X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmiz beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Ölkəmiz beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Konfransın açılışı

Dövlət başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Azərbaycan dünyanın əksər dövlətlərini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidentidir.

Ədliyyə naziri F.Məmmədovun sədrliyi ilə konfransın əsas plenar sessiyası

Cari il mayın 10-13-də Çin Xalq Respublikasının Tiançin şəhərində Assosiasiyanın 9-cu İllik tədbirləri keçirilib.

Konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

IAACA-nın tədbirləri onun rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası ilə başlanıb. Əsas təşkilati məsələlərin baxıldığı iclasda məruzə ilə F.Məmmədov çıxış edib və müvafiq qərar qəbul olunub.

İcraiyyə Komitəsinin iclası

Konfransda dünyanın 70 dövlətindən 300-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə, ixtisaslaşmış antikorrupsiya orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, tanınmış hüquqşünaslar iştirak ediblər. Mötəbər forumun açılışında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Hüquqi Məsələlər üzrə Komissiyasının rəhbəri Menq Çianju, IAACA-nın prezidenti və Çinin baş prokuroru Çao Cianminq, Tiançin partiya komitəsinin katibi və şəhərin meri Xuonq Ksinquo, BMT-nin və digər beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri çıxış ediblər.

Antikorrupsiya qurumlarının fəaliyyətinə həsr olunmuş Konfransın əsas plenar sessiyasına Azərbaycanın ədliyyə naziri sədrlik edib.

Nazir giriş nitqi ilə çıxış edərək antikorrupsiya orqanlarının inkişafı, rolu və əsas fəaliyyət istiqamətlərindən bəhs edib, Azərbaycanda bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan əhatəli institusional və praktiki tədbirlər, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin yaradılması, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun səlahiyyətlərinin genişləndirilməsi, kadr və maliyyə potensialının gücləndirilməsi barədə məlumat verib.

Sonda sessiyaya yekun vuran F.Məmmədov antikorrupsiya qurumlarının gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dair təkliflərlə çıxış edib.

Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslarda fəal iştirak edib, respublika Baş prokurorunun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev plenar sessiyada çıxış edərək İdarənin işi, onun səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığa verilən töhfələr barədə təqdimatla çıxış edib, bu zaman Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində ölkəmiz tərəfindən beynəlxalq antikorrupsiya internet şəbəkəsinin aparılmasını qeyd edib. Konfransda çıxış edənlər ölkəmizin korrupsiyaya qarşı qlobal mübarizədə fəal iştirakını, bu sahədə qeyd olunan şəbəkənin mühüm rolunu vurğulayıblar.

Ümumi Yığıncaqda çıxış

Eyni zamanda, əsas təşkilati və kadr məsələlərini həll edən Ümumi Yığıncaq keçirilib. Tədbirdə Assosiasiyanın rəhbərliyi adından IAACA-nın vitse-prezidenti F.Məmmədov əsas məruzəçi qismində çıxış edərək təşkilatın yeni prezidenti vəzifəsinə Qətərin baş prokurorunun namizədliyini təqdim edib, həmçinin, İcraiyyə Komitəsinin tərkibinə dair təkliflər irəli sürüb. Bütün təkliflər Ümumi Yığıncaq tərəfindən təsdiq olunub.

Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair Bəyannamə qəbul olunub.

Çinin baş prokuroru Çao Cianminq ilə görüş

Tədbir çərçivəsində Çinin baş prokuroru Ç.Cianminq ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Çin arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ölkə Prezidenti cənab İlham Əliyevin ötən ilin dekabrında Çinə dövlət səfərinin və müxtəlif, o cümlədən hüquq sahəsi üzrə imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə böyük təkan olduğu vurğulanıb. Çinin Baş prokuroru Assosiasiyaya prezidentliyi dövründə ölkəmizin IAACA-nın inkişafına davamlı töhfələrini və dəstəyini yüksək qiymətləndirib.

Konfrans zamanı həmçinin bir sıra dövlətlərin baş prokurorları və antikorrupsiya orqanlarının rəhbərləri, habelə beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair danışıqlar aparılıb.

 

Keçidlər