X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Yoxlayıcı orqanların iştirakı ilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində seminar keçirilmişdir

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanunu və onun tətbiqi ilə bağlı ölkə başçısının 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə yoxlayıcı orqanlar üçün metodiki seminar təşkil olunmuşdur. Noyabr ayının 18-də Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında keçirilmiş bu tədbirə yoxlayıcı orqanlar və yoxlama səlahiyyəti olan 41 qurumun 100-ə qədər nümayəndəsi qatılmışdır.

Seminar iştirakçılarına ölkə rəhbərinin korrupsiyaya qarşı qəti və prinsipial mübarizə aparılması, sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması, yoxlamaların tənzimlənmə mexanizmlərinin hazırlanması, yoxlamaların və lisenziyaların sayının kəskin şəkildə aşağı salınması, bəzi gömrük qaydalarının asanlaşdırılması ilə bağlı qərarları barədə məlumat verilmiş, onların əhalidə və sahibkarlarda böyük rəğbət doğurduğu qeyd olunmuşdur...

İclas iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli Qanuna əsasən ölkə ərazisində aparılan bütün yoxlamalar 2 il müddətinə dayandırılmışdır. Bununla yanaşı, həmin qanunun tətbiqinə dair fərmanla insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısı müəyyən olunmuşdur.

Ədliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələri tərəfindən seminar iştirakçılarına yoxlamaların keçirilməsi ilə bağlı yeni qanunvericiliyin tətbiqi, eyni zamanda Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin informasiya sisteminə qısa müddət ərzində edilmiş dəyişikliklər haqqında izahlar verilmiş, reyestrin yeni imkanları barədə əyani təqdimat keçirilmişdir.

Sonda seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılmış, yoxlamaların həyata keçirilməsi sahəsində təcrübədən irəli gələn təklifləri dinlənilmişdir.

Keçidlər