X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilib

Ədliyyə fəaliyyətində açıq hökumətin təşviqinə, şəffaflığın artırılmasına, insanların məmnunluğuna nail olunmasına mühüm önəm verilərək ədliyyə orqanları tərəfindən əhaliyə müxtəlif fəaliyyət istiqamətləri üzrə elektron xidmətlər göstərilir.

Nəzərdə tutulan bütün 25 xidmətin fəaliyyəti tam təmin olunub və onlar ASAN xidmət tərəfindən müsbət qiymətləndirilib. Eyni zamanda, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması məqsədilə nazirliyin internet saytında elektron xidmətlər bölməsi təkmilləşdirilib, həmçinin əhalinin maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər keçirilir.

Bu məqsədlə oktyabrın 25-də Şəmkir şəhərində ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərə dair ictimai təqdimat keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Şəmkir və ətraf rayonların ictimaiyyəti, o cümlədən dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Təqdimat zamanı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər informasiya-kommunikasiya texnologiyaları sahəsinin sürətli inkişafı və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib, dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin şəffaflığın, çevik idarəetmənin təmin olunmasında, bürokratik əngəllərə və korrupsiyaya qarşı mübarizədə mühüm rolundan bəhs olunub.

Ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər əyani nümayiş etdirilərək diqqətə çatdırılıb ki, vətəndaşlar bu xidmətlərdən Ədliyyə Nazirliyinin internet saytı və ya "Elektron hökumət" portalı vasitəsilə yararlana bilərlər.

Elektron xidmətlər vasitəsilə ədliyyə orqanlarının iş rejimi, dislokasiyası, əlaqə vasitələri, eləcə də qeyri-hökumət təşkilatları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının, notariat hərəkətlərinin aparılması qaydası, zəruri sənədlər və rüsumlar, məhkəmə qərarlarının icrası barədə ətraflı məlumat əldə etmək mümkündür. Eyni zamanda, uşaqlara ad seçilməsinə kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və s. informasiya almaq üçün geniş axtarış sistemi mövcuddur. Həmçinin, vətəndaşların rahatlığı üçün məsul ədliyyə işçilərinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Təqdimatda hər bir elektron xidmətin mahiyyəti və funksiyası barədə ətraflı məlumat verilib, ondan istifadə qaydası izah olunub.

Bununla yanaşı, tədbirdə Ədliyyə Akademiyası Hüquq klinikasının fəaliyyəti, əhaliyə pulsuz hüquqi yardım göstərilməsi və s. məsələlər diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər