X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Gəncə şəhərində Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilmişdir.

"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası çərçivəsində dekabrın 29-da Gəncə şəhərində Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilib.

Tədbirdə dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak edib.

Təqdimat zamanı ölkəmizdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə informasiya-kommunikasiya texnologiyaları sahəsinin sürətli inkişafı və son illər ərzində əldə olunmuş nailiyyətlər barədə məlumat verilərək elektron xidmətlərin çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında xüsusi önəm daşıdığı qeyd olunmuşdur.

Bildirilmişdir ki, nazirlik tərəfindən 20 istiqamət üzrə elektron xidmətlər göstərilir və onlardan yararlanmaq üçün Ədliyyə Nazirliyinin rəsmi internet saytına və ya "Elektron hökumət" portalına müraciət oluna bilər.

Tətbiq olunmuş elektron xidmətlər vasitəsilə ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, qeyri-hökumət təşkilatları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, notariat hərəkətlərinin aparılması qaydaları, zəruri sənədlər və ödəmələr barədə məlumat əldə etmək imkanları nümayiş etdirilmişdir. Bildirilmişdir ki, Azərbaycan adları, onların mənşəyi və izahı barədə informasiya almaq üçün axtarış sistemi yaradılıb. İcra qurumları tərəfindən hərraca çıxarılan əmlaklar və onların satışını həyata keçirən ticarət şəbəkələri, habelə vətəndaşlara fərdi identifikasiya nömrələri barədə məlumatın verilməsi, ədliyyə orqanlarının qəbuluna onlayn yazılış və elektron müraciət kimi xidmətlər istifadəyə verilib.

Tədbirdə qeyd olunanlarla yanaşı mətbu nəşrlərin uçotu, qrantların qeydiyyatı və qeyri- kommersiya hüquqi şəxslərin ləğvi barədə müraciət və sənədlərin qəbulunun elektron qaydada aparılması, borcun, icra ödənişi, icra hərəkətləri ilə bağlı xərclər, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan ödənişlərin internet vasitəsilə həyata keçirilməsi imkanlarına da toxunulmuşdur.

Təqdimat zamanı hər bir elektron xidmət əyani nümayiş etdirilərək, onun istifadəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilmişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər