X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

GİZ ilə hüquqi sahədə faydalı əməkdaşlıq davam edir

Ədliyyə Nazirliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramının rəhbəri Tomas Meyer, Azərbaycan üzrə layihənin sabiq rəhbəri Tomas Herman və onu əvəz edən Filip Yan ilə görüş keçirilib.

Ədliyyə nazirinin müavini Azər Cəfərovla keçirilən görüşdə GİZ-in respublikamızla səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub, ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarından, bu sahədə GİZ-lə birgə həyata keçirilən layihənin uğurlu nəticələrindən bəhs edilib.

Sonra ədliyyə naziri Fikrət Məmmədov GİZ-in nümayəndələrini qəbul edib.

GİZ ilə hüquqi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən nazir məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən genişmiqyaslı işlərdə, o cümlədən inzibati ədliyyə, hakimlərin tədrisi sahəsində GİZ-in mühüm töhfələrini vurğulayıb, təşkilatın xətti ilə keçirilmiş müxtəlif tədbirlərdə iştirakını məmnunluqla xatırladıb. Nazir qurumun uzun müddət Azərbaycanla bağlı layihələrə uğurla rəhbərlik etmiş T.Hermanın xidmətlərini xüsusilə qeyd edərək, GİZ ilə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib, layihənin yeni rəhbəri Filip Yana uğurlu fəaliyyət arzulayıb.

Azərbaycanın hərtərəfli inkişafının şahidi olduqlarını söyləyən qonaqlar GİZ-in 20 ilə yaxındır ölkəmizlə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, hüquqi sahədə qarşılıqlı fəaliyyətin bundan sonra da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. GİZ nümayəndələri respublikamızda məhkəmə-hüquq sistemindəki islahatları yaxından izlədiklərini qeyd edərək, bu sahədə əldə olunan nailiyyətləri maraqla qarşılayıb, Ədliyyə Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirib, nazirliyin kollektivini peşə bayramı günü münasibətilə təbrik ediblər.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Keçidlər