X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Türkiyə və Azərbaycanın ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq inkişaf edir

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Hasan Gerçəkəri mayın 13-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Respublikamızın dost və qardaş Türkiyə ilə müxtəlif, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlığını qeyd edən nazir ölkələrimiz arasında zəngin müqavilə-hüquq bazasının mövcud olduğunu söyləmiş, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən köklü məhkəmə-hüquq islahatı, yeni məhkəmə infrastrukturunun yaradılması, habelə Ədliyyə Akademiyasının fəaliyyətinin təşkili üzrə görülən işlər barədə məlumat vermiş, bununla əlaqədar bir sıra xarici ölkələrin, o cümlədən Türkiyənin təcrübəsinin nəzərə alındığını bildirmişdir.

Eyni zamanda, bir qrup hakimliyə namizədin qardaş ölkənin məhkəmə orqanlarında staj keçməsi, habelə yüksək ixtisaslı türkiyəli mütəxəssislərin hakimliyə namizədlər üçün tədris kurslarında iştirakı qeyd olunmuşdur.

Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin sıx olduğunu bildirən qonaq ölkələrimizin müasir demokratik inkişaf yolu ilə inamla irəlilədiyini vurğulamış, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə uğurları alqışlamış, xüsusilə də Ali Məhkəmənin yeni əzəmətli və müasir binası ilə tanışlıqdan heyran qaldığını və bunun Azərbaycanda məhkəmə hakimiyyətinin yüksək nüfuzunun göstəricisi olduğunu bildirmişdir.

Görüşdə iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Tədbirdən sonra qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

Keçidlər