X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

“Qazaxıstan notariatı: vəziyyəti, mərhələləri və inkişaf perspektivləri” mövzusunda Astana şəhərində Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl və Bakı şəhər 5 saylı notariat kontorunun xüsusi notariusu Elmar Kərimov Qazaxıstan Respublikası Notariat palatasının "Qazaxıstan notariatı: vəziyyəti, mərhələləri və inkişaf perspektivləri" mövzusunda iyun ayının 27-dən 29-dək Astana şəhərində keçirilmiş Beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.

Konfranda çıxış edən Qazaxıstan Respublikası Notariat Palatasının sədri A.Janabilova qeyd etmişdir ki, bazar münasibətlərinin inkişafı notariatın rolunu artırmış, notariusu kiçik məmurdan mülki-hüquq münasibətlərinin stabilliyinin qarantına çevirmişdir. 1994-cü ildə hüquqi islahatların Dövlət proqramı təsdiq edilərək həyata keçirilmiş, 1997-ci ildə isə "Notariat haqqında" Qanun qəbul edilmişdir. Qanunun inqilabi xarakteri onunla bağlı olmuşdur ki, notariat sahəsində dövlət monopoliyasına son qoyulmuş və azad notariat institutu təsis edilmişdir.

Ölkə üzrə notariusların sayına dair məhdudiyyət ləğv edilmiş, müvafiq attestasiyadan keçmiş və notariat fəaliyyətilə məşğul olmaq üçün lisenziya almış hər bir şəxsə notariat fəaliyyətilə məşğul olmaq hüququ verilmişdir. Attestasiya iki mərhələdən ibarətdir: kompüter testi və imtahan biletləri üzrə şifahi tapşırıqlar. Attestasiyanın nəticələri üzrə Ədliyyə Nazirliyi müddətsiz lisenziya verir.

Xüsusi notariusların hüquqlarının və qanuni maraqlarının müdafiə edilməsi məqsədilə vilayətlərdə, paytaxtda və respublika əhəmiyyətli şəhərlərdə notariat palataları yaradılmışdır.

Konfransda çıxış edən Litva Pespublikasının notariat palatasının Prezidenti M.Straçkaytis bildirmişdir ki, Litvada notariusların aşağıda göstərilən registrlərə daxil olmaq hüququ verilmişdir: daşınmaz əmlakın, nikah müqavilələrinin, vəsiyyətnamələrin, etibarnamələrin, fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin, hüquqi şəxslərin və əhalinin registri. Əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələri rəsmiləşdirərkən notarius nikah müqavələlərinin registrinə daxil olaraq ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın müqavilə üzrə hüquqi rejimini müəyyən edir.

Ukraynanın notariat palatasının Prezidenti L.Pavlova məlumat vermişdir ki, Ukraynada notariusların sayına məhdudiyyətlərin ləğv edilməsi notariusların sayının həddən artıq çoxalmasına, bu sahəyə nəzarətin zəifləməsinə və korrupsiya hallarına səbəb olmuşdur. Hazırda əşya hüquqlarının notariuslar tərəfindən dövlət qeydiyyatına alınması haqqında qanunun, eləcə də Notariat Prosessual Məcəlləsinin layihəsi hazırlanır.

Rusiyanın Federal notariat palatasının Prezidenti M.Sazonova müasir dövrdə insan hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının təmin ediməsində notariatın rolunun ildən-ilə artdığını və bu institutun daim inkişaf etdirilməsinin vacib olduğunu bildirmişdir. Daha sonra Qazaxıstan Respublikasında notariusların sayına məhdudiyyətlərin ləğv edilməsinin müsbət hal olmadığını, məhdudiyyətləri aradan qaldırmış Latviya və Ukraynada bununla bağlı neqativ təcrübənin olduğunu nəzərə çatdırmışdır. 

Proqram çərçivəsində nümayəndə heyətinə Astana şəhərinin notariat palatasının, notariat arxivinin və Astana şəhərinin notariusu J.Sabitoviçin işi ilə tanış olmaq imkanı yaradılmış, həmçinin Astana şəhərinin görkəmli yerləri ilə tanışlıq və mədəni-kütləvi tədbirlər təşkil edilmişdir.

Keçidlər