X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Sankt-Peterburq dövlət universiteti Notariat institutunun 10-illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

Sankt-Peterburq dövlət universiteti notariat institutunun Rusiya notariat palatasının dəstəyi ilə "Rusiyada latın notariatı: inkişaf perspektivləri" mövzusunda Sankt-Peterburq şəhərində 2014-cü ilin 24 oktyabr tarixində təşkil etdiyi Notariat institutunun 10-illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransda Qeydiyyat və notariat baş idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl və xüsusi notariuslar Elşad Əliyev, Elmar Kərimov və Səfər İsmayılov iştirak etmişlər.

Tədbirdə həmçinin İtaliya, İsveçrə, Fransa, Ukrayna, Belarus və Qazaxıstan notariatının nümayəndələri iştirak etmişlər.

"Notariat fəaliyyətinin mühüm problemləri, o cümlədən notarius tərəfindən mübahisələndirilə bilən əqdlərin təsdiqi, müqavilələrin bağlanmasına və icrasına notariusun köməyi, notariusun və qeydiyyatçının məsuliyyətinin hədləri, notariat hərəkətlərinə görə tariflərin müəyyən edilməsi məsələləri konfransda müzakirə olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Rusiya Federasiyasının Ədliyyə Nazirinin müavini Yelena Borisenko, Sankt-Peterburq dövlət universitetinin rektoru Nikolay Kropaçyov və Rusiya Federal notariat palatasının Prezidenti Konstantin Korsik mülki dövriyyənin azadlığının təmin edilməsində notariat fəaliyyətinin müstəsna rol oynadığını bildirmişlər.

Qeyd edilmişdir ki, Rusiya Federasiyasının Konstitusiyasının 48-ci maddəsində nəzərdə tutulmuş hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ məhz notariat institutu vasitəsilə təmin edilir. Notariat öz fəaliyyətini həyata keçirərkən dövlətin adından çıxış edir və onun missiyası mülki hüquq mübahisələrinin qarşısını almaqdan ibarətdir. Notariat müdafiəsi etibarlı, məsuliyyətli və peşəkardır.

Qeydiyyat və notariat baş idarəsinin aparıcı məsləhətçisi Vidadi Mayıl "Azərbaycan Respublikasında notariat sahəsində aparılan islahatlar və xüsusi qaydada notariat fəaliyyəti", "Daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında əqdlər üzrə ödənişlərin notariusun depozit hesabı vasitəsilə həyata keçirilməsi" mövzusunda çıxış etmişdir.

Nümayəndə heyətimiz Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Sankt-Peterburq üzrə Baş idarəsinə, Sankt-Peterburq şəhərinin notariat palatasına,  eləcə də xüsusi notariuslar T.Arçuqova və Y.Rozovanın notariat kontorlarına  səfər etmiş, həmin orqanların iş təcrübəsi ilə yaxından tanış olmuşlar.

 

Keçidlər