X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

“Notariat fəaliyyəti sahəsində dövlət tənzimləməsi və nəzarətinin təkmilləşdirilməsi və informasiya texnologiyalarından istifadə edilməsi” mövzusunda Kiyev şəhərində beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları Vidadi Mayıl və Zaur Həsənov "Notariat fəaliyyəti sahəsində dövlət tənzimləməsi və nəzarətinin təkmilləşdirilməsi və informasiya texnologiyalarından istifadə edilməsi" mövzusunda Kiyev şəhərində Ukraynanın Ədliyyə Nazirliyi tərəfindən 14 dekabr 2012-ci il tarixdə keçirilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak etmişlər.

Konfrans Rusiya Federasiyası, Azərbaycan, Gürcüstan, Belarus, Litva və Latviya Respublikalarının nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Ukrayna ədliyyə nazirinin müavini D.Vorona açılış nitqində Ukrayna notariatının inkişaf və çiçəklənmə dövrünə qədəm qoyduğunu, dostluq və partnyorluq mühiti yaradan konfransın ünsiyyət bayramı olduğunu qeyd etmişdir.

Ukrayna Ədliyyə Nazirliyi Notariat departamentinin direktoru K.Çijmar və Ukrayna Notariat palatasının prezidenti L.Pavlova çıxış edərək Ukraynada notariatın normativ-hüquqi tənzimlənməsi və notariatın özünüidarəetməsi barədə məlumat vermişlər.

Qeyd olunmuşdur ki, notariat dövlət hakimiyyətinin səmərəli mexanizmi olmaqla mülki işlərə dair preventiv ədalət mühakiməsi orqanı kimi inkişaf edir.

1994-cü ildən Ukraynada xüsusi qaydada notariat fəaliyyəti tətbiq olunur. Hazırda fəaliyyət göstərən notariuslardan (7055 notarius) 78 faizi xüsusi notariuslardır.

Notariusların sayının çox olması onların hər birinə düşən notariat hərəkətlərinin azalmasını şərtləndirir və notariusların fəaliyyətini çətinləşdirir.

Bununla bağlı 2013-cü il yanvarın 1-dən aparılmış notariat hərəkətləri nəticəsində əmələ gələn mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması səlahiyyətləri notariuslara verilir. Bu səlahiyyətlərin notariuslara verilməsi notariatın müflisləşmədən xilas edilməsi kimi qiymətləndirilir.

Eyni zamanda xüsusi notariuslara notariat hərəkətlərinə görə ödənişin məbləğini (dövlət rüsumunun məbləğindən az olmamaq şərtilə) müraciət etmiş şəxslə razılaşma ilə müəyyən etmək hüququ verilmişdir.

Notariat sahəsində informasiya texnologiyalarından istifadə edilməsinə xüsusi önəm verilir. Belə ki, notariusların informasiya təminatı məqsədilə elektron formatda Vərəsəlik reyestri, Etibarnamələrin vahid reyestri, Notariat sənədlərinin blanklarının vahid reyestri, Əqdlərin dövlət reyestri və Notariusların vahid reyestri yaradılmışdır.

 Bununla yanaşı notariuslar Daşınmaz əmlakın yüklülüyü reyestri, Daşınmaz əmlak obyektlərinin özgəninkiləşdirilməsinə qadağa reyestri və Dövlət ipotekalar reyestrindən istifadə edirlər.

Nümayəndə heyəti qloballaşma dövründə iqtisadiyyatın və biznesin inkişafında, insan hüquqlarının təmin edilməsində notariatın rolunu qeyd edərək  Azərbaycanda notariat fəaliyyətinə nəzarət mexanizmləri, o cümlədən Ədliyyə Nazirliyinin "Qaynar xətt"i, notariat sahəsində vətəndaşlara göstərilən elektron xidmətlər, universal elektron xidmət köşkləri, "Notariat Sənədlərinin Elektron Məlumat Bankı" və Dövlət Yol Polisinin məlumat bazası arasında məlumat mübadiləsi, həmçinin hazırda formalaşdırılan "Elektron notariat" informasiya sistemi barədə məlumat vermişdir. 

Proqram çərçivəsində nümayəndə heyətinə Kiyev şəhərinin görkəmli yerləri ilə tanışlıq təşkil edilmişdir.

Ukrayna Notariat palatasının prezidenti L.Pavlova, Ukrayna Ədliyyə Nazirliyi Notariat departamentinin direktoru K.Çijmar Azərbaycan nümayəndə heyəti ilə.

Keçidlər