X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

AŞPA-nın həmməruzəçiləri ilə Ədliyyə Nazirliyində görüş

Yanvarın 12-də ədliyyə nazirinin müavini Azər Cəfərov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının qorunması istiqamətində aparılan işlərdən, o cümlədən müvafiq Fəaliyyət Planının icrası üzrə tədbirlərdən danışılıb. Həmçinin, məhkəmə-hüquq sistemindəki yeniliklərdən, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsindən, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsindən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən bəhs olunub, hakimlərin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçiminə toxunularaq hazırda növbəti seçimin aparılması və uğur qazanmış namizədlərin sonrakı mərhələyə - uzunmüddətli tədrisə buraxılması barədə məlumat verilib.

Bildirilib ki, hakimlərin və hakimliyə namizədlərin tədrisinə mühüm önəm verilərək bu sahədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə fəal əməkdaşlıq edilir, Avropa hakimləri mütəmadi keçirilən treninqlərdə iştirak edir, Məhkəmənin presedentlərinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda, Avropa Şurası ilə birgə müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.

Ölkəmizin məhkəmə-hüquq sistemindəki islahatları məmnunluqla qarşılayan həmməruzəçilər, həmçinin vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlərə maraq göstərib, bu sahədə Avropa Şurası ilə birgə həyata keçirilən "Vətəndaş Cəmiyyəti Dialoqu" layihəsinin əhəmiyyətini qeyd ediblər.

Söhbət zamanı əməkdaşlığın prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb, ictimai iştirakçılığın təşviqi, mediasiya institutunun, probasiya xidmətinin tətbiqi və digər məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç və ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak ediblər.

Keçidlər