Ədalət mühakiməsinə əlçatanlığın təmin olunması dayanıqlı inkişafa xidmət edir

Ölkəmiz BMT-nin üzvü olan dövlətlərin 2015-ci ildə keçirilən Sammitində bu mötəbər təşkilatın yeni təşəbbüsünə - 2030-cu ilə qədər olan dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə respublikamız Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir çox mühüm nailiyyətlər əldə etmiş və qarşıya qoyulmuş 17 məqsədin, o cümlədən 169 hədəfin icrası üzrə əməli tədbirlər davam etdirilmişdir. Bu sahədə işin daha səmərəli və əlaqəli şəkildə həyata keçirilməsi üçün yaradılmış Milli Əlaqələndirmə Şurasının fəaliyyəti olduqca əhəmiyyətlidir.

Ölkə həyatının bütün sahələrinin tarazlı inkişafı, dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın tərəqqisi, müasir yanaşmaların, innovasiyaların geniş tətbiqi, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşması, onlara daha çevik və şəffaf xidmətlərin göstərilməsi məqsədi daşıyır. Çünki ölkə Prezidentinin dəfələrlə bəyan etdiyi kimi, “dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Dayanıqlı inkişaf üçün məqsəd və hədəflərin hər biri, o cümlədən sülhsevər və inklüziv cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məhz insan hüquqlarının etibarlı təminatına xidmət edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi isə Konstitusiyanın 127-ci maddəsində təsbit olunmuşdur.

Ədalət mühakiməsinə əlçatanlıq anlayışı dünya məkanında bir neçə istiqamətə bölünür:

- birinci və ikinci instansiya məhkəmələrinin müvafiq sayda yaradılması;

- məhkəmə binalarının tikintisi zamanı ədalət mühakiməsi xüsusiyyətlərinin və əlçatanlığın nəzərə alınması;

- hüquqi və fiziki şəxslərin maarifləndirilməsi üçün müxtəlif informasiya mənbələrinin yaradılması;

- müasir dövrün tələblərinə əsasən ədalət mühakiməsinə çıxış təmin edilərkən İKT-dən istifadəyə üstünlük verilməsi.

Həmçinin ölkələr ədalət mühakiməsinə əlçatanlığı təmin edərkən aşağıdakı faktorları mütləq nəzərdən keçirməlidirlər:

- yaradılan müəssisənin coğrafi yerləşməsi və onun ölçüləri;

- tələb olunan xərclərin azaldılması;

- göstərilən xidmətlərin keyfiyyəti.

Bu sahədə davam edən islahatlar Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. İslahatın əsas məqsədi “əhali üçün əlverişli” məhkəmə sisteminin yaradılması, məhkəmələrə müraciət imkanlarının artırılması ilə ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, ictimaiyyət tərəfindən məhkəmə hakimiyyətinə etimadın artırılmasıdır.

Ədalət mühakiməsinə çıxışın təmin olunması zərurəti, ilk növ­­bədə, cəmiyyətin inkişafının müasir tendensiyalarından irəli gəlir.

Bu məqsədə nail olunması üçün ötən dövrdə dövlət başçısının tapşırıqlarına əsasən ölkəmizdə yeni regional məhkəmələrin yaradılması xüsusi qeyd olunmalıdır.

Belə ki, apellyasiya şikayətləri ilə bağlı Bakı şəhərində yerləşən və yurisdiksiyası bütün ölkəyə şamil olunan respublika apellyasiya və iqtisad məhkəmələrinə bölgələrdə yaşayan insanların müraciət etməsində çətinliklərin yaranması nəzərə alınaraq, həmin məhkəmələrin əvəzində bütün bölgələri əhatə edən 5 regional apellyasiya, habelə regionlarda əlavə olaraq 3 yerli iqtisad məhkəməsi təşkil edilmişdir.

Bu sahədə tədbirlər bununla bitməmiş, dövlət başçısının fərmanlarına əsasən 2010-cu ildə bütün respublika üzrə vahid olan və Bakı şəhərində fəaliyyət göstərən ağır cinayətlər məhkəməsinin əvəzində ölkənin bölgələrində yeni regional ağır cinayət məhkəmələri yaradılaraq onların sayı 5-ə çatdırılmışdır.

