X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Sankt-Peterburqda mötəbər beynəlxalq hüquq forumu keçirilib

Mayın 18-21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VI Beynəlxalq Hüquq Forumu keçirilib.

Dünyanın 80-dən çox ölkəsindən 3500 nümayəndənin, o cümlədən ədliyyə, məhkəmə, prokurorluq və digər qurumların, habelə nüfuzlu hüquq şirkətləri və beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış hüquqşünas alimlərin iştirak etdiyi tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini Azər Cəfərov təmsil edib.

Bu mötəbər forumu giriş nitqi ilə Rusiyanın Baş naziri Dmitri Medvedev açıb, həmçinin plenar iclasın işinə yekun vurub.

Sonra interaktiv dialoq şəraitində aparılan tematik konfranslar və dəyirmi masalarda milli qanunvericiliklərin, hüquq elmi və təhsilinin inkişafına, məhkəmə hakimiyyətinin, notariat və məhkəmə ekspertizası fəaliyyətinin, bütövlükdə hüquq sistemlərinin müasirləşdirilməsinə, konstitusion inkişafın problemlərinə, kibercinayətkarlıqla mübarizəyə və s. bir çox aktual məsələlərə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb, müzakirələrdə fəal iştirak edilib.

Forum çərçivəsində həmçinin, Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalov və onun müavinləri, Federal Məclisin Dövlət Dumasının Konstitusiya qanunvericiliyi və dövlət quruluşu komitəsinin sədri Vladimir Pligin, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru, akademik Taliya Xabriyeva, Rusiya Federasiyası Prezidentinin müşaviri və Hakimlərin Ali Attestasiya Kollegiyasındakı nümayəndəsi Veniamin Yakovlev, İran İslam Respublikası ədliyyə nazirinin müavini Mahmud Abbasinin başçılıq etdiyi nümayəndə heyəti və digər şəxslərlə görüşlər keçirilib.

Müzakirə və görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ədliyyənin inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi, o cümlədən məhkəmənin müstəqilliyinin təmin olunması, müasir məhkəmə infrastrukturunun və elektron məhkəmənin yaradılması üzrə görülən genişmiqyaslı işlər, həmçinin ölkə qanunvericiliyindəki mütərəqqi yeniliklər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Keçidlər