X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qazaxıstan Respublikasının Astana şəhərində “Ər-arvadın əmlak münasibətlərinin müxtəlif rejimləri” və “Surroqat analıq məsələlərinin hüquqi tənzimlənməsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir

Qazaxıstan və Rusiya Federal notariat palatalarının Astana şəhərində 15-16 may 2014-cü il tarixində təşkil etdiyi beynəlxalq seminarda Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin əməkdaşı Vidadi Mayıl və Masallı rayonunda xüsusi qaydada fəaliyyət göstərən notarius Əlövsət İbrahimov iştirak etmişlər.

Tədbirdə həmçinin Litva, Latviya, Belarus və Qırğızıstan notariatının nümayəndələri iştirak etmişlər. Seminarın əsas hissəsi "Ər-arvadın əmlak münasibətlərinin müxtəlif rejimləri" və "Surroqat analıq məsələlərinin hüquqi tənzimlənməsi" mövzusunda çıxışlardan ibarət olmuşdur.

Tədbiri giriş sözü ilə açan Qazaxıstan notariat palatasının sədri A.Janabilova ailə-hüquq münasibətləri üzrə beynəlxalq təcrübə mübadiləsinin notariat üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir.

Fransa notariat araşdırmalar mərkəzinin direktoru, hüquq doktoru İ.Medvedev "Qarışıq nikahlarda (əcnəbilərlə bağlanan nikahlar) ər-arvadın əmlak hüquq münasibətləri" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Qarışıq nikahlarda ər-arvadın birgə yaşayış yerlərini ölkələr arasında tez-tez dəyişməsinin onların ümumi əmlakının hüquqi rejiminin müəyyən edilməsinə çətinlik törətdiyi, belə nikahların son dövrlərdə artdığı, ötən il Rusiya Federasiyası vətəndaşları ilə Türkiyə və Finlandiya vətəndaşları arasında yüz mindən çox nikahların bağlandığı bildirilmişdir.

Qeyd edilmişdir ki, ər-arvadın əmlak münasibətlərinin tənzimlənməsində nikah müqavilələri mühüm rol oynayır. Bu müqavilənin bağlanması yolu ilə tərəflər qanunla müəyyən edilmiş ümumi əmlak rejiminin dəyişdirilməsi, bütün əmlaka və ya onun ayrı-ayrı növlərinə paylı və ya ayrıca mülkiyyət rejimini, eləcə də əmlak münasibətlərinə dair istənilən digər halları müəyyən etmək imkanı əldə edirlər.

Litva və Latviyada nikah müavilələrinin dövlət registri yaradılmış və notariuslar müvafiq ödənişlər (təxminən üç avro) müqabilində bu registrə daxil olaraq müqavilələrin elektron mətnini əldə edirlər.

Surroqat analığa dair qanunvericilikdə boşluqların olması vurğulanmışdır. Məsələn, Rusiya Federasiyasının qanunvericiliyində surroqat ana ilə uşağın bioloji valideynlərinin münasibətlərini tənzimlənməyən normaların olmadığına görə bəzi hallarda surroqat analar doğulmuş uşağı bioloji valideynlərinə verməkdən imtina edirlər və ya bunun müqabilində əlavə mükafat tələb edirlər.

Fransa, Almaniya, Avstriya, Norvec və ABŞ-ın bəzi ştatlarında isə surroqat analıq tam olaraq qadağan edilmişdir.

Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin əməkdaşı Vidadi Mayıl "Azərbaycan Respublikasında ər-arvadın əmlak münasibətlərinin hüquqi tənzimlənməsi məsələləri" mövzusu üzrə seminarda məruzə ilə çıxış etmişdir.

Ulu Öndər Heydər Əliyevin və tanınmış mütəfəkkirlər A.Çexov, V.Hüqo və A.Şopenhauerin ailə münasibətləri haqqında fəlsəfi fikirləri, Qədim Romada ailə münasibətlərinin hüquqi təbiəti, Azərbaycanda ailə institutuna dövlət qayğısı və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məruzədə edilmiş qeydlər maraqla qarşılanmışdır.

Keçidlər