«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə» (2018-ci il üzrə)

 

Ədliyyə nazirinin müavini Vilayət Zahirovun

Azərbaycan Respublikasının Milli Məclisində çıxışı

  

Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

Azərbaycan Respublikası Konstitusiyanın, “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının müddəaları nəzərə alınmaqla “Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq “Bələdiyyələrin fəaliyyətinə İnzibati nəzarətlə bağlı (2018-ci il üzrə) illik məruzə” diqqətinizə təqdim olunur.

Yola saldığımız 2018-ci il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ötən il bir çox ictimai-siyasi, tarixi hadisələrlə, iqtisadiyyatda davamlı inkişaf, tərəqqi ilə yadda qalmışdır. 2018-ci il aprelin 11-də şəffaf və demokratik şəraitdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın ulu öndər Heydər Əliyevin siyasi kursuna yüksək inamını və etimadını, iqtidarla xalqın birliyini nümayiş etdirdi. Ötən il ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, Azərbaycan Parlamentinin, bir çox dövlət qurumlarının, o cümlədən Azərbaycan Ədliyyəsinin 100 illiyi də yaddaqalan tarixi hadisələrdəndir.

Dünyada və bölgəmizdə gedən proseslərdən, çətin və mürəkkəb geosiyasi şəraitdən asılı olmayaraq Azərbaycan uğurla inkişaf etmiş, ictimai-siyasi sabitlik təmin edilmiş, iqtisadiyyatda tərəqqi davamlı olmuş, bir sıra beynəlxalq və yerli əhəmiyyətli mühüm infrastruktur layihələri icra edilmiş, ölkəmiz bir çox möhtəşəm tədbirlərə ev sahibliyi etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Dünya Bankının "Doing business 2019" hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış və dünyanın 10 ən islahatçı dövləti sırasına daxil edilmişdir. Əldə olunan bu böyük uğurlar ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasətinin və yorulmaz fəaliyyətinin nəticəsidir.

Ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, idarəetmə sistemində səmərililiyin artırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.Dövlət idarəçiliyində öz yeri olan bələdiyyələrin inkişafı məsələləri də daim diqqət mərkəzində saxlanılaraq yerli özünüidarənin təkmilləşdirilməsi üçün bir sıra qanunlara dəyişiklik edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuş, bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Belə ki, "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Torpaq islahatı haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanunlara, Torpaq Məcəlləsinə və bir sıra başqa qanunvericilik aktlarına zəruri dəyişikliklər edilmişdir.

2018-ci il 13 fevral tarixində "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna edilmiş dəyişikliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli Qərarı ilə "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı" təsdiq olunmuşdur. Bu qaydalar vergiyə cəlb edilən daşınmaz əmlak və onun mülkiyyətçiləri barədə bələdiyyələrin məlumatlar almaq imkanını reallaşdıraraq əmlak vergisi ödəyicilərinin uçotunun aparılmasında və verginin toplanması işində onların imkanlarını artırmışdır.

"Məşğulluq haqqında" 2018-ci il 29 iyun tarixli Qanunda məşğulluq sahəsində yerli özünüidarə orqanlarının iştirakı ilə bağlı məsələlər də tənzimlənərək bələdiyyələr üçün bir sıra hüquq və vəzifələr müəyyən edilmişdir. Belə ki, bələdiyyələrə işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlərin təşkil edilməsi, yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əhalinin məşğulluğuna kömək göstərilməsi ilə bağlı əlavə təminatları nəzərdə tutan hüquqlar verilmiş, ailə kəndli təsərrüfatlarının uçota alınması və bununla bağlı müvafiq orqana məlumat verilməsinə dair bələdiyyələrin üzərinə vəzifələr qoyulmuşdur.

Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli Qanunu ilə "Bələdiyyələrin statusu haqqında" Qanuna edilmiş dəyişikliklə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli Qərarı ilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiq edilmişdir. Qərara görə, yerli icra hakimiyyəti orqanları qəbiristanlıqları aidiyyəti bələdiyyələrə təhvil verməlidirlər. Bu işlərin qanunauyğun və vaxtında yerinə yetirilməsinə metodik kömək məqsədi ilə bələdiyyələrə müvafiq tövsiyələr verilmişdir.

Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nəzərdə tutulan "Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması"na dair tədbirin icrası ilə bağlı bir sıra maarifçilik tədbirləri həyata keçirilmiş, kəndin inkişaf modelinin yaradılması məqsədi ilə 7 pilot bələdiyyə seçilmiş, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, aidiyyəti yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin təklifləri öyrənilərək onların nümayəndələrinin və ekspertlərin iştirakı ilə keçirilən iclasda zəruri qərarlar və İşçi qrupunun 2019-cu il üzrə İş planı təsdiq edilmişdİr.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında Ədliyyə Nazirliyi qarşısında yerli özünüidarəetmə orqanlarının kadr potensialının gücləndirilməsi, yerli özünüidarəetmə orqanlarının aparatlarında çalışan işçilərin Ədliyyə Akademiyasında kurslara, treninqlərə və təlimlərə cəlb edilməsi, xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi ilə bağlı vəzifələr müəyyən edilmişdir.

Yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onların inkişafı üçün daha əlverişli şərait yaratmışdır. Bələdiyyələrin çoxu yerli əhalinin maraqlarını təmin etmək üçün sosial-iqtisadi problemlərin həllində fəal iştirak etmiş, təmir-abadlıq işləri görmüş, qanunla onlara verilən maliyyə potensialını artırmağa çalışmışlar.

Yerli özünüidarəetmə orqanlarının qəbul etdikləri aktların Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğunluğunun və bütövlükdə bələdiyyələrin işində qanunçuluğun təmin edilməsi ilə bağlı zəruri tədbirlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması məqsədi ilə bu sahədə görülən işlər təhlil olunaraq Ədliyyə Nazirliyinin Kollegiyasında müzakirə edilmiş, mövcud çatışmazlıqların aradan qaldırılması, qarşıya çıxan problemlərin həll edilməsi üçün tapşırıqlar verilmiş və onların icrası təmin olunmuşdur.

Hesabat dövründə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 72535 bələdiyyə aktı (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 2077 akt) daxil olmuşdur (ötən illə müqayisədə 12 % çox). Aparılan hüquqi ekspertizanın nəticəsi üzrə 69775 (96 %) akt qanunvericiliyə uyğun hesab edilmiş, normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir (ötən illə müqayisədə 21,5% çox). Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 979 akt ləğv edilmiş, 1031 akt dəyişdirilmişdir. Bələdiyyələr tərəfindən təmin olunmayan təkliflər üzrə aktların dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 9 iddia qaldırılmışdır. Onlardan 4-ü məhkəmə tərəfindən təmin edilərək bələdiyyə aktları ləğv edilmiş, 5-i isə baxılmaqdadır.

İl ərzində 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır (ötən illə müqayisədə 2,2 dəfə çox).

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir (ötən illə müqayisədə 46 % çox).

2018-ci ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 2247 müraciətdən 1988-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmış, onlardan 82-si təmin edilmişdir (ötən illə müqayisədə 62 % çox).

Yerli özünüidarəetmə sahəsində əldə olunmuş tərəqqiyə baxmayaraq, bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilmişdir. İnzibati nəzarət icraatı qaydasında aparılmış 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılmış, digərləri isə baxılmaqdadır. Onlardan Quba rayonu Quba bələdiyyəsinin, İmişli rayonu Yalavac, Biləsuvar rayonu Xırmandalı, Hacıqabul rayonu Hacıqabul, Bərdə rayonu Samuxlu, Ağcabədi rayonu Kürdlər, Qazax rayonu Qazax, Balakən rayonu Balakən, Qabaqçöl, Xızı rayonu Xızı, Bakı şəhəri Sabunçu rayonu Bilgəh və Kürdəmir rayonu Sığırlı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində müvafiq maddələr üzrə cinayət işi başlanılmışdır.

