X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilib.

Kollegiyada ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqiyə nail olunması vurğulanıb, dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması daim diqqətdə saxlanılaraq, qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən ötən il "Vətəndaşların müraciətləri haqqında" yeni Qanunun qəbul olunması qeyd edilib.

Bildirilib ki, ölkə Prezidentinin 23 iyun 2016-cı il tarixli fərmanları ilə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması və nəzarətin həyata keçirilməsinə dair yeni Qaydalar təsdiq edilib. Eyni zamanda, Qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri müəyyən edilib.

İclasda yeni normativ aktların icrası üzrə tədbirlər müzakirə edilib, qeyd olunan vacib sənədlərin ədliyyə işçiləri tərəfindən dərindən öyrənilməsi, mütəşəkkil və dürüst icrası, onların tələblərinə dönmədən əməl olunması üzrə konkret tapşırıqlar verilib. Bildirilib ki, yeni qanunvericiliyin tələblərinə uyğun olaraq nazirlikdə vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi təkmilləşdirilir, cari ildə daxil olmuş 24.000 müraciətə baxılıb. Həmçinin, nazirliyin rəhbərliyi tərəfindən 1.000-dək vətəndaş, o cümlədən səyyar qaydada qəbul olunub.

Eyni zamanda, ədliyyə orqanlarının digər fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub, məhkəmə qərarlarının icrası, istintaq, notariat və vətəndaşlıq vəziyyəti aktları sahəsində, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, infrastrukturun müasirləşdirilməsi, beynəlxalq əməkdaşlıq üzrə görülmüş önəmli tədbirlər qeyd olunub.

Kollegiyada növbəti yarım il üçün əsas prioritetlər, o cümlədən regional və yerli ədliyyə qurumlarının işinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə əlavə tədbirlərin görülməsi, vətəndaşların daha çox təmasda olduğu ədliyyə qurumlarında məmnunluğun yüksəldilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, ədliyyə işçilərinin peşə hazırlığının artırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə və digər konkret tədbirlər müəyyən edilib.

İclasda həmçinin, nazirlikdə kadrlarla işə dair hesabat dinlənilib. Qeyd olunub ki, ölkə başçısının dövlət qulluqçuları qarşısında qoyduğu əsas meyarlar daim rəhbər tutulmaqla son 10 ildə ədliyyə orqanları hazırlıqlı, mənəvi cəhətdən saf kadrlarla komplektləşdirilərək 5.500-ə yaxın mütəxəssis işə qəbul edilib. Dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı xüsusilə diqqətdə saxlanılır, hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir.

Qulluğa qəbul prosedurları da xeyli sadələşdirilib, test imtahanında iştirak etmək üçün elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir və müsabiqələr mütəmadi xarakter daşıyır. Eyni zamanda, Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq uğur qazanan namizədlər icbari təlimə cəlb edilirlər.

Həmçinin bildirilib ki, kadrların potensialından səmərəli istifadə olunması məqsədilə təkcə ötən il 330 nəfər vəzifədə irəli çəkilib, rotasiya prinsipi ilə 100 nəfərin iş yeri dəyişdirilib. Ümumiyyətlə isə, son illərdə 150-dək əməkdaş yuxarı dövlət hakimiyyəti orqanlarına, həmçinin rəhbər vəzifələrə irəli çəkilib, hakim təyin olunublar.

Kollegiyada bu sahədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, o cümlədən kadr potensialının gücləndirilməsi, mövcud vakansiyaların çevik doldurulması, ədliyyə işçilərinin nəzəri bilik və peşə hazırlıqlarının artırılması, məsuliyyət hissinin yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması və s. üzrə aidiyyəti tapşırıqlar verilib.

Bununla yanaşı, iclasda son vaxtlar qəbul olunmuş mühüm qanunvericilik aktları ilə nazirliyə həvalə olunmuş yeni səlahiyyətlərin dürüst və layiqincə yerinə yetirilməsinin vacibliyi vurğulanıb, habelə ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə və statistik hesabat formalarının təkmilləşdirilməsi məsələlərinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Keçidlər