X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilib

"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası çərçivəsində dekabrın 19-da Sumqayıt şəhərində Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilib.

Tədbirdə dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, eləcə də Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

Təqdimat zamanı ölkəmizdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə informasiya-kommunikasiya texnologiyaları sahəsinin sürətli inkişafı və son illər ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verilib, elektron hökumətin yaradılması üçün qəbul olunmuş çoxsaylı normativ hüquqi aktlara, xüsusilə elektron xidmətlərin təşkilinə təkan verən ölkə başçısının 23 may 2011-ci il tarixli Fərmanına nəzər salınıb.

Ədliyyə Nazirliyində elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlər tədbir iştirakçılarının diqqətinə çatdırılaraq onların çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm kəsb etdiyi qeyd olunub. Bildirilib ki, nazirlik tərəfindən 20 istiqamət üzrə elektron xidmətlər göstərilir və onlardan yararlanmaq üçün Ədliyyə Nazirliyinin rəsmi internet saytına və ya "Elektron hökumət" portalına müraciət oluna bilər.

Göstərilən elektron xidmətlər vasitəsilə vətəndaşlar üçün ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, qeyri-hökumət təşkilatlarının və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının, habelə notariat hərəkətlərinin aparılmasının qaydası, zəruri sənədlər və ödəmələr barədə məlumatı əldə etmək imkanı təmin olunub. Uşaqlara ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi barədə informasiya almaq üçün nadir axtarış sistemi yaradılıb. İcra qurumları tərəfindən hərraca çıxarılan əmlaklar və onların satışını həyata keçirən ticarət şəbəkələri, habelə vətəndaşlara fərdi identifikasiya nömrələri barədə məlumatın verilməsi, ədliyyə orqanlarının qəbuluna onlayn yazılış və elektron müraciət kimi xidmətlər təşkil olunub.

Qeyd olunanlarla yanaşı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, mətbu nəşrlərin uçotu, qrantların qeydiyyatı və qeyri-kommersiya hüquqi şəxslərin ləğvi barədə ilk məlumatın dərc olunması ilə bağlı müraciətin və sənədlərin qəbulunun elektron qaydada aparılması, borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlərin internet vasitəsilə həyata keçirilməsi imkanları yaradılıb.

Hər bir elektron xidmət əyani nümayiş etdirilərək, onun istifadəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.

Tədbir zamanı, həmçinin ölkə başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanının icrası məqsədilə yaradılmış "Fərdi elektron pəncərə" elektron məlumat sistemi və "ASAN xidmət" mərkəzlərində ədliyyə orqanlarının fəaliyyəti haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər