X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Tərcümeyi-hal

Toğrul Sirac oğlu Musayev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim olmuş, Respublika Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləmişdir. 1995-ci ildə Baş Prokurorluğa rəhbər işə göndərilərək Kollegiya üzvü, Kadrlar idarəsinin rəisi olmuşdur.

2000-ci ilin iyun ayından Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, "Vətənə xidmətə görə" ordeni, "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı və digər medallarla təltif edilmişdir.

Dövlət başçısının sərəncamlarına əsasən bir sıra beynəlxalq Konvensiyalar üzrə Azərbaycan Hökumətinin hesabatlarının hazırlanması və təqdim edilməsi ilə bağlı ölkəmizin nümayəndə heyətlərində təmsil olunur.

Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Müsabiqə və İxtisas komissiyalarının sədridir. Azərbaycan Republikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavinidir. O, həmçinin, Avropa Ümumi Hüquq Təşkilatının İdarə Heyətinin və Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Ölkəmizin Avropa Şurasının Hakimlərin və prokurorların tədrisi üzrə Lissabon şəbəkəsində nümayəndəsi, mülki hüquq və dövlət quruculuğu sahələrində elmi məqalələrin müəllifidir.

Evlidir, 2 övladı var.

Tel: (+99412) 492 06 48
Faks: (+99412) 430 01 55
E-mail: toghrul.musayev@justice.gov.az

Keçidlər