Bələdiyyələrin fəaliyyətində aşkar edilmiş hüquq pozuntularının təhlili göstərir ki, həyata keçirilən tədbirlərə baxmayaraq, bir sıra xarakterik nöqsanlar, o cümlədən torpaq və maliyyə qanunvericiliyinin pozulması, bələdiyyə iclasının səlahiyyətlərinə aid məsələlər üzrə təkbaşına qərarlar qəbul edilməsi hallarına hələ də yol verilir. Törədilmiş cinayət əməlləri də daha çox belə pozuntularla bağlı olmuşdur.

Yerli vergi və ödənişlərin uçotu və yığımı yaxşılaşsa da, bu sahədə problemlər qalmaqdadır. Mədən vergisi ödəyicilərinin, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına da yol verilir.

Ölkə bələdiyyələrinin çoxu yerli sosial-iqtisadi problemlərin həllində fəal iştirak etsələr də, onların gördüyü işlər barədə ictimaiyyətə geniş məlumat verilmir. Bələdiyyələrin daha aktiv fəaliyyət göstərməsi üçün yaxşı iş təcrübəsinin mətbuatda işıqlandırılması və yayılması önəmli olduğundan, bələdiyyələrin milli assosiasiyalarına bu sahəyə diqqəti artırmaları barədə müraciət olunmuşdur.

Bələdiyyələrin sahibkarlıq fəaliyyətini həyata keçirməsi dövlət siyasəti ilə təşviq olunmasına, normativ hüquqi bazanın formalaşmasına baxmayaraq, bu sahədə təşəbbüskarlıq yetərli deyil. Təəssüf doğurucu haldır ki, bələdiyyələrin təsis etdikləri kommersiya hüquqi şəxslərinin böyük bir qismi fəaliyyət göstərmir, işləyənlərin bəziləri isə bələdiyyə büdcəsinə mənfəət vergisi ödəmirlər. Belə halların qarşısının alınması üçün tədbirlər görülür.

Bələdiyyələrin fəaliyyətinə metodik kömək göstərilməsi məqsədi ilə maarifçilik tədbirləri davam etdirilmişdir.

Hesabat dövründə Ədliyyə Akademiyasında 20 tədris kursu (695 dinləyici), Dövlət İdarəçilik Akademiyasında isə 1 kurs (25 dinləyici) təşkil edilmişdir. Göstərilənlərlə yanaşı, Ədliyyə Nazirliyi tərəfindən 210 seminar və təlim keçirilmiş və bu tədbirlərdə 8133 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak etmişlər. Maarifçilik tədbirləri əsasən aşağıdakı mövzular üzrə olmuşdur:

- Bələdiyyə aktlarının qəbulu və icrası;

- Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi;

- Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması;

- Strateji Yol Xəritəsinin icrasında bələdiyyələrin iştirakı;

- Bələdiyyələrdə və bələdiyyə müəssisələrində arxiv işinin təşkili;

- Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi və s.

Maarifçilik tədbirlərinin keçirilməsində dövlət orqanları ilə yanaşı, beynəlxalq qurumlarla da əməkdaşlıq edilmişdir. Belə ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində bələdiyyə üzvləri və qulluqçuları üçün Nazirliyin regional ədliyyə idarələri ilə birgə "Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi" mövzusunda 10 regional təlim keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Muxtar Respublika bələdiyyələrinin maarifləndirilməsi üçün keçirilmiş 14 seminarda 945 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.

Bundan başqa, Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının təşkilatçılığı ilə 27 bələdiyyə sədri ayrı-ayrı qruplarla Türkiyə, Latviya, Litva, Bosniya və Herseqovinada yerli özünüidarə orqanlarının təcrübəsi ilə yaxından tanış olmuşlar.

