X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Azərbaycanda səfərdə olan Parlamentarilərin Korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) sədri Con Uilyams mayın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı mübarizə aparıldığını bildirən nazir Azərbaycanın bu sahədə əsas konvensiyalara qoşulduğunu, qanunvericiliyin təkmilləşdirildiyini vurğulamış, həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səmərəli fəaliyyətini qeyd etmişdir. O, dövlətimizin siyasi iradəsi sayəsində həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində əldə olunmuş nailiyyətlərdən danışmış, hakimlərin dünyada ən şəffaf və çox mərhələli prosedurlarla seçimi, tədrisi və müddətsiz təyinatı, yeni məhkəmələrin, o cümlədən yeni regional apellyasiya və iqtisad məhkəmələrinin yaradılması, beynəlxalq standartlara cavab verən məhkəmə binalarının inşası üzrə görülən işlər barədə ətraflı məlumat vermişdir.

Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilərək, Azərbaycanın dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olduğu və qurumun bir neçə tədbirinin Bakıda keçirildiyi qeyd edilmişdir.

Ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini bildirən qonaq məhkəmə sahəsindəki uğurları, xüsusilə hakimlərin mütərəqqi qaydalarla seçimini yüksək qiymətləndirmiş, müstəqillik əldə etmiş gənc respublika olmasına baxmayaraq Azərbaycanın bir çox ölkələr üçün yaxşı nümunə olduğunu vurğulamışdır. Cənab C.Uilyams Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində aparılan məqsədyönlü işləri təqdir edərək bu sahədə təcrübənin yayılması barədə niyyətini bildirmiş, səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdən məmnunluğunu ifadə etmişdir.

Qonaq Nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər