X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Səudiyyə Ərəbistanı ölkəmizlə hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının prokurorluğu və Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin rəhbər işçilərindən ibarət geniş tərkibli nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

Görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov ölkələrimizin dostluq və səmərəli əməkdaşlıq münasibətlərini, ölkə rəhbərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib, dövlətlərimizin həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək olduğunu vurğulayıb, hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Eyni zamanda, Azərbaycanın məhkəmə-hüquq sistemi, bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan köklü mütərəqqi islahatlar, o cümlədən Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi üzrə görülən işlər barədə məlumat verilib.

Həmçinin, Ədliyyə Akademiyasının müasir tədris üsulları tətbiq olunmaqla ədliyyə orqanlarına, prokurorluğa və vəkilliyə namizədlərin icbari təlimi, hakimliyə namizədlərin ilkin uzunmüddətli və hakimlərin davamlı tədrisi, bu kateqoriyadan olan və digər hüquqşünasların ixtisasının artırılması ilə bağlı fəaliyyəti qonaqların diqqətinə çatdırılıb.

Azərbaycanın bu sahədə nailiyyətlərinə və müsbət təcrübəsinə maraq göstərən nümayəndə heyəti ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə yüksək səviyyəyə qaldırılması ilə bağlı niyyətini ifadə edib, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Keçidlər