X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilmişdir

Ədliyyə Nazirliyində keçirilmiş kollegiya iclasında 2008-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Kollegiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, həyata keçirilən dinamik iqtisadi inkişaf, quruculuq işləri, uğurlu xarici siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini qeyd etmiş, ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə genişmiqyaslı tədbirləri vurğulamışdır. Qeyd edilmişdir ki, ötən ilin ən mühüm siyasi hadisəsi olan prezident seçkilərində cənab İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə prezidenti seçilməsi böyük öndər Heydər Əliyevin siyasi irsinin təntənəsinin bariz nümunəsi olmuş, xalqımız öz tarixində daha bir uğur və nailiyyətə imza ataraq davamlı inkişafa təminat əldə etmişdir.

İclasda nazirlik tərəfindən qanunveriiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, əhaliyə keyfiyyətli hüquqi yardım göstərilməsi, beynəlxalq hüquq əməkdaşlığının daha da genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və ədliyyə fəaliyyətinin digər sahələri üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi, ölkəmizin surətli inkişafının məntiqi nəticəsi olaraq görülən işlərin miqyasının daha da artması qeyd edilmişdir.

Belə ki, ədliyyə nazirliyi tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə hazırlanan qanunvericilik layihələrinin sayı 2003-cü illə müqayisədə 2,3 dəfə, notariat hərəkətlərinin sayı 1,6 dəfə çoxalmış, istintaq edilən cinayət işlərinin sayı 3 dəfə, icra edilən məhkəmə qərarlarının sayı 2 dəfə, qeydiyyata alınan qeyri-kommersiya hüquqi şəxslərinin sayı 12 dəfə artmışdır. Əhalinin hüquqi maarifləndirilməsi və şəffaflığın artırılması məqsədilə nazirliyin 3 əlavə internet saytı, 2 əlavə hüquq jurnalı, “Ədliyyə” qəzeti və digər dövri nəşrləri dərc olunmağa başlanmışdır.

Ədliyyə orqanları tərəfindən əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə yeni iş metodları, elm və texnikanın müasir nailiyyətlərinin tətbiqinə başlanmış, o cümlədən 2007-ci ildə milli qanunvericiliyin elektron bazası, ötən ildə isə «Vətəndaşlıq vəziyyəti aktları» Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi yaradılmış, notariat orqanlarını vahid elektron şəbəkədə birləşdirən «Elektron notariat» sisteminin fəaliyyəti genişlənmişdir. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemləri vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdiriləcək, habelə keçən əsrin əvvəllərindən, müxtəlif orqanlarda parakəndə şəkildə olan vətəndaşlıq vəziyyəti barədə məlumatların toplanması, təzələnməsi və etibarlı qorunması mümkün olacaqdır.

Həmçinin, cinayət mühakimə icraatında, habelə məhkəmə ekspertizalarının aparılmasında müasir texnoloji yeniliklərin tətbiq olunmasına, məhkəmə qərarlarının daha operativ icrası məqsədilə mərkəzləşdirilmiş məlumat-informasiya bankının yaradılmasına başlanmışdır. Kollegiyada qeyd olunmuşdur ki, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər davam etdirilmiş, insanların məhkəmə müdafiəsi hüququnun real təmin olunması üzrə tədbirlər nəticəsində məhkəmələrə müraciətlərin dəfələrlə artması icra işlərinin də xeyli çoxalmasına səbəb olmuşdur. Belə ki, hesabat ilində məhkəmə icraçıları xidmətinin icraatında 100 mindən çox icra sənədi olmuş və onların 90% tam icra edilmiş, hüquqi və fiziki şəxslərə ödənilən vəsait 2007-ci illə müqayisədə 40%-ə qədər artaraq 21 milyon manatdan çox olmuşdur.

Məhkəmə qərarlarının icrasından yayınan 605 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, 82 nəfər barədə cinayət işi başlanmışdır.

Məhkəmə qərarlarının icrası ilə bağlı görülmüş işlər bu günlərdə məhkəmə icraçıları ilə keçirilmiş geniş müşavirədə müzakirə olunaraq, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması üzrə əlavə tədbirlər müəyyən olunmuş, mövcud nöqsanlar qeyd edilərək, işinin öhdəsindən gələ bilməyən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən ədliyyə orqanlarından xaric edilmişlər.

2008-ci ildə inzibati nəzarət qaydasında 16 minədək bələdiyyə aktına baxılmış, 436 bələdiyyə aktı ləğv edilmiş, 15 bələdiyyə ilə bağlı materiallar prokurorluq orqanlarına təqdim edilmişdir. Bələdiyyələr tərəfindən qanunsuz ayrılması müəyyən edilmiş 6 min hektardan çox torpaq sahəsinin geri qaytarılması təmin olunmuşdur.