Heç şübhəsiz məhkəmə-hüquq sistemimizin inkişafında ən mühüm hadisələrdən biri ölkəmizdə ilk dəfə olaraq inzibati ədliyyə institutunun yaradılması olmuşdur. Belə ki, dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınması məqsədilə 2011-ci ildən ölkəmizin 7 bölgəsində yeni inzibati məhkəmə fəaliyyətə başlamışdır. Bu gün vətəndaşların inzibati mübahisələr üzrə qaldırdıqları iddiaların 85,1%-nin təmin olunması ölkəmizdə inzibati ədliyyə institutunun təntənəsi kimi qiymətləndirilməlidir.

Bütün bu tədbirlər insanların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə, hakimlərin iş yükünün, süründürməçilik və digər pozuntuların azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına şərait yaratmış, habelə bölgələrdə digər hüquq institutlarının inkişafına əsaslı təkan vermişdir.

Məhkəmə sisteminin bu cür transformasiyasını, əfsuslar olsun ki, ölkənin bütün ərazisi üzrə həyata keçirmək mümkün olmamışdır. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Ədalət mühakiməsinə əlçatanlığı asanlaşdıran digər əhəmiyyətli faktor məhkəmə infrastrukturudur. Son illər dövlət büdcəsi hesabına və beynəlxalq maliyyə qurumu olan Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsinə dair layihələr üzrə paytaxtda və bölgələrdə yeni məhkəmə binaları və kompleksləri inşa olunaraq istifadəyə verilmişdir.

Ölkəmizdə konseptual baxımdan yeni olan və öz funksionallığı ilə fərqlənən Bakı şəhəri Sabunçu və Şəki Məhkəmə kompleksləri, paytaxtın Yasamal, Nərimanov, eləcə də Gəncə şəhər Nizami, Oğuz, Gədəbəy, Quba, İmişli və Qəbələ rayon məhkəmələri inşa olunaraq istifadəyə verilmişdir. Həmçinin bu tədbirlər davam etdirilərək Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində əlavə 2 yeni məhkəmə binasının (Zaqatala rayonu və Bakı ş. Binəqədi rayonu) açılışları nəzərdə tutulur.

BMT-nin “Əlillərin Hüquqları Haqqında” Konvensiyasına uyğun olaraq, yeni məhkəmə binalarında əlillərin, o cümlə­dən gözdən əlillərin sərbəst hərəkəti üçün də əlverişli şərait ya­ra­dılmışdır. Belə ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsinə dair layihələr üzrə, habelə nazirlik tərəfindən tikilən 10 məhkəmə binası və komplekslərin girişində əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılmış, gözdən əlil vətəndaşların isə sər­bəst hərəkəti üçün birinci mərtəbənin döşəməsinə xüsusi ör­­tük salınmışdır. İctimai zonada bütün otaqların adlarını əks et­di­rən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar vardır.

Əlillərin ədalət mühakiməsinə çıxış imkanından bəhs edilərkən 2018-ci il 31 may tarixdə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun xüsusi qeyd olunmalıdır. Həmin Qanunda əlillərin ədalət mühakiməsində təminatı, o cümlədən onların məhkəmə icraatında ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilməsi öz əksini tapmışdır.

İnformasiya-kommunikasiya texnologiyalarından istifadə də məhkəməyə müraciət imkanlarını xeyli asanlaşdırmaqdadır. Belə ki, dövlət başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin yeni mərhələdə davamına rəvac vermiş, məhkəmə fəaliyyətinin elektronlaşdırılması vətəndaşların ədalət mühakiməsinə elektron qaydada çıxışını təmin etmişdir.

“Elektron məhkəmə” informasiya sistemi:

- məhkəmədə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini;

- işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını və onlara baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;

- məhkəmə proseslərinin audio, video yazısının aparılmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;

- işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını və s. komponentləri özündə ehtiva edir.

Proses iştirakçıları bu sistemdə “Şəxsi kabinet”ə sahib olmaqla məhkəməyə gəlmədən, elektron imzadan istifadə edərək,

- elektron müraciət və şikayətlər vermək,

-dövlət rüsumunu elektron qaydada ödəmək,

-iştirakçısı olduğu prosesin vaxtı və nəticəsi barədə məlumat əldə etmək,

-iddia ərizələrini və digər sənədləri (bildirişlər, məhkəmə aktları və s.) elektron qaydada təqdim etmək və almaq və s. imkanına malikdirlər.

