X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa İttifaqının nümayəndə heyəti Ədliyyə Nazirliyində olub

Ölkə Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə Azərbaycan bərabərhüquqlu dialoq və qarşılıqlı hörmət əsasında nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli və konstruktiv əməkdaşlıq həyata keçirir. Avropa İttifaqının (Aİ) Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün mandatın müəyyən edilməsi ikitərəfli münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsinə təkan verib.

Əməkdaşlığın prioritetlərinə dair danışıqlar aparmaq məqsədilə ölkəmizdə səfərdə olan Aİ-nin bütün üzv-dövlətlərinin təmsil olunduğu Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) geniş tərkibli nümayəndə heyəti noyabrın 29-da Ədliyyə Nazirliyində olub.

Görüşdə ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu mötəbər qurum ilə Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlər, o cümlədən ədliyyə sahəsində birgə uğurlu layihələrin həyata keçirilməsi vurğulanıb, bu yaxınlarda Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində Alt-Komitənin keçirilmiş iclasının insan hüquqları, demokratiya və ədliyyə sahəsində əlaqələrin inkişafına töhfə verdiyi qeyd edilib.

Bu il dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünün qeyd olunduğunu söyləyən nazir müavini ötən dövrdə Azərbaycan ədliyyəsinin keçdiyi inkişaf yolundan bəhs edib, Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətləri, məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar barədə ətraflı məlumat verib, bu sahədə əldə olunan nailiyyətlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Həmçinin, ölkəmizdə vətəndaş məmnunluğunu təmin edən yeni innovativ və şəffaf xidmətlərdən, korrupsiyaya qarşı mübarizə, habelə vətəndaş cəmiyyətinin inkişafı üzrə görülən işlərdən bəhs olunub.

Avropa İttifaqının Azərbaycanla münasibətlərinin yeni mərhələyə keçdiyini və bu əlaqələrin bərabərlik, qarşılıqlı hörmət və etimad əsasında bərpa edildiyini qeyd edən COEST rəhbəri xanım Karolin Vinot ikitərəfli danışıqların aparılması üçün Aİ tərəfindən yeni mandatın müəyyən edilməsinin strateji tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsinə imkan verəcəyini vurğulayıb.

Qonaq hər bir ölkədə qanunun aliliyinin, məhkəmə sisteminin müstəqilliyinin təmin olunmasının iqtisadiyyatın inkişafına müsbət təsir göstərdiyini söyləyərək Aİ-nin Azərbaycanda insan hüquqları və məhkəmə-hüquq sahəsindəki müsbət dəyişiklikləri alqışladığını və bundan sonra da islahatlara dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Xanım K.Vinot Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Ədliyyə Nazirliyi arasındakı səmərəli qarşılıqlı fəaliyyəti təqdir edib.

Görüşdə maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri xanım Malena Mard iştirak edib.

Keçidlər