2008-ci ildə penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların saxlanması şəraitinin yaxşılaşdırılması, o cümlədən yeni müasir müəssisələrin inşası, tibb xidmətinin, məhkumların sosial reabilitasiyası işinin və cəzaçəkmənin humanistləşdirilməsi üzrə əsaslı tədbirlər görülmüş, 2003-cü illə müqayisədə 2008-ci ildə məhkumlar arasında baş vermiş ölüm hadisələrinin sayı 40%, o cümlədən vərəm xəstəliyindən vəfat edənlərin sayı 3 dəfə azalmışdır. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan MR-da penitensiar kompleks istifadəyə verilmiş, Lənkəran və Şəki şəhərlərində eyni tipli müəssisələrin, Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni həbsxananın inşası davam etdirilmiş, Zabrat qəsəbəsində isə yeni istintaq təcridxanasının tikintisi üzrə işlər sürətləndirilərək, onun yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı bu günlərdə penitensiar sistemdə qanunçuluğun və nizam-intizamın daha da gücləndirilməsi, mövcud nöqsanların aradan qaldırılması məqsədilə bu sahədə əlavə tədbirlər müəyyən olunmuş, ötən il fəaliyyətində kobud qanun pozuntulara və ciddi nöqsanlara yol vermiş 46 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, 16 əməkdaş tutduğu vəzifədən azad edilmiş, o cümlədən 13 nəfər ədliyyə orqanlarından xaric edilmişdir.

Hesabat ilində nazirliyin Məhkəmə ekspertizası mərkəzinin maddi-texniki bazası xeyli möhkəmlənmiş, dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri və nadir ölkələrdə təsadüf olunan 22 adda ən müasir kriminalistik avadanlıq alınmış, yeni elmi-tədqiqat laboratoriyaları təşkil edilmişdir. Müasir texnologiyaların tətbiqi ekspertiza təhqiqatlarının dairəsini genişləndirərək, onların operativ, dolğun və dəqiq aparılmasını və rəylərin mötəbərliyini təmin edir, bununla da cinayətkarlıqla mübarizə işinə dəyərli töhfə verilir.

Ədliyyə orqanlarını yüksək hazırlığa malik işçilərlə möhkəmləndirmək, zəruri kadr ehtiyatı formalaşdırmaq məqsədilə yeni qaydalarla, şəffaf prosedurlar əsasında seçilmiş 587 nəfər ədliyyə orqanlarına işə qəbul olunmuşdur. Ədliyyə Akademiyasının ötən ilin noyabrında ölkə başçısı tərəfindən Nizamnaməsi təsdiq edilmiş, ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən şəxslərin, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlərin Akademiyada peşə fəaliyyətlərinə buraxılması məqsədilə icbari təlimin keçirilməsi nəzərdə tutulmuşdur. Kollegiyada vurğulanmışdır ki, dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarının icrası çərçivəsində hakim korpusunun ən şəffaf və prinsipial prosedurlarla formalaşdırılması, yeni məhkəmələrin, o cümlədən bölgələrdə apellyasiya məhkəmələrinin yaradılması, hakimlərin və məhkəmə aparatı işçilərinin sayının artırılması, hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və s. üzrə ölkəmizdə görülən mütərəqqi tədbirlər ədalət mühakiməsinin səmərəliliyinin, vətəndaşların məhkəmələrə inamının artmasına xidmət etmişdir.Eyni zamanda, vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, onların məhkəmə fəaliyyəti barədə məlumatlılığının genişləndirilməsi, bu orqanlarda aşkarlığın artırılması, müasir tələblərə cavab verən iş prosesinin təşkil edilməsi məqsədilə, Dünya Bankı ilə həyata keçirilən "Ədliyyə sektorunun müasirləşdirilməsi" Layihəsi çərçivəsində ən yaxın zamanda Bakı şəhərinin əksər rayon və digər məhkəmələr üçün yeni müasir tələblərə uyğun binalar inşa ediləcəkdir.

İclasda ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş işlərlə yanaşı, mövcud nöqsanlar və problemlər, qarşıda duran vəzifələr ətraflı müzakirə olunmuş, ədliyyə sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsi, islahatların davam etdirilməsi və inkişafın sürətləndirilməsi məqsədilə dövlət başçısının 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı»nın icrasının təşkili barədə məsələyə baxılmış, onun dolğun icrasına dair zəruri tapşırıqlar verilmiş, müvafiq tədbirlər müəyyən olunmuşdur.

Kollegiyada çıxış edən ədliyyə işçiləri qeyd edilən Dövlət Proqramının ədliyyə fəaliyyətinə böyük diqqət və etimadın təzahürü olduğunu bildirərək, dövlət başçısına dərin minnətdarlıqlarını ifadə etmiş, proqramın ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsinə və inkişafına təminat verməklə, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasına, bu orqanlara müraciət imkanarının asanlaşmasına və vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəyi vurğulanmışdır.

 

Keçidlər