X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan və Rusiya arasında hüquqi əlaqələr genişlənir

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verilir. 2001-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanaraq, hüquqi əməkdaşlığın genişləndirilməsinə təkan verilib, müqavilə-hüquq bazası möhkəmləndirilib, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birgə tədbirlər keçirilib.

İyunun 9-da Rusiyanın ədliyyə naziri Aleksandr Konovalov Azərbaycanda səfərdə olub. Rusiyalı nazir Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklik qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaq həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub.

Səfər zamanı nazir A.Konovalov respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.

Ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan nazir F.Məmmədov bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib, ötən ilin payızında Sankt-Peterburq şəhərində keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının illik konfransı çərçivəsində görüşünü xatırladıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat verib, ölkəmizdə hakimlərin seçiminin Avropada örnək kimi dəyərləndirildiyini, elə bu gün hakimliyə namizədlərlə vahid auditoriyada ən şəffaf şəraitdə və internetdə onlayn rejimdə yayımlanmaqla test imtahanının keçirildiyini qeyd edib. Həmçinin ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə və digər görülən işlərdən danışıb.

Qonaq Azərbaycan və Rusiya arasında tarixi dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahədə uğurla inkişaf etdiyini, Ədliyyə nazirliklərinin ən intensiv qarşılıq fəaliyyət göstərdiyini, o cümlədən vətəndaşların məmnunluğuna xidmət edən hüquqi yardım üzrə əməkdaşlığı və bu sahədə iş həcminin artdığını vurğulayıb. A.Konovalov hüquqi əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu söyləyərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı fəaliyyətin gələcək prioritetləri müzakirə olunaraq maraq doğuran sahələr üzrə təkliflər irəli sürülüb, birgə tədbirlərin keçirilməsinə dair razılığa gəlinib.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub, Rusiyanın ədliyyə nazirinə müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilib.

Tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin iştirak edib.

 

Keçidlər