İlqar Məmmədov, 4 sentyabr 2018, 525-ci qəzet

Azərbaycan Ədliyyəsi: 100 ildə keçilən şanlı tarixi yol

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı, bəşəri inkişafın yaratdığı mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin nəhəng Şərqdə təməli atıldı.


Şərqdə yaranan bu ilk respublika həm də milli mədəniyyətimizin üzərində qurularaq, xalqımızın milli şüurunun inkişafını, milli varlığımızın qorunub saxlanmasını öz siyasətində prioritet məsələyə çevirdi.

Xalq Cümhuriyyəti yarandığı ilk dövrdən dövlət mexanizmini sürətlə formalaşdırılmağa başladı. Cümhuriyyətin ilk parlamenti və hökuməti yaradıldı. Eyni zamanda, yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirə bildi. Bu istiqamətdə hökumətlə yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə parlament tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə münasibətləri tənzimləyən, iqtisadiyyatın, mədəniyyətin, bütövlükdə cəmiyyətin inkişafını ehtiva edən 230-a yaxın qanun qəbul olundu.

Hüquq sisteminin inkişafına verilən əhəmiyyətə görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin tarixi yazılmağa başlandı.

Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmişdir. Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur.

Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir.

Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında" "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və digər qanunlar parlamentdə müzakirəyə çıxarılması da nazirliyin dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində apardığı işlərin mühüm göstəricilərindəndir.

Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 13 may 1920-ci il tarixdə Ədliyyə Nazrliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər Komissarlığa həvalə olunmuşdur. 1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə Komissarlığın fəaliyyəti bir xeyli məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etmişdir. 7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürülmüşdür.

Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin yenidən inkişafı Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamış və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini vermişdir. O dövrdən başlayaraq ədliyyə sistemi dövlət mexanizminin mühüm elementi kimi öz rolunu artırmış, hüquq-mühafizə fəaliyyəti, struktur formalaşması, digər orqanlarla qarşılıqlı əlaqənin səmərəli və operativ təmin edilməsi istiqamətində işlərin normativ və praktiki təşkili üzrə mühüm təcrübə formalaşmışdır. Həmin bu təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün mühüm baza rolunu oynamışdır.

SSRİ-nin dağılması ilə yenidən müstəqilliyə nail olmuş Azərbaycan xalqı tez bir zamanda dövlətçiliyin itirilməsi, Azərbaycanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıqda Ümummilli liderin yenidən hakimiyyətə gəlməsinə zərurət yaranmışdır. Azərbaycanda müstəqil dövlətin mövcud ola bilməsi və cəmiyyətin xaosdan qurtulması Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görülürdü. Beləliklə, anarxiya və müharibə şəraitində Heydər Əliyev hakimiyyətə qayıtdı. Ümummilli liderin yenidən hakimiyyətə gəlməsi ilə cəmiyyətin və dövlətin həyatında sürətli dəyişikliklər, quruculuq işləri başladı. Müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər, aparılan islahatlar bir-neçə il ərzində sabit və dinamik inkişaf xəttini tuta bilən dövlət aparatının formalaşmasına, bu inkişafa imkan verən qanuvericlik bazasının, hüquq sisteminin yaradılmasına səbəb oldu. Bu cür dinamik dəyişikliklər nəticəsində Ədliyyə Nazirliyi zəngin və şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin həyatında qanunçuluğun, hüququn aliliyinin, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində əsas rol oynayan orqanlardan birinə çevrildi.

Ümummilli liderin islahatların sürətlə aparıldığı bir dövrdə ədliyyə sisteminin dövlət mexanizmininin işləkliyinin təmin olunmasında oynadığı rola verdiyi əhəmiyyətə görədir ki, 11 noyabr 2000-ci il tarixli sərəncamla 22 noyabr-Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, Respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanmışdır. Bu sərəncamla dövlət başçısı özünün və dövlətimizin siyasətində mütərəqqi tarixi ənənələrin qırılmazlığına, milli şüurun, müstəqillik ideyasının inkişafına verdiyi diqqətin bir nümunəsini sərgiləmiş, ədliiyyə işçilərinin peşə fəaliyyətinin xalqımızın tarixində yer alan qürur verici hadisələrlə və ənənələrlə qırılmaz əlaqəsini hüquqi müstəvisinə ötürmüşdür. 16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması da dövlət başçısı tərəfindən ədliyyəyə verilən dəyərin göstərici idi. Ümummilli liderin təşəbbüsü əsasında muzeyin açılışı Xalq Cümhuriyyəti zamanından bu günə qədər gəlib çıxan ədliyyəmizin tarixi ənənəsinə varisliyin dövlət tərəfindən qəbul edilməsi adına atılmış önəmli və dəyərli addım olmuşdur.

Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin, onun qarşısında duran mühüm vəzifələrin miqyasının ciddi şəkildə genişlənməsinin hüquqi təsbiti, dövlətin hüquq siyasətini həyata keçirən orqan kimi cəmiyyətdə ciddi nüfuza malik olmasının göstəricisidir. 26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq Fərmanlar imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafı haqqında" Qanunlar qəbul olunmuşdur. Həyata keçirilmiş islahatlar nəticəsində Ədliyyə orqanlarına qəbul prosesi durmadan inkişaf etdirilmiş və 2006-cı ildən sonra isə ədliyyə orqanlarında xidmətə qəbul prosesi şəffaf müsabiqə yolu ilə aparılmağa başlanmışdır. Sənədlərin qəbul edilməsi prosesinin optimallaşdırılması və imtahan prosesinin internet üzərindən canlı yayımlanması ədliyyə orqanlarında qulluğa qəbulun təkmilləşdirilməsinin təzahürüdür. "Açıq hökumət" prinsiplərinin ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə saytlarının mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər də ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir.

Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamına əsasən isə Azərbaycanda ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiq olunmuş və icra edilməyə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işinin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynamışdır. Eyni zamanda, Azərbaycan Respublikasında aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri dərinləşmiş, dövlətimiz nüfuzlu beynəlxalq qurumlarda böyük uğurlara nail olmuşdur.

Onu da xüsusi vurğulamaq lazımdır ki, Ədliyyə Nazirliyi hüquq-mühafizə orqanı olmaqla yanaşı, qanun yaradıcılığında fəal iştirak edən orqan kimi ötən il ərzində cəmiyyətimizin inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 1300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlamış, bu qurum tərəfindən 2600-dən çox layihə hüquqi ekspertizadan keçirilmiş, əhalinin təmənnasız istifadəsinə verilmiş milli qanunvericiliyin e-qanun.az və huquqiaktlar.gov.az elektron reyestrlərinə 5.100 sənəd daxil edilmiş, həmin bazalara müraciət edənlərin sayı artaraq 740 mini ötmüşdür.

Əhalinin mütəmadi təmasda olduğu notariat orqanlarında xidmətin təşkili təkmilləşdirilmiş, notariat kontorlarının işi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulmaqla təşkil olunmuşdur. Təsadüfi deyil ki, rəsmiləşdirilən notariat hərəkətlərinin 90 faizdən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Ölkəmizdə notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariatın və elektron notariatın geniş tətbiqi notariat işinin səmərəli təşkilinə böyük töhfələr verir. Notariat orqanlarının işinin təşkilində əldə olunan nailiyyətlər Azərbaycandan kənarda da ciddi maraq doğurmuş, islahatlar və dəyişikliklər beynəlxalq qurumlar tərəfindən diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, hətta xarici dövlətlərin notariusları tərəfindən bu cür müsbət təcrübəyə xüsusi diqqət göstərilir və nail olunan yeniliklər onlar tərəfindən maraqla öyrənilir.

Azərbaycanda həyata keçirilən məhkəmə islahatları, o cümlədən, bu sahədə də tətbiq olunan yeniliklər beynəlxalq aləmdə böyük maraq doğurur və əldə olunan uğurlar hətta Azərbaycandan kənarda da təqdir edilir. Avropa Şurası dövrü nəşrlərində belə bu sahədə həyata keçirilən islahatların, görülən işlərin işıqlandırılmasına xüsusi yer ayırır, Azərbaycanda hakimlərin seçim prosedurunun şəffaflığı və obyektivliyi digər ölkələr üçün də örnək kimi dəyərləndirilir. Azərbaycan Respublikasında ədalət mühakiməsi sistemində aparılmış islahatlar, ölkəmizdə məhkəmələr üçün unikal infrastrukturun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqi beynəlxalq ekspertlər tərəfindən təqdirəlayiq nəaliyyət və qanunçuluğun təmin edilə bilməsini mümkün edən amillərdən biri kimi qiymətləndirilir.

Müasir Azərbaycanda hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı çevik və uzaqgörən dövlət idarəçiliyinin həyata keçirilməsinin bəhrəsidir. Ölkəmizdə ədliyyə sisteminin səmərəli inkişafı da dövlət başçısının rəhbərliyi ilə cəmiyyətimizin yeni qlobal çağırışlara uyğun inkişaf etdirilməsi, sosial-iqtisadi və mədəni inkişafının təmin olunması ilə üzvü əlaqədə baş verir. Bütün bunlar ictimai həyatımızın bütün sahələrində tərəqqinin və yüksəlişin bariz nümunəsi olmaqla vətəndaşlarımızda öz dövlətinə görə yüksək iftixar hissi doğurur. Artıq Azərbaycan xalqı cəmiyyətin davamlı inkişafını, qanunçuluğun, hüquq və azadlıqların dönmədən təmin olunmasını həyatımızın reallığı kimi qəbul edir ki, bu da ictimai şüurda dövlətə, ölkənin rəhbərliyinə olan güclü inamın bariz göstəricisidir.

İlqar MƏMMƏDOV

Fəlsəfə elmləri namizədi, Bakı şəhəri 11 saylı Notariat kontorunun notariusu

525-ci qəzeti, 4 sentyabr 2018-ci il

iacca
help_az
iap
eplc