X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

"Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Ədliyyə Nazirliyində təqdimat keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan  "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası çərçivəsində Ədliyyə Nazirliyində Xocalı soyqırımına həsr olunan təqdimat keçirilib.

Nazirliyin rəhbərliyinin və məsul şəxslərinin, gənc ədliyyə işçilərinin iştirakı ilə keçirilən tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Təqdimat zamanı Xocalı soyqırımı ilə bağlı qısametrajlı film nümayiş etdirilib. "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov kampaniyanın məqsədləri və fəaliyyəti, bu dəhşətli faciənin dünyada tanıdılması istiqamətində atılan addımlar, hazırlanan müxtəlif nəşr, video və digər təbliğat vasitələri barədə təqdimatla çıxış edib. Kampaniyanın fəaliyyəti ilə bağlı suallar cavablandırılıb, təkliflər səslənib, fikir mübadiləsi aparılıb.

Yığıncaqda Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi əbədi həkk olunan Xocalı hadisələrindən danışılaraq bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinin zəbt olunması, işğal nəticəsində şəhərin büsbütün darmadağın edilməsi, dinc əhaliyə amansız divan tutulması, o cümlədən qadınların, uşaqların və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi, neçə-neçə ailənin tamamilə məhv edilməsi, dövlətin və əhalinin əmlakının zorakılıqla və vəhşicəsinə talan edilməsi xalqımıza qarşı törədilən misli görünməmiş vandalizm aktıdır. Diqqətə çatdırılıb ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. Erməni qəsbkarlarının törətdikləri Xocalı soyqırımı zamanı BMT-nin Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.

Tədbirdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş bu qanlı cinayətə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üzrə mühüm addımların atıldığı, bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi vurğulanıb.

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar nazirlikdə həmçinin faciə ilə bağlı sənədlərdən və foto materiallardan ibarət xüsusi stend hazırlanıb, bu barədə materiallar elektron məlumat lövhəsində yayımlanır, kinozalda erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər nümayiş etdirilir.

Faciə qurbanlarının xatirəsi nazirlikdə və onun struktur qurumlarında ehtiramla yad edilib.

Keçidlər