X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət gücləndirilir

Ölkəmizdə yerli demokratiyanın inkişafına, bələdiyyələr haqqında normativ-hüquqi bazanın təkmilləşdirilməsinə, onların fəaliyyətinin qanunvericiliyə uyğun qurulmasına xüsusi diqqət yetirilərək, bu ilin mart ayında keçirilmiş referendumda bu sahədə inzibati nəzarətin konstitusion statusu təsbit olunmuşdur.

Bələdiyyələr insanların rifahının yaxşılaşması naminə sosial, iqtisadi və ekologiya sahəsində işlər görür, yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak edir. Bununla belə bəzi bələdiyyələr qanun pozuntularına yol verirlər.

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə metodoloji yardımın yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Bu ilin ötən dövrü ərzində inzibati nəzarət qaydasında aparılmış araşdırmalar nəticəsində bir sıra bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, torpaqların qanunsuz dövriyyədən çıxarılıb və yaxud hərrac qaydalarına riayət edilmədən və bazar qiyməti nəzərə alınmadan mülkiyyətə, icarəyə verilməsi, sənədlərin saxtalaşdırılması və digər ciddi hüquqpozmalar aşkar edilmişdir.

Həmin hərəkətlərlə bələdiyyə büdcələrinə külli miqdarda, o cümlədən Şəmkir rayonu Qaracəmirli bələdiyyəsi tərəfindən 4,1 milyon manat, Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən 3,6 milyon manat, Sabunçu rayonu Pirşağı bələdiyyəsi tərəfindən 1,3 milyon manat, Quba rayonu İkinci Nügədi bələdiyyəsi tərəfindən isə 337 min manat ziyan vurulması və sair ciddi faktlar müəyyən olunmuşdur. Bu kimi pozuntular digər yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də, o cümlədən Oğuz rayonu Filfili və Xalxal, Astara rayonu Ərçivan, Samux rayonu Qiyaslı, Bakı şəhəri Nəsimi və Qaradağ rayonu Sahil bələdiyyələrində aşkar edilmişdir.

Qeyd olunan 10 bələdiyyə ilə bağlı araşdırma materialları cinayət işinin başlanması məsələsinə baxılması üçün Baş Prokurorluğa göndərilmişdir.

Bələdiyyələrin işində qanunçuluğun möhkəmləndirilməsi yönündə tədbirlər davam etdirilir.

Keçidlər