X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan notariatı Litvada

Cari ilin oktyabr ayının 19-20-də Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı və notariuslardan ibarət nümayəndə heyəti Litva Notariat palatası tərəfindən ölkənin paytaxtı Vilnüs şəhərində keçirilən "Litva Respublikasının Avropa İttifaqına üzvlüyünün 10 illiyi: Litva notariatı Qərblə Şərq arasında körpüdür" mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir.

Konfransın proqramına uyğun olaraq, Litva Notariat palatasının prezidenti və ölkə notariusları, eləcə də iştirakçı dövlətlərin nümayəndələri notariusların statusu haqqında ətraflı məlumat verərək, özünüidarəetmə aspektlərinə, ölkələrarası əlaqələrin inkişafına, notariat fəaliyyətinin genişləndirilməsinə və qabaqcıl təcrübənin tətbiqinə nəzər yetirmiş, pulların yuyulması və cinayətkarlığın qarşısının alınmasında notariusların rolunu izah etmişlər.

Estoniya Notariat palatasının prezidenti notariat hərəkətlərinin qeyd edildiyi notariat reyestrinin kağız daşıyıcısından imtina olunaraq, elektron qaydada aparıldığını, nikahın bağlanması və nikahın pozulmasının dövlət qeydiyyatının həmçinin, notariuslar tərəfindən həyata keçirildiyini bildirmişdir.

Çıxışlardan məlum oldu ki, Gürcüstanda da notariat reyestrinin aparılması elektron formada təşkil edilmiş, Litvada isə bu təcrübənin 2015-ci ildən tətbiqi nəzərdə tutulmuşdur.

Konfransda daşınmaz əmlakın, eləcə də səhmlərin alqı-satqısı və torpaq sahələrinə dair müqavilələrin rəsmiləşdirilməsində, məhdud məsuliyyətli cəmiyyətlərin təsis edilməsində notariusların rolu və fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.

Azərbaycanda notariat, onun tarixi, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamənin alınması proseduru, notariusların digər orqanlarla qarşılıqlı fəaliyyəti, o cümlədən daşınmaz əmlakın dövlət reyestri ilə elektron məlumat mübadiləsinin təşkili, qanunvericilikdə edilmiş dəyişikliklər, ölkədə xüsusi notariat institutunun tətbiqi barədə geniş məlumat verilmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Litva Notariat palatasının prezidenti Maryus Straçkaytis ilə görüşündə hər iki ölkənin notariat sahəsində tətbiq olunan normativ hüquqi aktlar, notariat fəaliyyəti ilə bağlı qarşıya çıxan problemlər, notariusların peşə məsuliyyətinin sığortası və sosial sığorta məsələləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Keçidlər