X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi Penitensiar xidmətində geniş müşavirə keçirilib

Ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətdə geniş müşavirə keçirilib.

Penitensiar xidmətin, Tibb baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbər şəxslərinin, bütün cəzaçəkmə müəssisələri rəislərinin iştirak etdiyi tədbirdə çıxış edən nazir son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının, o cümlədən penitensiar sistemin inkişafı üzrə aparılan genişmiqyaslı islahatlar barədə məlumat verib.

Bildirilib ki, ölkəmizin sosial-iqtisadi tərəqqisi penitensiar sistemin müasirləşdirilməsinə əsaslı təsir göstərib, bu sahədə aparılan köklü islahatlar nəticəsində cəza-icra siyasəti humanistləşdirilərək məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilib, saxlanma şəraiti, tibbi və digər təminatları yaxşılaşdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində həmçinin, məhkumların sosial reabilitasiyası, cəmiyyətə qovuşmasının asanlaşdırılması məqsədilə paytaxtda və  regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir tipli penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilib və bu sahədə işlər davam etdirilir. 

Ədliyyə Nazirliyində ictimaiyyətin iştirakı ilə formalaşdırılmış xüsusi Komissiya tərəfindən məhkumları vaxtından əvvəl cəzadan şərti azad etmənin şəffaf qaydada bu günədək 5000-dən çox məhkuma tətbiqi onların sosial reabilitasiyasını asanlaşdırır, haqqa və ədalətə inamı artırır, həmçinin residiv cinayətlərin sayını kəskin azaldıb.

Bununla yanaşı, penitensiar sistemdə şəffaflığın və ictimai iştirakçılığın təmin olunması məqsədilə vətəndaş cəmiyyəti institutları, habelə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir.

Məhkumlara keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində də xeyli işlər görülüb, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıq nəticəsində vərəmə qarşı mübarizədə ən yüksək göstəricilərə nail olunub, bir çox xarici dövlətlərin nümayəndələri Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələniblər.

İclasda xüsusilə vurğulanıb ki, Ümummilli Liderin humanizm siyasəti dövlətimiz tərəfindən uğurla həyata keçirilir, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən ay Respublika günü münasibətilə yeni, sayca 4-cü amnistiya elan olunub və bu humanist qərarın 10 min məhkuma şamil olunacağı, onlardan 3500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir.

Eyni zamanda, sahibkarlığın inkişafına, iş adamlarına qayğılı münasibətin təzahürü olaraq dövlət başçısının təşəbbüsü ilə iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması, bu qəbildən olan digər cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və ya cəzadan azad olunması ilə bağlı ötən ay Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələn məsələlər müzakirə olunub.

Nazir qeyd olunan aktların mahiyyətindən və əhəmiyyətindən bəhs edərək ədliyyə orqanlarının, o cümlədən Penitensiar xidmətin üzərinə düşən vəzifələrə toxunub, həmin aktların dərindən öyrənilməsi və təbliği, onların vaxtında, mütəşəkkil qaydada və dürüst icrasının təmin olunması ilə bağlı və digər tapşırıqlar verib.

Bununla yanaşı, mövcud problem və çatışmazlıqlar nəzərə çatdırılaraq məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunması, qanunçuluğun və nizam-intizamın möhkəmləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsinin və dövriyyəsinin qarşısının alınması, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verilməməsi, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair konkret göstərişlər verilib.

Həmçinin, islah və təlim-tərbiyə işinin səmərəliliyinin artırılması, istehsalat sahələrinin genişləndirilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə infrastrukturun müasirləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İclasda Penitensiar xidmətin yeni təyin olunmuş rəisi - ədliyyə nazirinin müavini Ceyhun Həsənov kollektivə təqdim olunub. C.Həsənov çıxış edərək, göstərilmiş yüksək etimadı doğrultması, penitensiar sistemdə mütərəqqi islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Keçidlər