X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Prezident İlham Əliyev Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın icrasına əsasən həyata keçirilən tədbirlər ədliyyə orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar yaradır. Ədliyyə orqanlarının maddi-texniki bazası möhkəmlənir, yeni binalar inşa olunur, mövcud tikililərdə əsaslı təmir işləri aparılır. Yeni tikilən binalardan biri də Prezidentin Fərmanı ilə 2004-cü ildə yaradılmış Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin inzibati binasıdır.

Dövlətimizin başçısı İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Ədliyyə naziri, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi sahəsi 3600 kvadratmetr olan dördmərtəbəli binanın inşasına 2008-ci ilin yanvarında başlanmışdır. Tikinti işlərində və binanın təchizatında yerli materiallarla yanaşı, Türkiyə, Almaniya, İtaliya, Çexiya, Rusiya, Koreya Respublikası, Yaponiya və digər ölkələrdən gətirilmiş inşaat materialları və avadanlıqdan istifadə olunmuşdur. Müasir standartlara uyğun aparılmış inşaat işlərində milli memarlıq elementlərindən də istifadə olunmuşdur.

Binada Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ilə yanaşı, fəaliyyəti onunla sıx bağlı olan Qeydiyyat və Notariat Baş İdarəsi, Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Dövlət Notariat Arxivi də yerləşəcəkdir.

Birinci mərtəbənin foyesində Azərbaycan ədliyyə sisteminin formalaşması və inkişafı, onun maddi-texniki bazasının kadr potensialının gücləndirilməsində mühüm xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.

Burada binaya xaricdən və daxildən nəzarət etmək imkanı olan mühafizə xidməti otağı, mühasibatlıq, dəftərxana, Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti, 3 qəbul otağı, yeməkxana yerləşir.

Ədliyyə qurumlarının tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri, həmçinin bu sistemdə aparılan islahatlara dair fotolardan və sənədlərdən ibarət guşə yaradılmışdır. Burada fəaliyyət göstərən notariat idarəsində yaradılan şərait vətəndaşlara ən yüksək səviyyədə xidmət göstərməyə imkan verəcəkdir.

İkinci mərtəbədə Qeydiyyat və Notariat Baş İdarəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti və notariat idarələri yerləşir.

Üçüncü mərtəbədə ulu öndər Heydər Əliyevin mənalı həyatına, həmçinin Prezident İlham Əliyevin fəaliyyətinə dair guşə vardır. Guşədə ulu öndərin istər sovet, istərsə də müstəqillik illərində xalqımız və Vətən qarşısında müstəsna xidmətləri geniş əksini tapmışdır.
Prezident İlham Əliyev ən müasir standartlara cavab verən tədris otağı ilə tanış oldu. Burada əməkdaşlar ixtisaslarını artıracaq, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının daha dərindən mənimsənilməsi üzrə təlimlər keçəcəklər. Doqquz kompyuterin quraşdırıldığı tədris otağında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti, habelə ədliyyə sistemi və informasiya texnologiyaları barədə kitablar vardır.

Ən son avadanlığın tətbiq olunduğu 80 nəfərlik konfrans zalı müasir akustika və avtomat təqdimat sistemləri ilə təchiz edilmişdir.

Binanın üçüncü mərtəbəsində telekonfranslar keçirmək imkanı olan müşavirə otağı da yerləşir.

Prezident İlham Əliyev burada Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin fəaliyyəti və maddi-texniki bazasının möhkəmləndirilməsinə aid qısa filmə baxdı.

Sonra dövlətimizin başçısı Xidmətin server otağı ilə tanış oldu. Mərkəzi serverə respublikanın rayon və şəhərlərindən, Daxili İşlər Nazirliyinin idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindən və Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları " avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən gündəlik məlumatlar daxil olur.

Quraşdırılmış xüsusi kondisioner havanın temperaturu və otağın rütubətini avadanlıq üçün müəyyən olunmuş normaya uyğun rejimdə saxlamağa imkan verir.
Burada dövlət notariat arxivi də yerləşir. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, habelə Abşeron, Ağdaş, Ağsu və digər rayonlarda fəaliyyət göstərən dövlət notariusları bütün sənəd və məlumatları bu arxivə ötürürlər. Saxlanılan sənədlərin elektron məlumat bazası yaradılmışdır. Hazırda burada 600 minə qədər notariat sənədi saxlanılır. Arxivdəki 38 rəfin hər biri 480 qovluq tutur.

Binada yerləşən Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin arxivində ən müasir informasiya-kommunikasiya avadanlığı quraşdırılmışdır. Burada hər bir Azərbaycan vətəndaşı haqqında məlumat vardır. Arxivdə doğum, övladlığa götürmə, nikah, atalığı müəyyən etmək, soyadı, adı və atasının adını dəyişmək, nikahın pozulması, ölüm haqqında 17 milyondan çox sənəd saxlanılır. Məlumatlar kitab halına salınaraq xüsusi rəflərə qoyulur. Hər bir rəf və kitaba isə xüsusi texnologiyaya əsaslanan çiplər yerləşdirilir. Bu sistemin tətbiqi həm kitabların arxivdən qeyri-qanuni çıxarılmasının qarşısını alır, həm də istənilən məlumatın tapılmasını asanlaşdırır. Kitabların avtomatlaşdırılmış axtarış sistemi ilə tapılması üçün arxivin hər bir əməkdaşına xüsusi terminallar paylanmışdır. Terminallar qəbuledici radiotezlik vasitəsilə mərkəzi bazanın kompyuterlərinə qoşulmuşdur. Arxivdə yerləşdirilən 26 rəfdəki kitabların normal qalması üçün müvafiq temperatur və rütubətə nəzarət olunur.

Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım Əliyeva ilə nikahı haqqında aktın qeydi təqdim olundu.

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin arxivindəki sənədlər 1934-cü ildən bəri olan dövrü əhatə edir. Burada saxlanılan sənədlər 75 ildən sonra Dövlət Arxivinə təqdim olunur.

İnformasiya təminatı otağında isə arxiv materialları kitab halına salınır, eyni zamanda, məlumatlar elektron formata keçirilir. Həmin proseslər xüsusi avadanlığın köməyi ilə yerinə yetirilir. Elektron formata salınan məlumatlar mərkəzi serverə ötürülür. Bu isə öz növbəsində, məlumatların məxfiliyi ilə yanaşı, onların təhlükəsizliyini də təmin edir.

Bina müasir kompyuter və arxiv avadanlığı, müstəqil enerji təchizatı, təhlükəsizlik və yanğından mühafizə sistemləri ilə təmin olunmuşdur. Binada müasir lift və mərkəzi havalandırma sistemi quraşdırılmış, daxili ATS fəaliyyət göstərir.

Sonra Prezident İlham Əliyevə Ədliyyə Nazirliyinin inşası başa çatan və tikintisi davam edən regional ədliyyə şöbələri, məhkəmələr və notariat kontorlarının inzibati binaları barədə məlumat verildi.

Dövlətimizin başçısı kollektivə uğurlar arzuladı, tövsiyələrini verdi.
Sonda açılış mərasimindən yadigar olaraq xatirə şəkli çəkdirildi.


Keçidlər