Qeyd edilməlidir ki, “Elektron məhkəmə” sistemi hazırda ölkənin məhkəmələrinin 60%-ni əhatə etməklə Bakı, Sumqayıt, Naxçıvan və Şəki Apellyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan məhkəmələrdə tətbiq olunur.

Həmçinin, əhaliyə hüquqi xidmətlərin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı (www.courts.gov.az) yaradılmışdır ki, bu portal bütün məhkəmələr və onların yurisdiksiyası, hakimlər, əlaqə vasitələri, iddia ərizələrinin və digər məhkəmə sənədlərinin nümunələrini və s. təqdim edir.

Ədalət mühakiməsinə əlçatanlığın asanlaşması üzrə görülən tədbirlərin nəticələrini məhkəmə statistikasından daha aydın görmək olar. Təkcə bir rəqəmi söyləmək kifayət edər ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı keçən ildə 17 dəfə artaraq 390 minə çatmışdır.

Bu da, sözsüz ki, məhkəmələrə ictimai etimadın artması­nın, vətəndaşlar tərəfindən hüquqlarının təmin olunması ilə bağ­lı məhkəmələrə müraciət etməyə üstünlük verilməsinin təzahürüdür.

Təsadüfi deyil ki, insan haqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarına beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərilərək, əldə olunan nailiyyətlər müsbət dəyərləndirilir və digər dövlətlərə örnək kimi tövsiyə edilir. Keçən il isə ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurası tərəfindən “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olmuşdur.

Ədalət mühakiməsinə əlçatanlığın təmin ediləsi sözsüz ki, bu təsisatın şəffaf olması ilə şərtləndirilir, bu isə həm də korrupsiya qarşısında ən ciddi səddir. Dövlət başçısının qəti siyasi iradəsinə uyğun olaraq bu sahədə sərt mübarizənin aparılması olduqca əhəmiyyətlidir.

Hakimlərin məsuliyyət hissinin artırılmasında, qanun pozuntularından, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinməsində intizam icraatlarının mühüm əhəmiyyəti nəzərə alınaraq, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi (2005-ci ildən) ötən dövr ərzində korrupsiya ilə əlaqədar hüquqpozmalara, o cümlədən, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaratma hallarına yol vermiş 34 hakim intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 8 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 4 nəfər aşağı vəzifəyə keçirilmiş, 7 hakimin isə iş yeri dəyişdirilmişdir.

Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq əhalinin müx­­təlif qruplarının, o cümlədən qadınların ədliyyə sisteminə əlçatanlığının təşviq olunması ilə bağlı mühüm addımlar atılır. Av­ropa Şurası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində hə­yata keçirdiyi “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Al­tı Şərq Tərəfdaşlığı ölkəsində qadınların ədliyyəyə çıxışının tək­­mil­ləşdirilməsi” regional əməkdaşlıq layihəsi bunlardan biridir.

Ədliyyə Akademiyası ilə əməkdaşlıqda layihə çərçivəsində son iki ildə 200-dək hakim, prokuror və digər hüquqşünaslar üçün “Qadınların ədalət mühakiməsinə çıxışının təkmilləşdirilməsi” mövzusunda bir sıra təlimlər keçirilmişdir. Təlimlər zamanı əda­­lət mühakiməsinə çıxış, qadın (insan) hüquqları, cinsi mənsubiyyətindən asılı olaraq diskriminasiyaya, ayrı-seçkiliyinə yol verilməməsi, gender stereotipləri və qərəzlilik, hakimlərin və prokurorların qadınların ədalət mühakiməsinə çıxışının təkmil­ləşdirilməsində rolu və digər aktual mövzular tədris edilmişdir.

Ədliyyə təsisatlarına əlçatanlığın əsas təminatlarından biri də əhalinin maarifləndirilməsi və onlara göstərilən hüquqi yardımdır. Bu sahədə nazirliyin aparatında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin, həmçinin regional ədliyyə idarələrinin yaradılması hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılmasına, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına və keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət etmişdir. Ötən dövrdə həmin qurumlar tərəfindən bölgələrdə yaşayan əhalinin hüquqi biliklərinin artırılması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilmiş və hüquqi yardım göstərilmişdir.

