X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiq edilməsi ilə bağlı iclas keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin «Elektron hökumət» portalı haqqında Əsasnamə»nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə» 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə mərkəzi icra hakimiyyəti orqanlarına sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiq edilməsi tapşırılmışdır.

Ölkə başçısının bu tapşırığının icrası məqsədilə 2013-cü ilin 5 mart tarixində Ədliyyə Nazirliyi tərəfindən 35 dövlət orqanının iştirakı ilə informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsinə və istifadə olunmasına həsr olunmuş iclas keçirilmişdir.

İclasda qeyd olunmuşdur ki, müxtəlif informasiya sistemləri və ehtiyatları arasında səmərəli informasiya mübadiləsinin təşkili üçün onlarda şəxsə verilən və onunla bağlı məlumatları birmənalı müəyyən etmək imkanı verən vahid kodun-fərdi identifikasiya nömrəsinin yerləşdirilməsi başlıca şərtdir və Ədliyyə Nazirliyi ən qısa müddətdə bu işin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına bütün zəruri şəraiti yaratmışdır.

Tədbirə qatılan 60-a yaxın iştirakçıya Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması sahəsində görülmüş işlər barədə məlumat verilmiş, əhaliyə fərdi identifikasiya nömrələrinin verilməsi qaydası və həmin nömrələrin digər informasiya sistemlərində yerləşdirilməsi proseduru izah olunmuş, bu işləri əyani nümayiş etdirən video təqdimat keçirilmişdir.

Fərdi identifikasiya nömrəsinin informasiya sistemlərində yerləşdirilməsi işinin təşkili üçün, nazirlik tərəfindən hazırlanmış proqram təminatı, müraciətləri qısa müddət ərzində emal etmək gücündə olan serverlər və şəbəkə infrastrukturunun quruluşu barədə açıqlamalar verilmiş, müvafiq materiallar paylanılmışdır.

Tədbir zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılmış, bu istiqamət üzrə orqanlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

Keçidlər