X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanın nümayəndə heyəti Cenevrədə səfərdə olmuşdur

Bu günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən İsveçrənin Cenevrə şəhərində bütün qabaqcıl ölkələrin qatıldığı dünya nüfuzlu “İTU Telecom World 2009” beynəlxalq sərgisi keçirilmişdir.

Tədbirdə ölkəmizi müasir texnologiyaların tətbiqi sahəsində ən uğurlu layihələri və nailiyyətləri ilə seçilən qurum və təşkilatların, o cümlədən Ədliyyə Nazirliyinin məsul şəxslərinin iştirak etdiyi nümayəndə heyəti təmsil etmişdir.

BMT-nin Baş katibinin, dövlət və hökumət rəsmilərinin, eləcə də 40 ölkədən 700 şirkət və qurumun, 140 ölkədən 35-45 min qonağın iştirak etdiyi sərgidə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən eksponatlar nümayiş etdirilmişdir.

Bu məqsədlə təşkil olunmuş Azərbaycan Milli pavilyonunda respublikamızda müxtəlif sahələri əks etdirən qabaqcıl texnoloji yeniliklər, o cümlədən Ədliyyə Nazirliyi tərəfindən son dövr ərzində əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin artırılması və ədliyyə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edən bir sıra müasir elektron informasiya sistemləri barədə stendlər yaradılmışdır.

Stendlərin biri ölkə əhalisi barədə ən dolğun dövlət informasiya ehtiyatı olan Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə həsr olunmuşdur. Burada quraşdırılmış monitorda dövlət reyestri barədə ən müasir üsullarla hazırlanmış 3D formatlı ətraflı prezentasiya nümayış etdirilmişdir. Digər stenddə isə "www.justice.gov.az" - Ədliyyə Nazirliyinin internet səhifəsi, "www.e-qanun.az" - milli qanunvericilik portalı, "Vətəndaşlıq vəziyyəti aktları", "Notariat sənədlərinin elektron məlumat bankı", "Elektron cinayət işi", "Kadrların avtomatlaşdırılmış uçotu", "Qüvvədən düşmüş sənədlərin Dövlət Reyestri", "Hakim korpusunun uçotu", "Elektron kargüzarlıq və sənəd dövriyyəsi" elektron informasiya sistemləri, eləcə də Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətində istifadə olunan müasir informasiya və kommunikasiya texnologiyaları barədə məlumatlar öz əksini tapmışdır. Bununla yanaşı, sərgidə təqdim olunan bütün məlumatlar barədə xüsusi hazırlanmış 200-ə yaxın broşür müxtəlif ölkələrdən maraqlanan iştirakçılar arasında paylanmışdır. Sərgi zamanı müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın milli pavilyonu ilə tanış olunmuş, milli pavilyonumuzda nümayiş etdirilən Ədliyyə Nazirliyinə həsr olunmuş stend tədbir iştirakçılarının yüksək marağını cəlb etmişdir.

Keçidlər