X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

“Azərbaycan Respublikasında notariusun fəaliyyətində sənədlərin elektron mübadiləsi” və “Müqavilələrin tərtibat metodikası. Alman üsulu” mövzusunda seminar keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi, Rusiya-Almaniya hüquq institutu, Kil universiteti avrasiya iqtisadi hüquq Mərkəzi və Sankt-Peterburq Notariat palatasının təşkil etdiyi Bakı şəhərində 20 sentyabr  2014-cü il tarixində "Azərbaycan Respublikasında notariusun fəaliyyətində sənədlərin elektron mübadiləsi" mövzusunda dəyirmi stol, eləcə də Qəbələ şəhərində 22-23 sentyabr 2014-cü il tarixində "Müqavilələrin tərtibat metodikası. Alman üsulu" mövzusunda keçirilmiş seminarda Qeydiyyat və notariat baş idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl, dövlət notariusları Süleyman Məmmədov, Vaqif Məmmədov və Abdulla Cabbarov, xüsusi notariuslar Elxan Alxasov, Şamil Yusifov, Anar Bəşirov, Elmar Kərimov və Elgün İmanlı iştirak etmişlər.

Tədbirdə həmçinin Almaniya federal notariat palatasının vitse-prezidenti Rixard Bok, Rusiya Federal notariat palatası idarə heyətinin üzvü Tatyana Arçuqova, Rusiya Federasiyası və Almaniyanın Saksoniya notariat palatasının notariusları iştirak etmişlər.

Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Vidadi Mayıl geniş məruzə ilə çıxış edərək son illər ölkədə sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində informasiya-kommunikasiya texnologiylarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin olunması üzrə dövlət orqanlarında görülən işlər barədə ətraflı məlumat vermiş, "Azərbaycan Respublikasında notariusun fəaliyyətində sənədlərin elektron mübadiləsi", o cümlədən "Notariat Sənədlərinin Elektron Məlumat Bank"ı və yeni "Elektron notariat" informasiya sisteminə dair təqdimat keçirmişdir.

Bundan sonra qonaqlar 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin və İsmayıllı rayon dövlət notariat kontorunun işi ilə yaxından tanış olmuşlar.

Qəbələ şəhərində keçirilmiş seminarda Kil universitetinin əməkdaşı Azər Əliyev "Rusiya Federasiyasında müqavilə hüququnun islahatları" və "Müqavilələrdə xarici mexanizmlərin tətbiqi" və Almaniyanın Saksoniya notariat palatasının notariusu Yevgeniy Primaçenko "Müqavilələrin tərtibat metodikası. Alman üsulu" mövzusunda çıxış etmişlər.

Vidadi Mayılın "Roma hüququ - hüquq elmlərinin klassikası", "Anqlo-Sakson və Roman-German hüquq sistemlərinin əsasları" və "Azərbaycan Respublikası hüquq sisteminin mənbəyi" mövzusunda mühazirəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Tədbir iştirakçıları Şəki şəhərində  dünya abidələri siyahısına daxil edilmiş "Şəki xan sarayı"nı ziyarət etmişlər.

Keçidlər