X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 22-də ədliyyə naziri Fikrət Məmmədov Göygöl rayonu Heydər Əliyev Mərkəzində Göygöl, Samux və Goranboy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri Göygöldə yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, insanların məmnunluğunun yüksəldilməsi ilə bağlı dövlət başçısının tələblərini diqqətə çatdırıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə həmçinin, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.

Keçidlər