Hikmət Umudlu, 27 sentyabr 2018 İki Sahil

Azərbaycan ədliyyəsi - 100 illik şanlı tarix

Azərbaycan ədliyyəsi müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı və Azərbaycan ədliyyəsinin 100 illik yubileyini respublikamızda böyük ruh yüksəkliyi və Ulu Öndərə dərin minnətdarlıq hissi ilə geniş və təntənəli şəkildə qeyd etməyə hazırlaşır.

Bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin tarixi yazılmağa başlandı.

Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrləri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ədliyyə sistemi rejimin mahiyyətinə uyğun ciddi təsirlərə məruz qalmış, Ədliyyə orqanlarının dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törətmişdir.

Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr qəbul edilmiş, bütün bunlar Azərbaycan ədliyyəsinin gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci illərə - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin, onun qarşısında duran mühüm vəzifələrin miqyasının ciddi şəkildə genişlənməsinin hüquqi təsbiti, dövlətin hüquq siyasətini həyata keçirən orqan kimi cəmiyyətdə ciddi nüfuza malik olmasının göstəricisidir. 26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq fərmanlar imzalanmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” Qanunlar qəbul olunmuşdur. “Açıq hökumət” prinsiplərinin ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə saytlarının mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər də ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir.

Məhkəmə qərarlarının vaxtında və tam icra olunması həm də ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasının vacib şərtlərindəndir. Bunu nəzərə alaraq son illər ölkəmizdə məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə köklü islahatlar aparılmış, o cümlədən qanunvericilik bazası yeniləşdirilmiş və 2000-ci ildə Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidməti yaradılmışdır.

Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə 18 iyun 2010-cu ildə Milli Məclis tərəfindən “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Qanun qəbul olunmuş, bu qanunun tətbiq olunmasına və icra işinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsinə dair dövlət başçısı cənab İlham Əliyev tərəfindən 15 iyul 2010-cu il tarixdə əhatəli Fərman imzalanmışdır.

Qanuna edilmiş əlavələr bir sıra yeni anlayışları özündə ehtiva etmiş və bu terminlər əvvəlkilərdən özünün mütərəqqi əhəmiyyətinə görə fərqlənməklə, müasir beynəlxalq təcrübəyə əsaslanmışdır. Belə ki, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanunun adında dəyişiklik edilmiş, bu qanun “İcra haqqında” qanun, “baş məhkəmə məmuru” “baş icra məmuru”, “məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları” “icra məmurları”, “məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti” isə “icra xidməti” adlandırılmışdır.

Son illərdə icra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra qanunvericiliyi təkmilləşdirilir, İcra Məcəlləsinin layihəsi işlənib hazırlanır, müasir İKT-lərin və elektron xidmətlərin tətbiqi dairəsi genişləndirilir. İcra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün “Elektron icra” sisteminin icra qurumlarında tətbiqinə başlanılıb.

Azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə Probasiya xidməti təsis edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 dekabr 2017-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin ədliyyə orqanlarında işlə təminatı daim diqqətdə saxlanılır, onlara xüsusi qayğı ilə yanaşılır. Gənclər də öz növbəsində cənab nazir Fikrət Məmmədovun rəhbərliyi altında günü-gündən inkişaf edən və hüquq mühafizə orqanları arasında xüsusi yeri olan Ədliyyə Nazirliyində xidməti vəzifələrini layiqincə yerinə yetirmək üçün səylə çalışırlar.

Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin bariz nümunəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur. Peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha məsuliyyətlə çalışmaq əzmindədirlər.

Sonda bütün ədliyyə işçilərini Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edir, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

Hikmət Umudlu

Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru,

III dərəcəli ədliyyə qulluqçusu

iacca
help_az
iap
eplc