Bundan əlavə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası çərçivəsində nazirlik tərəfindən 10 regional pulsuz hüquqi məsləhət xidmətləri mərkəzləri yaradılaraq həmin dövrdə altı mindən çox aztəminatlı, xüsusilə məcburi köçkün vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilmişdir.

UNİCEF-in Azərbaycan Nümayəndəliyi ilə birgə “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərinin inkişafının dəstəklənməsi” layihəsinin həyata keçirilməsi də səmərəli olmuş, yerli ədliyyə və polis orqanlarının nümayəndələri 2014-2017-ci illərdə 2000-dən çox uşaq və valideynlərə birgə təmənnasız hüquqi xidmət göstərmişlər.

Görülən tədbirlər çərçivəsində həmçinin ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası çərçivəsində Ədliyyə Akademiyasının nəzdində hüquqşünaslara praktiki vərdişlərinin aşılanması və əhalinin az­tə­minatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi məq­sədilə Hüquq Klinikasının yaradılması xüsusilə qeyd olunmalıdır.

2013-cü ildən fəaliyyət göstərən bu Klinikada vətəndaşlara məhkəmələrə müraciət edilməsi üçün iddia ərizələrinin, vəsatətlərin, etirazların, şikayətlərin ünvanlanması, müxtəlif dövlət orqanlarına müvafiq ərizələrin tərtib edilməsi ilə bağlı köməklik göstərilmiş, hüquqi məsləhətlər verilmişdir.

Eyni zamanda, açıq hökumətin təşviqi, dövlət orqanlarının fəaliyyət istiqamətlərinə uyğun elektron xidmətlərin tətbiqi, vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlıqda ictimai iştirakçılığın geniş formalarından istifadə olunması əhalinin və onun müxtəlif təbəqələrinin müraciət imkanlarının asanlaşdırılmasında mühüm rol oynayır.

Bu gün ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə əhaliyə 31 elektron xidmət göstərilir, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq yeni e-xidmətlərin yaradılması ilə bağlı tədbirlər görülür. Təhlillər göstərir ki, təkcə cari il ərzində ədliyyə orqanları tərəfindən vətəndaşlara 4.7 milyona yaxın elektron xidmət göstərilmiş, onların içərisində şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, həmin sənəd olmadıqda isə adı, soyadı, ata adı və doğum tarixi barədə məlumatları daxil edərək fərdi identifikasiya nömrəsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, həmçinin valideynlərə uşaqlarına ad seçilməsində kömək məqsədilə Azərbaycan adları, onların mənşəyi və izahı, əhali arasında yayılma səviyyəsi və digər məlumatların verilməsi e-xidmətləri daha çox üstünlük təşkil etmişdir.

Həmçinin ən çox istifadəçisi olan 7 xidmətin proqram təminatı təhlükəsizlik, dayanıqlılıq və sürətlilik baxımından yenidən işlənilmiş, mobil cihazları dəstəkləyən daha rahat istifadəçi interfeysi hazırlanmışdır.

Xüsusilə qeyd olunmalıdır ki, göstərilən xidmətlərin keyfiy­yətinin artırılmasına ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendinə çevrilmiş ictimai xidmətlərin müasir modeli olan “ASAN xidmət” mərkəzləri böyük təkan vermişdir. Ölkədə hazırda 14 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, onlardan 5-i paytaxtda, digər 9-u isə regionlarda yerləşir.

Belə ki, “ASAN xidmət” Mərkəzlərində 10 dövlət orqanı tərəfindən qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəffaflıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsipləri əsasında 32 növ, o cümlədən qeydiyyat və notariat sahəsində xidmətlər göstərilir və bu da çox sevindiricidir ki, bu Mərkəzlərdə verilən sənədlərin 40%-dən çoxu ədliyyə qurumlarının payına düşür.

Bu sahədə islahatların davamı olaraq ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, vətəndaşların müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılması məqsədi ilə Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı hazırlanır. Bu da ədliyyə sisteminin müasir tələblərə uyğun təşkilinə, innovativ texnologiyaların geniş tətbiqinə, elektron ədliyyənin inkişafına və digər mühüm hədəflərə yönəlməklə, bütövlükdə Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir.

Toğrul Musayev,

Azərbaycan Respublikası

ədliyyə nazirinin müavini,

Dayanıqlı İnkişaf üzrə Milli

Əlaqələndirmə Şurasının üzvü

24 oktyabr 2018-ci il

iacca
help_az
iap
eplc