Ümumilikdə, il ərzində 249 maarifçilik tədbirləri keçirilmiş və bu tədbirlərdə 9825 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.

İl ərzində bələdiyyələr üçün 15 metodik vəsait və tövsiyələr hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilmişdir. Onlardan bəzilərini, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası", "Torpaqların münbitliyinin və əkin yerlərinin mühafizəsi", "Yerli özünüidarə sahəsində yeni normativ hüquqi aktlar", "Bələdiyyələrin normativ xarakterli aktlarının hazırlanmasına dair metodik göstərişlər", "Yerli büdcənin tərtibi", "Fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinin təyinatının pozulması hallarının qarşısının alınması", "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları haqqında" və digərlərini qeyd etmək olar.

Habelə, "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"nin 4 nömrəsi nəşr edilmişdir.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planından irəli gələrək Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hazırlanmış "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabı bələdiyyələrə təqdim olunmuş, Ədliyyə Nazirliyi kollegiyasının qərarına uyğun olaraq hazırlanmış "Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu" çap edilərək təqdimatı keçirilmişdir.

Ötən il bələdiyyələrin milli assosiasiyalarının da fəaliyyəti səmərəli olmuşdur. Assosiasiyaların bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumatların toplanması və sistemləşdirilməsi sahəsində gördüyü işlər diqqətəlayiqdir.

Assosiasiyaların nümayəndələri Milli Məclisin sessiyalarında və komitələrinin iclaslarında, yerli özünüidarə məsələləri üzrə qanun layihələrinin müzakirələrində iştirak etmiş, öz təklif və mülahizələrini bildirmişlər.

Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının təşkilatçılığı ilə 11 oktyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində "Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri" mövzusunda keçirilən konfransda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə əsasən hər il keçirilən "Yerli demokratiya həftəsi" ilə bağlı əvvəlki illərdə qazanılmış təcrübə, uğurlar geniş müzakirə edilərək yerli demokratiya həftəsinin bələdiyyə idarəçiliyində önəmi vurğulanmışdır. Müzakirələrin nəticəsi olaraq milli assosiasiyaların təşəbbüsü ilə oktyabrın 15-dən 21-dək "Azərbaycanda yerli demokratiya həftəsi" təşkil edilmişdir.

Yerli özünüidarə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilərək 2018-ci ildə də Avropa Şurasının, Avropa İttifaqının aidiyyəti qurumlarının, Dünya Bankının Avropa və Mərkəzi Asiya regional idarəsi və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir. Belə ki, Dünya Bankının Üçüncü Kənd İnvestisiyaları Layihəsi çərçivəsində “Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan tapşırıqla bağlı yaradılan pilot bələdiyyələrlə əməkdaşlıq məsələləri müzakirə edilmiş, yerli özünüidarəetmə fəaliyyəti və bu sahədə qadınların iştirakına dair Azərbaycanın təcrübəsi ilə tanış olmaq məqsədi ilə ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Yerli Hökumət Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilmiş, Avropa İttifaqının İqtisadi İnkişaf Naminə Merlər layihəsinin nümayəndə heyəti ilə əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə edilmişdir.

Hörmətli deputatlar!

Ötən il Milli Məclisin plenar iclasında, Regional məsələlər Komitəsinin ötən il və bu il yanvarın 25-də keçirilmiş iclaslarında illik məruzənin geniş müzakirəsi keçirilmiş, deputatlar tərəfindən bir sıra məsələlər qaldırılmış və təkliflər irəli sürülmüşdür. Qeyd etmək istəyirəm ki, qaldırılan hər bir məsələ diqqətlə öyrənilir, təhlil olunur və nəzərə alınır. Gələcək fəaliyyətdə də nəzərə alınacaqdır.

Yerli özünüidarəetmə orqanlarının işinin təkmilləşdirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi üzrə işlər davam etdirilir.

Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

 

edliyye2020az
iacca
help_az
iap
eplc