının icrası diqqət mərkəzindədir

Fevralın 13-də Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr geniş müşavirədə müzakirə edilmişdir...

Məhkəmə icraçıları xidmətinin bütün yerli qurumları rəhbərlərinin iştirakı ilə keçirilmiş iclası açan ədliyyə nazirinin müavini Vilayət Zahirov dövlət başçısının tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində məhkəmə qərarlarının icrasının yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü işlərdən danışmış, xidmətin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, onun maddi texniki bazasının gücləndirilməsini, o cümlədən yerli qurumların avtonəqliyyat vasitələri ilə təmin olunmasını vurğulamışdır.

Məhkəmə icraçıları baş idarəsinin rəisi, Baş məhkəmə məmuru X.Zeynalov iclasda məruzə ilə çıxış etmişdir. 

Tədbirdə qeyd edilmişdir ki, mühüm insan hüquqlarının təminatına yönəlmiş bu fəaliyyət daim nazirliyin rəhbərliyinin diqqət mərkəzində olmuş, aktual məsələlər Kollegiyada müzakirə edilmiş, bu sahədə zəruri normativ sənədlər qəbul olunmuş, kadrlarla işə xüsusi əhəmiyyət verilmiş, açıq müsabiqədə uğur qazanmış hazırlıqlı gənclərin işə qəbulu, əməkdaşların peşəkarlığının və məsuliyyətinin artırılması üzrə təsirli tədbirlər görülmüş, müxtəlif səbəblərdən uzun müddət icrasız qalmış məhkəmə qərarlarının icrası təmin edilmişdir.

Son illər icraata daxil olan sənədlərin sayı kəskin surətdə artaraq 2008-ci ildə 100 mini ötmüş və onların 90%-dən çoxunun icrasına nail olunmuşdur. Məhkəmə qərarlarının icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməyən 605 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, məhkəmə qərarlarını qərəzli icra etməyən 82 şəxs barəsində cinayət işi başlanılaraq məhkəmə məsuliyyətinə verilmişdir.

Məhkəmə qərarlarının icrası nəticəsində hüquqi və fiziki şəxslərə ötən il ödənilən vəsaitin məbləği 40% artaraq 21 mln. manatdan çox olmuş, dövlət büdcəsinə ödənilən vəsaitin məbləği isə 2007-ci illə müqayisədə 60%-ə qədər artmışdır.

Eyni zamanda, mövcud problemlər və ciddi nöqsanlar kəskin tənqid edilərək təhlil edilmiş və qeyd olunmuşdur ki, bəzi işçilər tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilərək, icra tədbirləri vaxtında keçirilməmiş, vətəndaşlar get-gələ salınmış və digər kobud pozuntulara yol verilmiş, bu da ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərərək əhalinin haqlı narazılığına səbəb olmuşdur.

Bununla əlaqədar bir sıra yerli qurum rəhbərlərinin hesabatı dinlənilmiş və ciddi nöqsanlarla bağlı qəti tədbirlər görülmüşdür.

Ədliyyə nazirinin əmri ilə Bakı şəhəri Suraxanı rayon məhkəmə icraçıları şöbəsinin rəisi, Nərimanov rayonu məhkəmə icraçıları şöbəsinin böyük məhkəmə icraçısı tutduqları vəzifədən azad edilmiş, Nərimanov rayon məhkəmə icraçıları şöbəsinin rəisinə şiddətli töhmət elan edilmiş və işdə dönüş yaratması üçün ona 6 ay vaxt verilmiş, habelə digər 10 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir.

Eyni zamanda, Nazirliyin Məhkəmə icraçıları baş idarəsinin rəhbərliyinə nəzarətin gücləndirilməsi, tabe qurumların fəaliyyətində olan nöqsanların aradan qaldırılması barədə ciddi tapşırıqlar verilmişdir.

Elə həmin gün məhkəmə qərarlarının icrası ilə bağlı geniş seminar keçirilmiş, aktual mövzular üzrə çıxışlar edilmiş, o cümlədən bu sahədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə dair ölkəmizin Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Ç.Əskərov çıxış etmişdir.

Keçidlər