X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüş keçirilmişdir

Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 31-də Ədliyyə Nazirliyində olmuşdur.

Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini bildirən nazir müavini Toğrul Musayev Azərbaycanda demokratik dəyərlərdən söhbət açaraq, insan hüquqlarının daha etibarlı təmin olunmasına xidmət edən məhkəmə sisteminin müasirləşdirilməsi, hakim korpusunun mütərəqqi üsullarla, şəffaf prosedurlar əsasında formalaşdırılmasının davam etdirilməsi barədə ətraflı məlumat vermiş, ədliyyə orqanlarının inkişafı üzrə həyata keçirilən tədbirləri, o cümlədən penitensiar sistemdəki islahatları diqqətə çatdırmışdır.

Respublikamızda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı görülən işlərdən, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsindən danışılmış, həmin gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın təsdiq edilməsi haqqında Sərəncamın əhəmiyyəti xüsusi vurğulanmışdır.

Ölkəmizdə gedən demokratik prosesləri qeyd edən qonaq Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirmiş, Avropa Komissiyasının Ədliyyə İslahatlarına Dəstək Proqramının həyata keçirilməsinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Görüşdə Avropa Komissiyasının Bakıdakı Nümayəndəliyinin başçısı Alan Vaddams və Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller iştirak etmişlər.

Keçidlər